Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Hər şeyə rəğmən...

İki alpinist – optimist və pessimist uçuruma aşır.

Pessimist: Yıxılıram.

Optimist: UÇURAAAM!!!  

Bu ilin yazından həyatımız dəyişib. Onu dəyişdirən isə gözlə görünməyən virusdur. Sözün əsl mənasında sağlamlığımıza təhdid, fəaliyyətimizə, maraq dünyamıza, mənəviyyatımıza təsir göstərir.   

Sağlamlıq məsələsinə gəldikdə, uşaqlıqdan eşitmişik: “İnsanın sağlamlığı öz əlindədir”. Düzdür, onda belə xəstəliklə qarşılaşmamışdıq, amma yenə də:  “Özünü qoruyanı Allah qoruyar”. Gigiyena qaydalarına əməl etmək, ictimai yerlərdə məsafə saxlamaq, maska-əlcək taxmaq imkanı özümüzdədir. Bəs məsuliyyət hissi necə?

Yaddan çıxarmırıq ki, əzizlərimizin, qohum-qonşumuzun, əməkdaşlarımızın, bir sözlə, toplum olaraq xalqın sağlamlığı həm də hər birimizin məsuliyyətidir. Xüsusi karantin rejiminin tətbiqi məhz bizim sağlamlığımızın qorunması, virusun yayılmasının qarşısını almaq üçün atılmış addımdır.

Bilirsinizmi?

Karantin Orta əsrlərdə Venesiyada tətbiq edilib. O dövrdə profilaktika məqsədi ilə səyahətçiləri xüsusi adada  yerləşdiriblər.

“Karantin” termin olaraq öz adını 40 rəqəmindən (ital. quaranta) alıb. Bu rəqəm tibbi deyil, dini məna yükü ilə seçilib. Belə ki, yəhudilərin Misirdən çıxışı 40 gün çəkib. İsa Məsih səhrada 40 gün sınağa çəkilib, Pasxa öncəsi başlayan Böyük Pəhriz 40 gün davam edir.

İtalyan dilində “karantin” (quarantena) və “Böyük pəhriz” (Quaresima) bir-biri ilə həmahəngdir.

Beləliklə, karantin məhz əsrlərboyu öz kəsərini təsdiqləmiş tədbir olduğundan bu gün də tətbiq edilir. Karantin rejimi nə qədər baha başa gəlsə də, dövlət başçımız əhalinin qayğısına qalaraq onun müddətini uzadır. Əhalidən isə yalnız  karantin qaydalarına riayət etmək tələb olunur. Odur ki, bizdən asılı olanı edək, qalan hallarda isə göydə Allah, yerdə həkimlər bizə kömək olsun.

Hər şey yaxşılığa doğru

Pandemiyanın fəaliyyətimizə təsiri ilə artıq barışmışıq. Evdə işləmək çətin olsa da (lazımı arxiv materiallarının, soraqçaların və s.-nin əsas iş yerində olması, kompüterlə bağlı məsələlərdə İT işçisinə ehtiyacın yaranması və... burada hər kəs özünün fəaliyyət sahəsində üzləşdiyi çətinlikləri göstərə bilər), gerçəklik müəyyən məhdudiyyətlər yaratsa da, işləmək mümkündür. Yeni şəraitdə işləmək isə yeni bacarıqlar tələb edir və bununla əlaqədar belədeyim yada düşür: “Güclü fırtınaya davam gətirən ağaclar ən möhkəm və gözəl ağaclara çevrilir”.  Keçdiyimiz sınaqlar  bizim inkişaf etməyimizə və  daha yaxşı olmağımıza imkan verir

Minnətdarlıq

Özünütəkmilləşdirmə haqqında bir çox kitab və treninq proqramlarının müəllifi olan İsxak Pintoseviç karantində bir çox insanların həyacan keçirdiyini qeyd edərək yazır ki, insan beyni kompüterin əməliyyatlar sistemi kimi işləyir. Belə ki, insana xaricdən müxtəlif stimullar təsir göstərəndə, baş verənləri özü üçün araşdırıb qərar qəbul etməli olur – nə etməli?

Hazırda bir çox “kompüter”lərdə İT-lər demişkən, “sboy” gedir. Tanınmış treninq ustası bunu pandemiyanın yaratdığı qeyri-müəyyənliklə izah edir. Beyin qeyri-müəyyənliyi təhlükə ilə eyniləşdirib insanı təşvişə salır. Bu təşvişdən azad olmağın yolunu isə İ.Pintoseviç emosional fonu pozitivləşdirməkdə, həyata minnətdar olmaqda görür.

İtaliyada koronavirusa yoluxmuş dövlətli qocanın dediyi sözlər yada düşür. Havalandırma aparıtına qoşulmaq üçün qocanın müəyyən məbləğ ödəməli olacağını söyləyirlər. O deyir: Pulu ödəyə bilərəm, mən dövlətliyəm. Ancaq gör neçə illərdir yaşayıram, Allah belə bir neməti mənə bəxşiş verir...

Ovqatınız xoş olsun!

Karantin rejimi tətbiq edilməzdən əvvəl də, elə indinin özündə də əsas marağım dəyişməz qalıb – mütaliə. Pandemiyanın təsiri yalnız özünü onda göstərib ki, indı daha çox yumor və satiraya üstünlük verirəm.

Düzdür, zövqlər müxtəlifdir, lakin hər halda iki kitabın adını yazmağı özümə borc bilirəm:

  1. Джеральд Даррелл «Моя семья и другие звери».

Görkəmli ingilis naturalisti və səyahətçisi Cerald Darrel uşaqlıqda öz ailəsi ilə birlikdə Korfu adasında keçirdiyi  illərdən bəhs edir. Ailəlikcə oxumaq olar. İngilis dilindən ən yaxşı tərcümə Lev Jdanova məxsusdur. L.Jdanov başqa tərcüməçilərdən fərqli olaraq ingilis yumorunun “duz”unu  “əritməyib”.

  1. Тур Хейердал  «Путешествие на «Кон-Тики»»

Dünyaca məşhur norveçli səyyah, görkəmli alim-antropoloq, yazıçı Tur Heyerdalı  xüsusi təqdim etməyə lüzum yoxdur. Hamı onun Azərbaycana gəlişini gözəl xatırlayır. Bu kitab onun həmfikirləri ilə birlikdə 1947-ci ildə həyata keçirdiyi ekspedisiyaya həsr olunub. Bu kitabın da ən yaxşı tərcüməsi L.Jdanova məxsusdur.

  1. Əziz Nesin “İndiki uşaqlar möçüzədir”

Məşhur türk yazarı Əziz Nesinin bu kitabını ailəlikcə oxumaq olar. Azərbaycan dilində onun “Kor döyüşü” (hekayələr toplusu), “Taxtalıköynəkdən məktublar” kitabları  nəşr edilib.

Dənizçilər öz nəvələrinə  bilavasitə dənizlə bağlı maraqlı əsərlər məsləhət görə bilərlər:

Daniel Defo “Rabinzon Kruzo”

Konstantin Stanyukoviç “Dəniz hekayələri”

Karantin rejimi uşaqları kitab oxumağa həvəsləndirmək üçün çox münasibdir,  həm də özünüz də onlarla bərabər zövq alacaqsınız. Burada İtaliyanın görkəmli ədəbiyyat tənqidçisi Luici Settembrininin sözləri yada düşür: “Həyatın boyu dəfələrlə əmin olursan ki, kitab – insanın ən yaxşı dostudur.”       

Sevda Abdullayeva     

İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır