"Astana" yedək gəmisi aşdı – 1 ölü, 4 itkin
Rumıniyanın Konstansa şəhərindəki Midia limanı yaxınlığında yedək gəmisinin aşması nəticəsində bir nəfər həlak olub, dörd nəfər isə itkin düşüb.
“Seanews.az” Rumıniya Dəniz Administrasiyasına istinadən xəbər verir ki, hadisə martın 18-də yerli vaxtla təxminən 08:40-da (GMT 06:40) baş verib. Rumıniya bayrağı altında üzən "Astana" yedək gəmisi, Midia limanından təxminən 8 km məsafədə yerləşən dəniz terminalında (Monbuoy) Marşal adaları bayraqlı "Amades" neft tankerinə yanalma manevri zamanı kömək göstərərkən çevrilib.
Xilasetmə qrupları dərhal hadisə yerinə cəlb olunub. Heyət üzvlərindən biri sahilə çıxarılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Heyətin digər dörd üzvünün itkin düşdüyü və öldüyü ehtimal olunur. Axtarış-xilasetmə missiyası davam etdirilir.
2006-cı ildə inşa edilən "Astana" gəmisinin uzunluğu 26,09 metr, mühərrik gücü isə 2610 kVt idi.
Qəzanın səbəbləri araşdırılır.


