Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Su qıtlığı dünya əhalisinin dörddə üçünə təsir göstərə bilər

Su qıtlığı planetin xroniki problemidir. Bu həyati resursa çıxışı təmin etmək üçün nə etmək olar? 

AZƏRTAC xəbər verir ki, Liviya və İsrail təcrübəsinə əsasən, bir sıra ölkələrin hökumətləri böyük su layihələri, o cümlədən süni çayların yaradılması proqramları hazırlayır və onların köməyi ilə quraqlığa qalib gəlmək istəyir.

Yer kürəsinin 70 faizi su ilə örtülsə də, onun yalnız 3 faizi şirin sudur. Daha da çətin olanı odur ki, onun da böyük hissəsi qütblərdə və ya Yerin səthinin altındadır. Əhali artımı, iqtisadi inkişaf və yeni su tələb edən həyat tərzi vəziyyəti daha da gərginləşdirir.

Qeyd edək ki, bu problem yeni deyil. “İncil”in nazil olduğu dövrdən bəri quraqlıq bəşəriyyət üçün daimi təhlükə mənbəyi olub. Lakin son illərdə onun çatışmazlığı daha kəskin və davamlı xarakter alıb. Çox təfərrüata varmadan qeyd etmək kifayətdir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarına görə, yeni minilliyin başlanğıcından bəri quraqlıq dövrləri demək olar ki, 30 faiz artaraq 1,4 milyard insana təsir edib.

Hesablamalara görə, 2050-ci ildə (üç onillikdən az müddətdə) su qıtlığı dünya əhalisinin dörddə üçünə təsir göstərə bilər. Bu da şübhəsiz ki, miqrasiya dalğalarına səbəb olacaq: təxminən 220 milyon insan su və münbit torpaq axtarışında öz yaşayış yerini dəyişmək məcburiyyətində qalacaq. BMT-nin 2030-cu il üçün təyin etdiyi ilk Dayanıqlı İnkişaf Məqsədləri təmiz su və kanalizasiya (Məqsəd 6) və sıfır aclıq (Məqsəd 2) ilə bağlıdır.

İqlim dəyişikliyini dayandırmaq və suya universal çıxışı təmin etmək məqsədi daşıyan böyük qlobal sammitlərdən əlavə, bəzi uğurlu nəticələr vəd edən bir neçə mühəndislik layihələri həyata keçirilir. Lakin bu həyati resursu əldə etmək və onu yaymaq üçün bir çox yerlərdə çatışmayan nəhəng infrastruktur tələb olunur. Məsələn, Amerikanın “MkKinsi” konsaltinq şirkətinin məlumatına görə, su infrastrukturuna illik xərclər təxminən 50 milyard dollar təşkil edir. Dünyanın qalan hissəsində vəziyyət çox da fərqli deyil.

Çin Yanszı çayı üzərindəki nəhəng Üç dərə bəndini (tikilməsi 18 il çəkib) Pekinlə birləşdirəcək kanal tikməyə hazırlaşır. Təxminən 9 milyard avroya başa gələn layihə, ümumi uzunluğu təxminən 20 min kilometr olan kanallar şəbəkəsinin bir hissəsi olacaq. Daha bir misal olaraq, su qıtlığı probleminin ən kəskin olduğu ölkələrdən biri olan Misiri göstərmək olar. Bu ölkədə ağır vəziyyətdən çıxmaq üçün “Yeni Delta” kimi tanınan 114 kilometr uzunluğunda (min illik Nildən daha uzun) süni çay tikilir. Bu, təbiətə çağırış hesab olunur və iddialı layihənin mümkünlüyü ilə bağlı narahatlıq doğurur. O, tam fəaliyyətə başladıqda, həm içməli su təchizatını təmin etmək, həm də ölkədə kənd təsərrüfatı fəaliyyətini genişləndirmək üçün gündəlik 10 milyon kubmetrdən çox su nəql etmək mümkün olacaq.

Səudiyyə Ərəbistanında layihələndirilən süni çayın uzunluğu isə 12 min kilometr olacaq. Bu halda su nəhəng duzsuzlaşdırma qurğularından alınacaq. Ərazisinin 90 faizi səhra olan Liviyada elə yerlər var ki, orada əsrin əvvəlindən bəri müntəzəm olaraq yağış yağmır. Bu ölkənin süni çay layihəsi 70 il əvvəl hazırlanıb. Bu, 1980-ci illərdə fosil sulu təbəqələrdən Sahara səhrasını su ilə təmin etmək üçün tikilmiş borular şəbəkəsidir. Burada 1300-dən çox quyu var ki, onların əksəriyyətinin dərinliyi 500 metrdən çoxdur və Tripoli şəhərini su ilə təmin edir. İnfrastrukturun ümumi dəyəri 25 milyard dollardan çox qiymətləndirilir.

Bunlar dünyanın ən böyük layihələridir. Ancaq su qıtlığını aradan qaldırmağa çalışmaqdan danışarkən, son 50 ildə səhra ərazilərinin sahəsini azaltmağı bacaran yeganə ölkəyə - İsrailə diqqət yetirməliyik. Su ehtiyatlarının və suvarma sistemlərinin davamlı idarə olunması üçün İsrailin innovativ üsulları hazırda Çində və dünyanın 100-dən çox inkişaf etməkdə olan ölkəsində də istifadə olunur. Müasir texnologiya sayəsində İsrail son bir neçə ildə sudan asılı dövlət olmaqdan çıxıb, ehtiyaclarını tam ödəyir və hətta Fələstini su ilə təmin edir. Bu gün israillilərin istehlak etdiyi suyun yalnız yarısı təbii mənbələrdən gəlir, ikinci yarısı isə süni şəkildə - təkrar emal və duzsuzlaşdırma yolu ilə təmin edilir. İsrail dəniz suyundan şirin su istehsalında liderdir. Son illərdə burada dörd duzsuzlaşdırma qurğusu tikilib və beşincisi işə salınmağa hazırlanır. Bu tədbirlər 2000-ci illərin ortalarında İsraili ziyan vuran və uzun sürən quraqlığa cavab idi. Dünyanın ən böyük və ən müasir duzsuzlaşdırma zavodu olan “Sorek” Aralıq dənizi sahilində - Təl-Əvivdən on beş kilometr cənubda yerləşir və təxminən altı futbol sahəsini əhatə edir. Bu müəssisə dünyada öz növünün ən böyük və ən qabaqcıl şirkətidir. Onun qurğuları gündəlik 624 min kubmetr duzsuzlaşdırılmış su istehsal edir, maya dəyəri isə dünyada ən aşağı göstəricilərdən biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır