Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Əgər Bakı nefti olmasaydı...

 

Ümummilli liderimiz Heydər Əliyev alman faşizmi üzərində qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətlərindən danışarkən demişdir: “Əgər Bakı nefti olmasaydı, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi.”

Bəli, Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət, fədakarlıq nümunələri göstərmişdir.

Uzun illər SSRİ-nin neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov da təsdiq edirdi ki, azərbaycanlılarsız Sovet İttifaqının alman faşizmi üzərində qələbəsi sual altında qala bilərdi. O demişdir: “ Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. Qırxıncı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü.”

Bəli, faşizmlə ölüm-dirim savaşı illərində ölkədə istehsal edilən neftin 70-75 faizi, benzinin 85-90 faizi azərbaycanlıların fədakarlığının bəhrəsi idi. 1941-1945-ci illərdə Azərbaycan cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi...

Həmin illərdə Bakı neftinin nə demək olduğunu düşmənlər də yaxşı anlayırdılar. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahının planında Qafqazın, ələlxüsus Bakının işğalı mühüm yer tuturdu. Plana görə, Bakı 1941-ci il sentyabrın axırınadək almanların əlində olmalıydı.

Qələbənin əldə olunmasında Azərbaycan dənizçilərinin misilsiz xidməti olmuşdur. Dənizçilərimiz müharibənin ilk günlərindən faşizmə qarşı amansız döyüşlərə atılırlar. Təkcə iyunun 24-də 67 kapitan, kapitan köməkçisi və baş mexanik, 160 matros, 18 operativ işçi  cəbhəyə yola düşür. Ümumilikdə, üzən heyətin təxminən 45 faizi, Gəmiçiliyin radio mərkəzləri və telefon qovşaqlarında çalışanların isə əlli faizi savaşın ilk ayında səfərbərliyə alınır. Gəmiçilik ilk gündən gərgin iş rejiminə keçir.


Dənizçilər  əlavə yüklər daşıyır, limançılar yük əməliyyatlarını fasiləsiz həyata keçirir, gəmi təmirçiləri nəqliyyat vasitələrini vaxtından əvvəl təmir etməklə yanaşı, silah-sursat istehsal edirlər.

Gəmilərdə, zavodlarda, limanlarda müharibə dövrünün çoxyüzçüləri, çoxdəzgahçıları, staxanovçuları meydana çıxır.

Xəzər neft donanması və quru yük daşıyan donanmaların bir çox gəmi heyətləri zavod təmirinə dayanmadan üzürlər.

Müharibə başlayanda Xəzərdə donanmalara malik üç gəmiçiliyin 36 quru yük gəmisi, 58 tankeri, 64 yedək gəmisi və 120 neftdaşıma və quru yük barjı var idi. Maye yanacaq daşınması ilə “Xəzərtanker” və “Reydtanker” gəmiçilikləri məşğul olur. “Kaspflot”un gəmiləri quru yüklər daşıyır.

Daşınılan yüklərin tərkibi və təyinatı da kəskin şəkildə dəyişir. Xəzərin dəniz yolları bütün ölkə, bütün cəbhə üçün müstəsna əhəmiyyəti olan kommunikasiyaya çevrilir. İntensiv qaydada qoşun, döyüş texnikası və yanacaq daşınır. Yaralıların, faşistlər tərəfindən dağıdılmış şəhər və kəndlərin sakinlərinin təhlükəsiz ərazilərə köçürülməsində də dənizçilərimizin xidməti böyük idi. SSRİ Dəniz Donanması Xalq Komissarlığının göstərişi ilə sərnişin daşımaq məqsədilə “Kaspflot”a 11 tanker ayrılır. «Dağıstan», «Türkmənistan», «Qırğızıstan» gəmilərini yaralıları daşımaq üçün üzən qospitala çevirirlər. Bütün nəqliyyat donanmasından, hətta dinc quruculuq dövründə yararsız hesab edilən gəmilərdən də istifadə olunur.

1941-ci il iyunun 28-də “Kaspflot”a 12 min nəfərlik ordu hissəsini və 8 min ton hərbi-strateji əhəmiyyətli yükü Krasnovodskdan (Türkmənbaşı) Bakıya çatdırmaq tapşırığı verilir və vaxtında yerinə yetirir. İyulda SSRİ-nin işğala məruz qalan qərb rayonlarından təxliyyə edilən əhalinin Qərbi Qazaxsıtana daşınmasına başlanılır. Qısa vaxtda 9 mindən çox adam yeni yaşayış yerlərinə çatdırılır.

Çoxtonnajlı “VKP(b)”, “Jdanov”, “Azərbaycan”, “Profintern” tankerləri hər səfərdə göyərtəsinə 4500-5000 adam qəbul edir. Müharibənin ilk altı ayında 100 mindən çox adam daşınır.

1941-ci ilin payızına qədər Ukraynanın və Şimali Qafqazın taxıl məhsullarının Orta Asiyaya çatdırılması üçün  “Kaspflot”a hər ay Mahaçqaladan Krasnovodska 50 min ton taxıl daşımaq tapşırığı verilir.

1941-ci ilin payızında Xəzər dənizçiləri “Rosselmaş” zavodunun 24 min tondan çox avadanlığının şərqə daşınması tapşırığının öhdəsindən gəlirlər. Novoçerkask dəzgahqayırma zavodu, Rostov parovoz zavodu, Xarkov motosikl zavodu  kimi bir çox iri sənaye müəssisələrinin işçilərinin və avadanlıqlarının Bakı limanı vasitəsilə ölkənin şərq rayonlarına daşınmasında da Xəzər dənizçiləri böyük rol oynayırlar.

“Kaspflot” həmin vaxt Bakıdan Həştərxana Volqa-Ural neft hövzəsi üçün nəzərdə tutulan  15 min ton xüsusi avadanlıq daşıyır...

Bütün bunlarla yanaşı, dənizçilərimiz cəbhəni fasiləsiz neft məhsulları ilə təmin edirlər. Tankerlərlə Bakıdan Həştərxana çatdırılan neft və neft məhsulları burada çay gəmilərinə boşaldılaraq, döyüş bölgələrinə göndərilir. Faşist komandanlığı Qızıl Ordunun yanacaqla təmin olunduğu bu əsas yolun sıradan çıxarılmasına çalışır. 1942-ci il iyunun 20-də Volqanın mənsəbi üzərində ilk faşist qırıcı təyyarələri görünür və Həştərxan reydində dayanan barjlarımızı atəşə tutur. Naviqasiya bitənə qədər alman aviasiyası Həştərxana 200-dən çox hava zərbəsi endirir.

Xəzər Hərbi Dəniz Donanmasının üzən zenit batareyaları düşmənlə Volqa-Xəzər neftdaşıma yolu uğrunda kəskin mübarizə aparırlar. Bundan başqa, düşmənin hücumlarını dəf edə bilməsi üçün nəqliyyat gəmilərimiz də xüsusi zenit qurğuları ilə təchiz edilir.

Şimali Qafqazın işğalından sonra dənizçilər neft dolu çənləri xüsusi quraşdırılmış dəmir yolu vasitəsilə Xəzərə endirir və oradan yedək gəmisi ilə Krasnovodska daşıyırlar.

Bundan sonra Xəzər dəniz yolu - neft daşıyan gəmilərimiz düşmən aviasiyasının əsas hədəfinə çevrilir.  Lakin gəmilərimiz düşmən aviasiyasının hücumları altında belə səfərlərinə ara vermir, hər gün əsl qəhrəmanlıq səhifəsi yazırlar. 

Ordunun zəfərləri cəbhəni yanacaqla təmin edən Xəzər dənizçilərinin şücaətindən çox asılı idi. Dövlət Müdafiə Komitəsinin tapşırığına görə Xəzər dənizçiləri Bakıda istehsal olunmuş yanacaq və sürtkü yağlarını nəyin bahasına olursa-olsun Volqaya çatdırmalı, Bakı- Həştərxan-Stalinqrad neft konveyeri fasiləsiz işləməli idi.

Dənizçilərimiz dünya təcrübəsində ilk dəfə olaraq neftlə doldurulmuş sisternləri gəmilərin yedəyinə alıb aparırlar. Bu üsulla Bakıdan Krasnovodska neftlə dolu dəmiryol sisternləri, Mahaçqaladan Krasnovodska hər birinin ağırlığı beş ton olan neft çənləri daşıyırlar.

Artıq dənizçilərimizin əksər səfərləri düşmən aviasiyasının hücumları altında keçir. Məsələn, “Lenin” tankeri top atəşi ilə düşmən aviasiyasının 4 hücumunu dəf edir.  “Azərbaycan” tankeri Həştərxan dəniz reydində alman təyyarələrinin şiddətli basqınına məruz qalır. Təyyarələr hər iyirmi-otuz dəqiqədən bir tankerə və barja atəş açırlar.

“Profintern” tankerinə dəniz reydində doqquz alman təyyarəsi hücum edir. Nəqliyyat və hərbi gəmilərdə qoyulmuş toplarla təyyarələrin hücumlarını dəf etmək mümkün olmur. Bombardmanlar nəticəsində 11, 33, və 75 saylı barjlar dənizdə batır. 

Eyni intensiv həmləyə “Ağamalıoğlu” tankeri də məruz qalır...

Həmin illərlə bağlı Xəzər tanker donanmasının rəisi Mahmud Cəfərov xatirələrində belə yazırdı: “Gəmilər işıq siqnalı olmadan hərəkət edirdi. Nə limanlarda, nə də reyddə işıq yox idi. Təcrübədən və intuisiyadan istifadə edərək yol gedirdilər. Dənizçilər iki gün fasiləsiz növbə çəkirdilər. Hərdən onların yorğun, əzgin çöhrəsinə baxıb təəccüb edirdim ki, bu qədər qüvvəni, dözümü, iradəni haradan alırlar.”

1942-ci ilin yayında üç Sibir diviziyasını Həştərxan dəniz reydindən Mahaçqala limanına daşımaq barədə göstəriş almışdılar. Bu tapşırığın yerinə yetirilməsinə iri tankerlərlə yanaşı, “Volqa”, “Krestyanin”, “Raboçi”, “Valeri Çkalov” kimi orta həcmli tankerlər də cəlb edilir. Diviziyalar Qroznıya vaxtında çatdırıldığından faşistləri dayandırmaq mümkün olur.

Sovet İttifaqı marşalı A.A. Qreçkonun yazdığı kimi, Xəzər kommunikasiyası faşistlər Qafqazdan qovulanadək mühüm kommunikasiya olaraq qalırdı. Çünki o vaxt bu kommunikasiya ölkəmizin şərq və mərkəzi rayonlarından Zaqafqaziyaya yeganə mühüm yük yolu idi. Qafqaz sıra dağlarının ətəklərini işğalçılardan təmizləməyə, bütün Şimali Qafqazı azad etməyə xeyli kömək etmiş qüvvələr məhz həmin yolla Qafqaza gətirilimişdi. (bax: “Bitva za Kavkaz”, səh. 266 – 267).

Sovet Ordusunun Stalinqrad ətrafında 300 minlik faşist qoşunları qrupunun mühasirəsi ilə başa çatan əks-hücumu  hazırlanarkən “Xəzərtanker” DMK-nın 1942-ci il 19 oktyabr tarixli qərarına əsasən şimala 36400 ton yanacaq daşımalı idi. Bunun üçün Həştərxanda naviqasiya bağlalanadək çox az vaxt verilmişdi. Dənizçilər həmin səfərləri Xəzər Hərbi Donanmasının gəmilərinin müşayiəti ilə keçirirdilər. Budur, gəmi jurnallarından 1942-ci ilin avqustunda Həştərxan dəniz reydində işləri xarakterizə edən çıxarışlar:

“Lenin” tankeri, 7 avqust. Saat 18:13 dəqiqədə döyüş həyəcanı . 7 təyyarənin basqını...”.

“VKP(b)” tankeri, 23 avqust: “Neft məhsulları boşaldılanda hərbi hissə və döyüş texnikası yüklənərkən saat 10:50 dəqiqədə “YU-88”-in  basqını. İki bomba atdı. Bacarıqla manevr edildiyindən bombalar tankerə düşmədi. Gəmi artilleriyasının atəşi ilə düşmən təyyarəsinin basqını dəf edildi”. Tankerin kapitanı “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuş Fətulla Fətullayev idi.

1942-ci il oktyabrın 27-də Həştərxana çatdırdığı 10 min ton benzini boşaldan “Ağamalıoğlu” gəmisi düşmən aviasiyasının hücumuna məruz qalır.“Ağamalıoğlu” tankerinə dörd bombardmançı basqın edir. Düşmənin atdığı  15 bombadan biri tankerin arxa tərəfinin yaxınlığında düşür, ikinci bomba sağ bortun kənarında partlayır. Gəmi manevr edərkən saya oturur.  Növbəti bomba komandir körpüsünə düşənədək düşmənlə ölüm-dirim savaşı gedir. Gəmidə yanğın başlayır. Topçular dəstəsi həlak olur. Tankerin ağır yaralanmış kapitanı Əlibala Rəcəbov və bosman R. Mışkin öz postlarını tərk etmirlər.            Yaxınlıqda olan “Jdanov” gəmisi hava hücumunu dəf edərək “Ağamalıoğlu” gəmisinin köməyinə gəlir.Lakin “Jdanov” tankerə yaxınlaşana kimi heyət təcrübəli kapitanın rəhbərliyi ilə yanğını söndürə bilir.

Lakin həmişə böyük itkilərsiz ötüşmək mümkün olmur. Məsələn, “Kaspflot”un Bakıdan Krasnovodska mühüm yük aparan “Molot” gəmisi 18 nəfərlik heyətlə 1942-ci il oktyabrın 24-də dənizdə yoxa çıxır. Oktyabrın 27-də isə düşmən aviasiyası “Kuybışev” gəmisini bütün heyəti ilə birlikdə dənizin dərinliklərində qərq edir...

Təkcə 1942-ci il naviqasiyası dövründə Xəzər ticarət donanmasının 46 gəmisi düşmən təyyarələrinin hücumuna məruz qalır, bu gəmilərin 14-ü batır. Bütün bunlara baxmayaraq, dənizçilərimiz ölümün gözünə dik baxa-baxa daşımalarla bağlı bütün tapşırıqları mətanətlə yerinə yetirirlər.

1942-ci ilin sonu, 1943-cü ilin əvvəlləri Xəzər dənizçiləri üçün həm də Stainqrad döyüşləri ilə əlaqədar sınaq ili olur. İstər hərbi yüklərin, istərsə də neft məhsullarının döyüşən Stalinqrada çatdırılmasında dənizçilərimiz, sözün əsil mənasında, qəhrəmanlıq göstərirlər. Hətta Həştərxan rayonunda Volqa çayının donmasından sonra buzu dinamitlə partlatmaqla Stalinqardın müdafiəçilərinə 100 min ton maye yanacaq çatdırılır.

...Azərbaycan dənizçilərinin müharibə illərində hansı gərginliklə işlədiklərini sübut edən digər faktlar da vardır. Məsələn, 1942-ci il iyulunda xalq dəniz donanması komissarı Dövlət Müdafiə Komitəsinin qərarını Bakıya çatdırır: “Hökumətin qərarı ilə Bakıdan Krasnovodska bir ay ərzində 100 parovoz və 500 neft çəni daşınsın. Daşımalar tankerlərlə həyata keçirilsin”.

Orta tonnajlı “Volqa”, “Fəhlə”, “Kəndli” tankerləri və iritonnajlı “Komintern”, “Sryupa” və “ÜK(b)P” gəmiləri dərhal hökumətin bu tapşırığının vaxtında yerinə yetirilməsinə cəlb edilir.  Dövlət Müdafiə Komitəsinin  Bakı və Qroznı şəhərlərindən 1942-ci ilin sentyabrında Krasnovodska 500 000 ton, oktyabrda 600 000 ton, noyabrda artıq 800 000 ton yanacaq daşınması tələbi isə donanmamızın yükdaşıma imkanlarını dəfələrlə üstələyir. Gəmi çatışmır. Gəmiçiliyin zavodlarında gəmilər inşa etmək qərara alınır. Vano Sturua adına zavod 100 ton yükgötürmə qabiliyyətinə malik 11 dəmir-beton şxunun,  “Paris Kommunası” adına zavod isə 3 taxta yedək gəmisinin inşasına başlayır...

Rəşadətli əməyinə, qəhrəmanlığına və igidliyinə görə Azərbaycan Xəzər Dəniz  Gəmiçiliyinin 1534 işçisi SSRİ-nin orden və medalları ilə təltif olunur.

PS.Bəli, Azərbaycan nefti, bir də neftçilərimizin min cür əziyyətlə istehsal etdikləri  “qara qızıl”ı  düşmən aviasiyasının  həmlələri altında cəbhəyə  çatdıran dənizçilərimizin əfsanəvi fədakarlığı olmasaydı, alman faşizminin zülmündən əziyyət çəkən heç bir ölkəyə qələbəni qeyd etmək müyəssər olmazdı. Ən qəribəsi isə budur ki, həmin ölkələrin əksəriyyəti bu gün erməni faşizminə göz yumur... Təəssüf, çox təəssüf!

 

Rasif TAHİROV - "DƏNİZ" QƏZETİNİN BAŞ REDAKTORU


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır