İMO-nun yeni gəmiçilik qaydaları 1 yanvar 2026-cı ildən qüvvəyə minib
Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) əsas konvensiya və kodekslərinə edilən bir sıra dəyişikliklər 1 yanvar 2026-cı ildən qüvvəyə minib. Yeni qaydalar dənizdə təhlükəsizliyin artırılmasına, ekoloji risklərin azaldılmasına və heyətin müdafiəsinin gücləndirilməsinə yönəlib.
Seanews.az xəbər veririr ki, dəyişikliklərə əsasən, “STCW Kodeksi” dənizçilər arasında zorakılıq, təzyiq və cinsi zorakılığın qarşısının alınması ilə bağlı məcburi tələblərlə gücləndirilib. Eyni zamanda “STCW-F Konvensiyası” və “STCW-F Kodeksi” çərçivəsində balıqçı gəmilərinin heyəti üçün hazırlıq və sertifikatlaşdırma standartları yenilənib.
Yeni qaydalar dənizdə itirilən konteynerlər barədə məcburi məlumatlandırmanı da nəzərdə tutur. Bu məqsədlə “MARPOL Konvensiyası” və “SOLAS Konvensiyası”na dəyişikliklər edilib və kapitanların itki barədə yaxınlıqdakı gəmilərə, sahilyanı dövlətə və bayraq dövlətinə dərhal məlumat verməsi tələb olunur.
Bundan başqa, “SOLAS Konvensiyası” çərçivəsində yeni tikilən konteyner və quru yük gəmilərində elektron inklinometrin quraşdırılması, göyərtədə qaldırıcı mexanizmlərin və lövbər vinçlərinin təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunub. Yanacaqla bağlı dəyişikliklər alovlanma temperaturu tələblərinə nəzarəti gücləndirir.
Qaydalar həmçinin “Qütb Kodeksi”, “IMDG Kodeksi”, “ESP Kodeksi”, “IGF Kodeksi”, “IGC Kodeksi” və “LSA Kodeksi” üzrə yenilikləri əhatə edir. Yanğınsöndürmə sistemlərində PFOS tərkibli maddələrin istifadəsi qadağan olunub, avtomobil və ro-ro göyərtələrində yanğın təhlükəsizliyi tələbləri isə sərtləşdirilib.
IMO bildirib ki, bu dəyişikliklər qlobal gəmiçilikdə təhlükəsizlik standartlarının yüksəldilməsinə və ətraf mühitin qorunmasına xidmət edir.


