Gəmiçilik onun ikinci evi olub
Belə bir deyim var ki, “İnsan evindən işinə, işindən isə evinə sevinə-sevinə gedirsə, dünyada ondan xoşbəxti yoxdur”. Əgər bu belədirsə, onda əminliklə söyləmək olar: Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin veteran işçisi İzafət Cəlal oğlu Məmmədovun bəxti gətirib, o, məhz belə xoşbəxt insanlardan biri olub.
İzafət Cəlal oğlu Məmmədov 1950-ci il aprelin 15-də Ucar rayonunun kəndində – Əlikənddə anadan olub. Səkkizillik təhsilini də 1956–1964-cü illərdə Əlikənd orta məktəbində alıb. Sonra Ucar şəhərinin 2 №-li tam orta məktəbində onillik tədris proqramını başa vurub.
Ali təhsil almağa tələsməyib, 1966–1968-ci illərdə Ucar şəhərində müxtəlif işlərdə çalışıb. 1968-ci ilin oktyabrında Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılıb. 1970-ci ilin noyabrında hərbi xidmətdən qayıdarkən sinəsini artıq “Hərbi rəşadətə görə” medalı bəzəyib.
Gənc İzafət hərbi xidmətdən sonra Bakıya, o zaman Xəzər Dəniz Gəmiçiliyinin Dadaş Bünyadzadə adına Gəmi təmiri zavodunda işləyən böyük qardaşı Qəzənfərin yanına gəlib və onun tövsiyəsi ilə zavodda işə düzəlib.
1971-ci ilin yanvarında fəhlə kimi əmək fəaliyyətinə başlayan İzafət Cəlal oğlu ali təhsil almaq arzusunu da elə həmin ildə reallaşdırıb – Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun axşam şöbəsinə daxil olub. Beləliklə, həyatında yeni mərhələ başlayıb. İşləyib-oxumaq asan olmasa da, o, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün daim üzərində işləməkdən usanmayıb: ali təhsil müəssisəsini 1976-cı ildə “Maddi-texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması“ ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
Zəhmətsevər, əzmkar və məsuliyyətli gənc tədrisdəki uğurları ilə bərabər, zavodda da nailiyyətlər qazanaraq doğmalarını sevindirə bilib: böyük mühəndis vəzifəsinədək yüksəlib.
1977-ci ilin noyabrı məqsədyönlü gəncin həyat kitabında yeni səhifə açıb. O, Gəmiçiliyin Mənzil-kommunal təsərrüfatı idarəsində sahə rəisi vəzifəsinə təyin olunub. Seçim vaxtı namizədlərin stajı və iş təcrübəsi, həm də əsas məziyyətləri nəzərə alınıb: yüksək təşkilatçılıq qabiliyyəti, nəticəyə hədəflənmiş fəaliyyət, möhkəm iradə, tələbkarlıq və məsuliyyət.
Bu məziyyətlərin hamısını maksimal səviyyədə özündə ehtiva edən İzafət Məmmədov çox tezliklə tapşırılan işlərin icraat keyfiyyəti və sürəti ilə Gəmiçilik rəhbərliyinə namizəd seçimində yanılmadıqlarını sübut edib, necə deyərlər, ona göstərilən etimadı tam doğruldub. Səlahiyyətlərinin öhdəsindən bacarıqla gəldiyini isə adıçəkilən qurumda 22 il çalışaraq sahə rəisliyi vəzifəsindən idarə rəisi vəzifəsinədək yüksəlməsi faktı təsdiqləyir.
Burada kiçik bir arayış verməyə dəyər: 1998-ci ildə Mənzil-kommunal təsərrüfat idarəsi Gəmiçiliyin Bakının 8 rayonunda qərarlaşmış 220 binadan ibarət yaşayış fondu ilə bərabər, 6 uşaq bağçasına, 9 yataqxanaya, habelə Mərdəkan və Şüvəlan qəsəbələrindəki uşaq sağlamlıq mərkəzlərinə, Dənizçilərin səfərlərarası yataqxanasına və Xaçmaz rayonunun Muxtadır qəsəbəsindəki istirahət bazasına xidmət göstərib.
Belə bir təsərrüfatı və onun əhatə dairəsini göz önünə gətirdikdə anlayırsan ki, onun idarə və istismar edilməsi rəhbər işçidən necə böyük enerji, peşəkarlıq və stresə davamlılıq tələb edir.
İzafət müəllimin bilavasitə rəhbərliyi altında işləmiş əməkdaşlardan eşitmişdim ki, işçiyə qarşı çox tələbkardır. Bunun şahidi olan birisi kimi təsdiqləyirəm: bəli, tələbkardı. Ancaq həqiqət naminə demək lazımdır ki, təlabkarlığı təkcə işçilərə şamil edilmirdi. O, özünə qarşı da belə idi. İzafət müəllim dünyagörüşünün əhatəliyi, ana və rus dillərində natiqlik məharəti, asanlıqla ünsiyyət qurmaq bacarığı ilə seçilirdi və bu, ondan irəli gəlirdi ki, gəncliyində çətinlikləri maneə kimi deyil, məhz ona meydan oxuyan şərait kimi qəbul etməyi öyrənmişdi. Belə şəraitin dəyişdirilməsi isə insanın öz əlində olub, onun israrından, özünə qarşı tələbkarlığından asılıdır.
Onu da əməkdaşlarından eşitmişəm ki, İzafət müəllim tələbkar olduğu qədər də işçiyə münasibətdə qayğıkeş, çətin vaxtlarda isə ilk köməyə gələnlərdən olub.
İzafət Məmmədov 1999-cu ilin sentyabrından Gəmiçiliyin İnzibati təsərrüfat şöbəsinin rəisi olaraq 2013-cü ilin fevralınadək bu vəzifədə çalışıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC təsis ediləndən sonra İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri departamentinin rəisi, 2015-ci ilin mart ayının 29-dan 2020-ci ilin iyul ayının 1-dək – təqaüdə çıxanadək İnzibati işlər və vətəndaş müraciətləri ilə iş üzrə departamentinin təsərrüfat işləri üzrə aparıcı mütəxəssisi vəzifəsində işləyib.
Gəmiçiliyin ictimai həyatında həmişə fəal olan İzafət müəllimə həmişə böyük etimad olub. O, 2005–2021-ci illərdə YAP Səbail rayonu “Xəzər dənizçiləri” ərazi ilk təşkilatının sədri olub.
İzafət Cəlal oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. O həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)” yubiley medalı ilə təltif edilib, “Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görülüb.
Bu gün Gəmiçiliyin veteran işçisi İzafət Cəlal oğlu Məmmədov əlamətdar tarixi – 75 illik yubileyini qeyd edir. Ömrünün 50 illini bilavasitə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə həsr edən İzafət müəllimi yubileyi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımızı çatdırırıq.
Qoy nikbinlik, həyatsevərlik daim nəsibi olsun, əzizlərinin qayğısı, dostlarının diqqəti ömürboyu İzafət müəllimi müşayiət etsin!
Sevda Abdullayeva,
İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi