Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

20 Yanvar hadisələri zamanı Xəzərdə gəmilərin azadlıq mübarizəsi

Xalqımızın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixi olan 20 Yanvardan 32 il keçir. Amma bu gün də o qanlı gecənin dəhşətlərini və sonrakı günlərin bitib-tükənməyən həyəcanlarını xatırlayanda hər bir azərbaycanlının qəlbi dağlanır. Şəhidlərin ilkin olaraq köləlik zəncirini qırıb atmasını düşünmək isə xalqımıza sonsuz qürur duyğuları yaşadır.

O gecə insanlıq simasını itirənlərin xalqımıza qarşı törətdiyi ağlasığmaz qəddarlığın, cinayətin şahidi olduq. Hadisələr zamanı sovet ordusu bölmələrinin qadağan olunmuş silah və sursatdan istifadə etməsi də, dinc sakinlərin ağır hərbi texnikanın tırtılları altına salınması da, yaşlılara, qadınlara, uşaqlara belə rəhm edilməməsi də, təcili tibbi yardım maşınlarına və həkimlərə atəş açılması da bir daha sübut etdi ki, 20 Yanvar faciəsi sovet imperiyası rəhbərliyinin xalqımızın gözünü qorxutmaq, demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq üçün qabaqcadan hazırladığı və çox amansızlıqla həyata keçirdiyi təcavüzkarlıq aksiyası idi.

Xalqımızın istiqlaliyyət arzusunu boğmağa çalışanlar məkrli niyyətlərini gerçəkləşdirmək üçün şaxtanın iliyə işlədiyi soyuq bir qış gecəsini də yəqin təsadüfən seçməmişdilər. Bununla belə, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş qanlı 20 Yanvar gecəsində həsrətində olduğumuz Azadlıq günəşinin hərarətini daha yaxından hiss etdik. 20 Yanvar müstəqilliyə gedən yolumuzu xeyli qısaltdı. O gün inandıq ki, əlimizi uzatsaq, Azadlıq günəşinə çatar. Günahsız, əliyalın mülki şəxsin həyatına son qoyan, dinc sakinləri ömürlük şikəstə çevirən bu misilsiz cinayət sovet imperiyasının süqutunu sürətləndirdi.

20 Yanvar tarixi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin dənizçilərinin də ünvanına qəhrəmanlıq, hünər günü kimi yazılıb. O vaxt Xəzər Dəniz Neft Donanmasının mahir gəmi sürücüləri Murad Əliyev, Mövlud Əliyev, Kərəm Məmmədov, Müzəffər Əliyev, Gülağa Məcidov, Kişi Mütəllimov, Firudin Hüseynov, Səhman Rüstəmov, İbrahim Salayev, Ağalar İbrahimov, Rövşən Dəmirov, Elxan Hüseynov, Fizuli Bünyatov və başqa dənizçilərin cəsarətli addımları sovet hərbi gəmilərinin Bakı buxtasına yan almasının və imperiya əsgərlərinin törətdiyi qətliamı davam etdirməsinin qarşısını almaqda mühüm rol oynamışdı.

Hadisələrin fəal iştirakçısı, hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamenti rəisi Rövşən Dəmirov o günləri xatırlayaraq dedi: “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin xain qonşularımıza havadarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhalimizə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanlı divan tutulmasını, hərbi gəmilərin mülki şəxslərin cəsədlərini dənizdə batırmaq istədiklərini eşidəndə dünya gözümüzdə qaraldı. Faciənin səhəri günü ümummilli liderimiz Heydər Əliyevin heç nədən qorxmayaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi, ermənipərəst rejimin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış etməsi isə bizi qeyrətə səslədi”.

Bəli, ölümün gözünə dik baxan dənizçilərimiz o günlərdə sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gərdilər. Yanvarın 20-də hərbi gəmilərin hərəkətinə yol verməmək üçün Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı 100-dən çox gəmisi Bakı buxtasına gedən yolu kəsdi. Fəaliyyətlərini nizamlamaq üçün “Sabit Orucov“ gəmisini qərargaha çevirən dənizçilər 7 gəmi sürücüsündən ibarət Kapitanlar Şurası yaratdılar. Şura bir neçə maddədən ibarət tələbnamə də hazırladı. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçova ünvanlanan tələbnamədə deyilirdi:

“1990-cı il 20 yanvar gecəsi Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin razılığı olmadan, Sovet ordusunun rəhbərliyi Azərbaycana zorla ordu yeridib. Bu zaman minlərlə dinc insanın qanı tökülüb. Nahaq qan tökülməsinin qarşısını almaq üçün gəmi heyətləri tələb edirlər:

1. Ordu Bakıdan 1990-cı il yanvarın 21-də saat 00.00-dək çıxarılsın.

2. Bu gün etiraz əlaməti kimi Bakı buxtasındakı gəmilərdən biri yandırılacaq.

3. Sahildən, yaxud dənizdən güc tətbiq edilərsə, estakadaya bərkidilmiş gəmilər, tankerlər, həmçinin sahildəki neft bazaları dərhal yandırılacaq.

4. Hərbi gəmilər hərəkətə gətirilərsə, bizə həyatımız bahasına başa gəlsə belə, onların hərəkətinin qarşısını alacağıq”.

Bundan başqa, mövcud informasiya blokadasını yarmaq, dünyaya Bakıda törədilən qanlı hadisə ilə bağlı məlumatları çatdırmaq üçün dənizçilər yekdilliklə hər saatdan bir dəniz həyəcan siqnalı olan “SOS” yaymağa başladılar. “SOS”un əks-sədası özünü çox gözlətmədi. Bir saatdan sonra dənizçilərimizin ünvanına Qara dənizdən, Baltik dənizindən... ilk radioqramlar daxil oldu. Bütövlükdə, 50-dən çox ölkənin dənizçiləri Bakı buxtasından yayılan dəniz siqnalını qəbul edib misilsiz qırğından xəbər tutdular və bu ədalətsizliyə qarşı qiyam qaldıran Azərbaycan dənizçiləri ilə həmrəy olduqlarını bildirdilər.

Bakı buxtasına gedən yolu kəsməklə hərbi gəmilərin hərəkətinə yol verməyən dənizçilərimizə təzyiq və hədələr durmadan artdı. SSRİ müdafiə nazirinin müavini, Hərbi Dəniz Donanmasının komandanı, admiral V. Sidirovun və digər yüksək çinli rəhbərlərin buxtanın dərhal boşaldılması tələbinə dənizçilərimiz tələbləri yerinə yetirilənədək birmənalı olaraq “yox!” deyəcəklərini bildirdilər.

Dənizçilərimizin inadkarlığını görən sovet hərbi gəmiləri yanvarın 20-də hərəkətə keçdi və mülki gəmilərimizi müxtəlif silahlardan atəşə tutdular. “Neftqaz-3”, “Neftqaz-10”, “Neftqaz-16”, “Neftqaz-18”, “Neftqaz-64”, “Актаu”, “Vodoley -4”, “ÜİLKGİ-nin 40 illiyi”... gəmiləri xəsarət aldı. Təkcə “Vodoley-4” gəmisində hərbçilərin qaniçənliyini təsdiqləyən minə yaxın güllə, raket izləri aşkar edildi.

Gəmiləri məhv olmaqdan xilas etmək naminə onlar öz körpülərinə yan almağa məcbur oldular. Sahilə çıxandan sonra isə qondarma ekstremist damğası ilə həbs edilən 50-yə yaxın dənizçimiz imperiyanın müxtəlif, o cümlədən Orenburq və Ulyanovsk şəhərlərindəki həbsxanalarında işgəncələrə məruz qaldı. 

Çətin, şərəfli peşə sahibi dənizçilər təbiət etibarı ilə cəsur, fədakar adamlardırlar. Otuz iki əvvəl il - 20 Yanvar faciəsi günlərində göstərdikləri şücaət də onların təbiətindən, bir də dor ağacında müstəqil Azərbaycanın üçrəngli bayrağı dalğalanan gəmilərdə yaxın-uzaq səfərlərə çıxmaq arzularından qaynaqlanmışdı. Tələbləri yerinə yetirilməsə də, qəhrəman dənizçilərimiz xalqımızın yenilməz iradəsini bir az da yüksəklərə qaldırdılar, Bakı qırğınının əks-sədasını dünyaya çatdırdılar.
 

Rasif TAHİROV,
“Dəniz” qəzetinin baş redaktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır