Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanə - VİDEO

Deyirlər, dünyaya göz açanda uşağa qoyulan ad onun taleyinə təsir edir. Bəlkə də. Bu gün Yaradanın  bəxş etdiyi ömrün 92-ci zirvəsini aşan bu müdrük insanın valideynlərinin verdiyi adın onun  taleyinə nə dərəcədə təsir etdiyini söyləyə bilmərəm. Amma işıqlı siması, ona olan sonsuz hörmət və ehtiram həyatda üzləşdiyi bütün çətinlikləri, çəkdiyi ağrı-acıları adama elə unutdurur ki, az qalır uca səslə deyəsən: “Dünyanın xoşbəxti varsa, o, elə Xoşbəxt Yusifzadədir ki, var.”

Söhbət görkəmli neftçi-geoloq, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadədən gedir. Sinəsini "İstiqlal”, "Şöhrət”, "Şərəf”, 1-ci dərəcəli "Əmək”,"Heydər Əliyev” ordenləri... bəzəyən, elm, təhsil və iqtisadiyyatın inkişafı istiqamətində xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Qızıl Ulduz” medalına, 2009-cu ildə "İlin alimi" və 2011-ci ildə Türk Dünyasının Fəxri Elm Xadimi... adlarına layiq görülən Xoşbəxt Yusifzadədən. Keçmiş SSRİ-nin Əməkdar geoloqu və Azərbaycanın Əməkdar mühəndisi Xoşbəxt Yusifzadədən.

Xoşbəxt müəllimi ölkəmizin neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanə hesab edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sözləri ilə desək:” O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.”

1930-cu il şaxtanın iliyə işlədiyi soyuq qış günündə Bakının Pirşağı qəsəbəsində doğulub. Bir  Allah bilir ki, süfrəsndə heç vaxt haram tikə olmayan Bağı kişi ilkinin dünyaya gəlişinə nə qədər sevinib. Amma halalla haramın fərqinə çox da varmayan nəhəng “qırmızı imperiya”nın repressiya maşını bu ailədən də yan keçmir. Başqa sözlə,Xoşbəxt müəllimin uşaqlıq çağları xoşbəxtlikdən yerdən göyə qədər uzaq olub.

Beş yaşı olanda - 1935-ci ildə atasını 8 il həbs edirlər.  Bir müddət Daşkənddə cəza çəkir, sonra Sibirə göndərilir.  O dövrdə gedər-gəlməz sayılan Sibirə sürgün edilənlərin böyük əksəriyyəti kimi atası da geri qayıda bilmir. 1939-cu ildə dünyasını dəyişməsi xəbəri yayılır. Həyat yoldaşı məhkum olunandan sonra 3 uşağını tənha böyütməyə məcbur olan Zinyət xanımın zərif çiyinlərinə düşən ağır yükə bu qəfil itki ilə bağlı dərd yükü də əlavə olunur.

Bu azmış kimi, Xoşbəxt Yusifzadə beşinci sinfə keçəndə barıt qoxulu müharibə başlayır.  Ailənin onsuz da ağır olan vəziyyəti hitlerçilərin SSRİ-yə hücumundan sonra dözülməz həddə çatır.  Amma heç bir çətinlik onun oxumaq həvəsini öldürə bilmir. Əksinə, daha ağır günlər daha yaxşı oxumağa vadar edir. Özünü inandırır ki, bütün ağrı-acılardan qurtulrmağın bir yolu var. O da yaxşı oxumaqdır. Oxuyur da.  

Peşə seçmək vaxtı gələndə yüz ölçüb-bir biçir. 1947-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)  “Geoloji-kəşfiyyat” fakültəsinə daxil olur və 1952-ci ilədək bu təhsil ocağında “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə dağ mühəndisi” ixtisasına yiyələnir.

Neft geoloqu kimi 70 illik karyerası1952-ci ilin dekabrından "Dənizneft” İstehsalat Birliyində böyük mühəndis kimi işə başlayır, bir müddət keçəndən sonra bölmə rəisi vəzifəsinə təyin olunur.  1954-cü il martından Neft Daşlarında birinci mədəninin böyük geoloqu vəzifəsinə irəli çəkilir.  1958-ci ildən Neft Daşlarında elmi-tədqiqat və istehsalat işləri sexində əvvəlcə baş geoloq, sonra rəis işləyir. 1960-cı ildən “Sov. İKP-nin XXII qurultayı” adına Neft və Qazçıxarma İdarəsi rəisinin müavini - baş geoloq kimi çalışır. 1963-cü ilin avqustunda Xəzərdə neft axtarışı və hasilatı işlərini sürətləndirmək məqsədilə yaradılan baş idarədə baş geoloqun müavini - şöbə rəisi vəzifəsində işləyir.

1970-ci ilin martında isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin birbaşa göstərişi ilə Xoşbəxt Yusifzadə "Xəzərdənizneft” İstehsalat Birliyi rəisinin müavini - baş geoloq vəzifəsinə təyin olunur.

Azərbaycan müstəqillik əldə etdikdən sonra X.Yusifzadə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1992-ci ildən “Azərineft” dövlət konserninin birinci vitse-prezidenti, 1994-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti,  2016-cı ildən SOCAR-ın birinci vitse-prezidenti kimi çiyninə düşən vəzifənin öhdəsindən layiqincə gəlir.

Onun birbaşa rəhbərliyi və iştirakı ilə Xəzər dənizində 20-dən çox neft və qaz-kondensat yatağı kəşf edilib. “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Bahar”, “Əşrəfi”, “Qarabağ”, “Ümid”, “Abşeron”... yataqlarının adı çəkiləndə neftçilərin gözü önünə ilk növbədə  Xoşbəxt Yusifzadə gəlir.

200-dən çox tədqiqat işinin, o cümlədən 18 monoqrafiyanın və səkkiz ixtiranın müəllifi olan Xoşbəxt Yusifzadənin elmi fəaliyyəti də neft və qaz yataqlarının layihələndirilməsi, kəşfiyyat və hasilatı ilə bağlıdır...

“Akademik Xoşbəxt Yusifzadə”nin dənizə çıxdığını eşitsəniz, təəccüblənməyin. “Bu yaşında? Ola bilməz!”-söyləməyin.

Dövlətimizin başçısının 2020-ci il yanvarın 15-də imzaladığı Sərəncama uyğun olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilən tankerə görkəmli neftçinin adı verilib.

Uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü 6 metr olan gəmi çətin hava şəraitində də daldalanmağa yer gəzməyəcək. Dedveyti dənizdə 7,875 ton və çayda 5,447 ton olan tanker 10 uzellə hərəkət edəcək.

Keçən il sentyabrın 20-də dənizçilər gəmi inşaatçıları ilə birlikdə tankerin suya salınmasının sevincini yaşadılar.  Bu həm də o deməkdir ki, biz tezliklə “Akademik Xoşbəxt Yusifzadə”ni açıq dənizə ilk səfərə yola salacağıq. 

Rasif Tahirov - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır