Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Xankəndi” gəmisi “Cənub qaz dəhlizi”nin reallaşmasına xidmət

Bu il sentyabrın 6-da təqdimat mərasimi keçirilmiş “Xankəndi” sualtı tikinti gəmisi 10 il “Şahdəniz” yatağında işləyəcək. Gəmi 2017-2027-ci illərdə “Şahdəniz-2” layihəsinin yerinə yetirilməsinə səfərbər olunaraq sualtı quraşdırma işlərində istifadə ediləcək. “Xankəndi” Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyaya malik ən müasir gəmisidir. Suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. “Xankəndi”nin layihələndirilməsi və tikintisi barədə müqavilə Bakı Gəmiqayırma Zavodu və “Şahdəniz” layihəsinin əməliyyatçısı olan BP şirkəti arasında  2014-cü il aprelin 17-də bağlanmışdır. Bundan sonra gəminin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək Bakıya gətirilmişdir. Onlar zavodun tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilmişdir. Ötən ilin mayında inteqrasiya işləri yerinə yetirildikdən sonra isə gəmi suya salınmışdır. Xatırladaq ki, “Xankəndi” xüsusi olaraq “Şahdəniz-2” layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilmişdir. İstismara verilməzdən əvvəl  zavodun yanalma körpüsündə gəminin bütün göyərtə avadanlıqları – əsas qaldırıcı, eləcə də köməkçi kranları, vertolyot meydançası quraşdırılaraq bütün sistem və qurğuları tam inteqrasiya edilmiş, yoxlanılaraq işə salınmışdır. İki ay ərzində açıq dənizdə istismar sınaqları keçirilmişdir. “Xankəndi” DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilmişdir. Bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155 metr, eni 32 metr, maksimal suya oturumu 7,5 metr və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sisteminə malikdir. O həmçinin 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün əsas kranla, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki cihaz, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnika ilə təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17 min 700 ton, yükgötürmə qabiliyyəti 5 min metrik tondan artıqdır. Dünyada bu tipdə cəmi 10 gəmi var ki, onlardan biri də Azərbaycandadır. Bütün bunlara görə də “Xankəndi”nin təqdimat mərasimində iştirak edən Prezident İlham Əliyev bu gəminin istifadəyə verilməsini tarixi hadisə adlandırmışdır. Dövlət başçısı qeyd etmişdir ki, belə bir gəminin tikintisi ölkəmizin gücünü göstərir. Göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işləri aparıla bilər. “Xankəndi”nin inşasının və istifadəyə verilməsinin müvəffəqiyyətlə başa çatması eyni zamanda Azərbaycanda gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərarın düzgünlüyünü də təsdiqləmişdir. Müəssisənin tikintisinin əsas məqsədi Azərbaycanda məhz istənilən növ gəmilərin inşa edilməsi olmuşdur. Bakı Gəmiqayırma Zavodunun fəaliyyətdə olduğu qısa müddətdə burada irihəcmli layihələr həyata keçirilib. Müəssisədə “28 May” üzən doku, “SOCAR 1” yedək gəmisi, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonları və yuxarı blokları, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmiləri ilə bağlı işlər görülüb. Bundan başqa, zavodda 2015-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində bir neçə gəmi təmir edilib və modernləşdirilib. Bunlardan “İsrafil Hüseynov” borudüzən barjını, “Tofiq İsmayılov” dalğıc, “Azərbaycan” kran, “Gilavar” tədqiqat, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” yarımdalma qazma qurğusunu  qeyd etmək olar. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə imzalanan müqaviləyə əsasən, hazırda tikilməkdə olan iki “RoPax” tipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi planlaşdırılır. “Xankəndi” gəmisinin istifadəyə verilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcı sayılır. Gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır. “Xankəndi” gəmisinin tikintisi Azərbaycan dövlətinin iqtisadi gücünü göstərən çoxsaylı amillərdən biridir. Gəminin inşası təqribən 400 milyon dollara başa gəlmişdir. “Xankəndi”nin tikintisi və istismarı insanların məşğulluq probleminin həllinə də dəstək vermişdir. Belə ki, tikintidə ümumilikdə iki mindən çox işçi  çalışıb. Onların da 75 faizi Azərbaycan vətəndaşıdır. Gəmidə çalışacaq heyət üzvlərinin əksəriyyəti də yerli mütəxəssislərdir. Tikinti zamanı keçirilən treninqlər və aparılan hazırlıq işləri bu gün gəminin həm kapitanının, həm də heyət üzvlərinin əksəriyyətinin yerli kadrlar olmasına imkan vermişdir. “Xankəndi” gəmisi “Şahdəniz” yatağının işlənilməsində böyük rol oynayacaq, nəticə etibarilə  “Cənub qaz dəhlizi”nin reallaşmasına dəstək göstərəcək. Flora Sadıqlı, “Azərbaycan”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır