Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun önəmi ildən-ilə artır

Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi onun beynəlxalq yükdaşımalarda regional haba çevrilməsini təmin edir

"Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir". Bunu Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib. Ölkə başçısının sözlərinə görə, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır: "Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır". Ölkəmizin strateji baxımdan mühüm geosiyasi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, nəqliyyat sahəsinə böyük həcmli investisiyaların yatırılması ölkəmizdə irimiqyaslı nəqliyyat-infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Belə ki, avtomobil və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi Azərbaycanın nəqliyyat potensialını daha da gücləndirib. "Transxəzər" Beynəlxalq nəqliyyat marşrutu, Lapis-Lazuli, Qara Dəniz-Xəzər Dənizi marşrutları TRASEKA ölkələrinin tranzit regionu kimi rəqabət qabiliyyətini artırır.

Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq yükdaşımalarda regional haba çevrilməkdədir, bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, Azərbaycan Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Sadalanan istiqamətlər üzrə əməkdaşlıq nəticə etibarilə Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxarır. Hazırda Transxəzər beynəlxalq nəqliyyat marşrutunun reallaşdırılmasına maraq da çoxalmaqdadır. Türkmən qazının Avropaya tədarükü ilə bağlı danışıqlar hələ 2011-ci ildən aparılır. Transxəzər layihəsinin də daxil olduğu Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet olaraq qalır. Transxəzər Qaz Kəməri layihəsində danışıqlar davam etməkdədir. Transxəzər qaz kəməri layihəsi çərçivəsində təbii qazın Türkmənbaşı limanından Xəzər dənizinin dibi ilə çəkiləcək 300 kilometrlik boru xətti vasitəsilə Səngəçal terminalına çatdırılması və illik həcmin 32 milyard kubmetr olması planlaşdırılır. İlk dövrlərdə Türkmənistanın infrastruktur problemləri Transxəzər qaz kəmərinin reallaşmasına əngəl törətsə də, 2016-cı ildən etibarən Şərq-Qərb qaz kəmərinin fəaliyyətə başlaması ilə bu maneə aradan qaldırılıb. Türkmənistanın şərqində yerləşən, ölkənin ən böyük qaz ehtiyatlarının gələcəkdə qərb bazarlarına çıxarılması baxımından Şərq-Qərb boru kəməri əhəmiyyətli rol oynamaqdadır. Qazaxıstan və Özbəkistanın da layihədə iştirakı ilə Mərkəzi Asiya ölkələrindən illik təxminən 50 milyard kubmetr təbii qazın Avropaya nəqli həyata keçirilə bilər. Türkmənistandan Azərbaycan ərazisi ilə digər ölkələrə qaz magistralının yaradılması layihəsinin reallaşması üçün baza hər iki ölkənin Xəzər dənizində mövcud olan infrastrukturu olacaq. Transxəzər birləşdiricisi Türkmənistana bu növ yanacağa ehtiyacı olan ölkələrə ildə 10-12 milyard kubmetr təbii qaz tədarükünü təşkil etməyə imkan verəcək.

2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə yaradılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun önəmi ildən-ilə artır. 2015-ci il avqustun 3-dən fəaliyyətə başlayan bu dəhliz özündə 9 ölkəni birləşdirir, ümumilikdə isə onun nəqliyyat imkanlarından 15 ölkənin yükdaşıma şirkətləri istifadə edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca 60-a yaxın ölkə yerləşir. Bu baxımdan, nəqliyyat dəhlizi həm iştirakçı ölkələr, həm də digər dövlətlər üçün də əhəmiyyətlidir. Regionda baş verən hadisələr, geosiyasi vəziyyət, yeni reallıqlar əməkdaşlığın yeni çərçivəsinin nəzərdən keçirilməsini və tranzit-nəqliyyat əlaqələrinin qurulmasını diktə edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən blok qatarı yükləri orta hesabla 10-12 günə Çindən Avropaya çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Marşrutun inkişafına əlavə təkan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması olub. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq. 2016-cı ilin aprel ayında Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağında Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb. Aparılan danışıqlar nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul olunub. Müşahidə Şurasına konsorsiuma daxil olan hər üzv şirkətdən bir nümayəndə daxil olub.

Bu il mayın 10-da Türkiyənin paytaxtı Ankarada keçirilən "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağında bildirilib ki, Hüquqi Şəxslər Birliyi verdiyi qərarlar və gördüyü işlərlə Transxəzər bölgəsində ticarəti asanlaşdırır, yükdaşımaları və "Orta dəhliz"in cəlbediciliyini artırır. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" (BTNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi Türkiyə üçün çox əhəmiyyətlidir. Üzv ölkələr arasında yükdaşımalarda ortaq tarifin yaradılması, dəhlizdən keçən tranzit yüklərin həcminin artırılması ilə bərabər, həmçinin məhsul çeşidliliyinin təmini də çox mühümdür. Yük qatarlarının sərhəddən keçidinin asanlaşdırılması üçün Avtomatlaşdırılmış İnteqrasiya Sisteminin tətbiqi də vacib hesab edilir. COVID-19 pandemiyası zamanı dəmir yolu ilə daşımaların əhəmiyyəti bir daha sübut olundu. Dünya ticarətində dəmir yoluna marağın artdığı müşahidə olunur. Qeyd edək ki, Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, "bir pəncərə" prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır. Onu da əlavə edək ki, konteynerlərin Çindən Avropaya ənənəvi okean yolu ilə göndərilməsi üçün 45-60 gün tələb olunursa, Azərbaycan üzərindən keçən BTNM marşrutu ilə bu müddət təqribən 3 dəfə azdır. Cari ilin 8 ayı ərzində Qazaxıstanın dəniz limanları vasitəsilə Azərbaycan istiqamətində 1,9 milyon ton yük daşınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmində də müsbət artım dinamikası müşahidə olunur. Bu ilin 8 ayı ərzində TITR vasitəsilə 1,3 milyon ton yük daşınıb. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Hazırda TITR-ın nəqliyyat infrastrukturu təxminən 6 milyon ton, o cümlədən 80 000 TEU daşımağa imkan verir. Bu yaxınlarda Bakıda Qazaxıstan Respublikasının "Samruk-Kazyna" SC və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün birgə müəssisənin yaradılması haqqında" protokol imzalanıb. Yeni birgə müəssisə tariflərin müəyyən olunması və yüklərin bəyan edilməsi ilə bağlı məsələlərin həllinə, vahid İT-həllərin tətbiqinə və bu marşrut üzrə tranzit yükləri birləşdirməyə imkan verəcək. Tərəflər Azərbaycan ərazisindən neftin nəqli sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu və bunun mövcud marşrutlara alternativ ola biləcəyini qeyd ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində bu marşrut barədə fikir bildirərkən deyib: "Biz Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı təşəbbüs irəli sürdükdə aparıcı rolu öz üzərimizə götürdük, biz komanda yaratdıq, xarici dövlətlərlə, istehlakçılarla, şirkətlərlə danışıqlar apardıq. Biz, həmçinin əsas investor idik. Bakıdan Ceyhana qədər kəmərin tikintisi zamanı da belə oldu. Onu demək istəyirəm ki, bu layihənin təşəbbüskarı tranzit ölkələr deyil, resursların sahibləridir. Tranzit ölkələr yalnız dəstək verə, ərazi təmin edə və ya ortaq sərmayədar, yaxud tranzit haqlarını qəbul edənlər ola bilərlər. Başqa sözlə desək, Transxəzər kəməri Azərbaycanın layihəsi deyil". Ölkə başçısı qeyd edib ki, neft və qaz layihələrimizə gəldikdə isə onların hamısı icra olunmuşdur. İndi elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəni icra edirik. Ancaq Transxəzər layihəsi isə Türkmənistanın resurslarına əsaslanır. Ona görə də əgər Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, bu, onların qərarı olacaq. Əgər onlar belə bir qərar verərlərsə, əlbəttə ki, biz onları dəstəkləyəcəyik.

M.MUSTAFAYEV,

"Respublika"


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır