







“Suraxanı” dünyada ilk tanker - muzeydir
“İki sahil”in gəmi-muzeydən reportajı
...Biz gəmi-muzeyin yerləşdiyi məkana yaxınlaşdıqca dənizdə lövbər salmış “Suraxanı” tankerinin göyərtisindəki kafenin musiqi mərkəzindən Polad Bülbüloğlunun əvəzolunmaz ifası ilə “ Gəl ey səhər" mahnısının xos sədası ətrafa yayılırdı:
Yenə bu səhər günəş nur yerə ələr
Bir təzə nağıl başlar dünya.
Oyan, ey günəş, oyan!
Al-əlvan boya, yoxsa bu dəniz uçar
Bir zülmət gecə dəniz qaçar...
Günəşin yerə nur ələdiyi bu gözəl məkanda sanki “Suraxanı” dənizi də, qurunu da, bura ilk dəfə ziyarətə gələnləri də ovsunlamışdı.
Çünki dünyada ilk tanker-muzey olan “Suraxanı” Azərbaycanda qədim tarixə malik dənizçiliyin həm keçmişini, həm bu gününü, həm gələcəyini özündə birləşdirmişdi.
...Gəmi-muzeyə kənardan baxanda nədənsə tarixin yaddaşında qalan əfsanəvi “Titanik”, “Avrora” kreyserini, “Arizona” və “Bismark” gəmiləri yada düşür. Xəzər dənizində 1957-ci ildən istismara verilən və öz dövrünün ən iri tankerlərdən biri olan müasir “Suraxanı”nın kapitanı Qasım Alacovla göyərtədə görüşürük. Öyrənirik ki, uzunluğu 124 metrə çatan “Suraxanı” tankerinin muzey qismində seçilməsi heç də təsadüfi deyil. Bir zamanlar Xəzərdə üzən “Suraxanı” gəmisi dünyanın ilk tankeri “Zoroastr”la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov bizə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi çərçivəsində tarixi araşdırmalar əsasında nəşr olunmuş elmi kitablar, foro-albomlarla və ASCO tərəfindən həyata keçirilən bir sıra layihələr barədə söhbət açır. Bildirir ki, yerli və xarici arxivlər araşdırılıb, əldə edilən qiymətli sənədlər və eksponatların qorunması, gələcək nəsillərə ötürülməsi üçün mühüm işlər görülüb.
Öyrənirik ki, “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib və Böyük Britaniya, Niderland, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeylə tanışlığımız qarşılanma zalından başlayır. Burada ziyarətçiləri manitorda görünən kapitan və baş köməkçi qarşılayaraq, heyət üzvləri, onların vəzifələri barədə məlumatlandırırlar. Bu zal gəmilərdə təhlükəsizlik texnikası və insan həyatının xilasetmə avadanlıqlarına dair eksponatlarla da zəngindir. “Yanalma və lövbər əməliyyatları zalı” əsas göyərtədən aşağı qatda yerləşir. Bu zalda lövbərin və zəncir mexanizminin gəmidəki rolu, yanalmanın prinsipləri barədə məlumatlar təqdim edilir.
İki hissədən ibarət “Xəzərin ruhu” zalında isə Xəzər və bütün Xəzər regionunun milyon illər əvvəldən müasir dövrümüzə qədərki inkişaf tarixi əks olunub. Eyni zamanda, burada dünya tarixinin incisi Qobustana aid və ölkəmizdə qədim dənizçilik ənənələrinin mövcudluğunu sübuta yetirən bir çox maraqlı eksponatlarla da tanış olmaq imkanı var.
Azərbaycanda ilk olan unikal 360 dərəcəli ekranla ziyarətçilər nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilirlər və Odlar yurdunun qədim və müasir tarixi ilə qeyri-adi formada tanış olmaq imkanı qazanırlar. Video zaldan çıxışda isə XVIII-XX əsrlərə aid gəmiçiliklə bağlı unikal eksponatlar nümayiş olunur.
“Gəmilər və gəmiçilik” zalında “Suraxanı” gəmisinin uzunluğu 5 metrə çatan ən xırda detallarına qədər dəqiq əks olunan modeli sərgilənir. Burada, həmçinin bu tip gəmilər haqqında məlumatlar yerləşdirilib. Zalda nümayiş olunan videoda isə gəmi-muzeyin yaradılmasını, yerinə yetirilən təmir və yenidənqurma işlərinin miqyasını anbaan əks etdirən qeyri-adi kadrları görmək mümkündür. Bu zalda müasir Azərbaycanın, həmçinin dünyanın ən böyük gəmilərinin modelləri də sərgilənir.
“Naviqasiya və kommunikasiya” zalında gəmiçilikdə istifadə edilən, günümüzə çatmış qədim və orta əsrlərə aid müxtəlif eksponatlar, dünyaca üç məşhur dəniz mayakının modelləri diqqəti cəlb edir.
Bunlardan birincisi “İsgəndəriyyə” mayakı qədimdə "Dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatıb. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərmək üçün tonqal qalanırmış. İkincisi mayak Herkules adlanır. Hündürlüyü 57 mert olan bu mayak Roma İmperiyası dövründə inşa olunub. Sayca üçüncü olan“Abşeron” mayakı isə Xəzərdə gəmilərə yol göstərmək məqsədi ilə 1860 -cı ildə sahil yaxınlığında inşa olunan və hündürlüyü 25 metrə çatan orijinal konstruksiyalı daş qüllədən ibarət olub.
“Suraxanı” gəmi-muzeyində yaradılmış naviqasiya masasında isə Xəzərdə üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlı fürsəti əldə etmək olar. Bu zalda siqnal bayraqları və onların funksiyasının geniş auditoriya tərəfindən rahat mənimsənilməsi üçün xüsusi “bayraq interaktivi” yaradılıb.
“Yükdaşıma” zalında yük gəmilərinin təyinatı, konteyner daşınmasının xüsusiyyətləri barədə məlumat əldə etmək olar. Ziyarətçilər modeldən istifadə edərək konteynerin yükləmə-boşaltma əməliyyatını həyata keçirə, dünyanın ən böyük konteynerdaşıyan gəmilərindən sayılan “OOCL Hong Kong”la tanış ola bilərlər. Burada müasir Ələt limanı, Bakı Gəmiqayırma Zavodunun maketləri və onların potensialları da nümayiş etdirilir. “Oil Wall”-“Neft stendi” instalyasiyasında Xəzər neftinin tarixi, interaktiv oyun vasitəsilə isə neftin yüklənməsi-boşaldılması əməliyyatı müxtəlif üsullarla təqdim olunur.
Modeli nümayiş olunan “Əliabad” gəmisi isə Xəzər dənizində ilk yelkənli gəmi olub.“Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik” zalında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik şanlı və zəngin tarixinə səyahət etmək mümkündür. Burada, həmçinin Böyük Vətən müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin yazdıqları qəhrəmanlıq salnaməsi yer alıb. Zalda ümummilli lider Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafında göstərdiyi misilsiz xidmətləri əks etdirən interaktiv kitab mövcuddur. Ziyarətçilər burada ölkəmizin milli sərvəti olan Gəmiçilik və dövlət arasında sarsılmaz bağları əks etdirən lövhə, “Qarabağ Azərbaycandır!” və Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən info-monitor qoyulub
Maşın şöbəsində gəminin “ürəyi” sayılan baş mühərrik, köməkçi mühərriklər, nasoslar, bir sözlə gəmini hərəkətə gətirən qurğular illər öncəki formalarında nümayiş edilir. Burada VR (virtual reallıq) eynəkləri ilə ziyarətçilər ötən əsrin ortalarına səyahət edərək maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olacaqlar.
“Dənizçilər qalereyası”nda isə ziyarətçiləri əfsanəvi dənizçilərlə, “Suraxanı” gəmi heyətinin ötən əsrin 60-cı illərinə aid orijinal vəziyyətdə rekonstruksiya edilmiş kayutlar, kambuz kimi məişət otaqları ilə tanışlıq gözləyir. Burada, həmçinin on illər öncə “Suraxanı” tankerində istifadə olunan məişət avadanlıqları və əşyaları da görmək mümkündür.
“Suraxanı” gəmisinin idarə edilməsi üçün vacib postlardan olan kapitan körpüsü, naviqasiya və radio otaqları da illər öncəki orijinal vəziyyətinə uyğun rekonstruksiya edilib. Burada tankerin idarə olunması və XX əsrin ortalarına aid bütün avadanlıqları görmək mümkündür.
“Suraxanı”nın kapitanı Qasım Alacov bizi gəmi heyətinin istirahət otaqları ilə tanış edir.Tanker-muzeyin maraqlı ekspozisiyalarından biri isə mərcanların və digər flora və fauna nümunələrinin sərgiləndiyi guşədir. Okean və dənizlərdən yığılan kolleksiya ziyarətçilərin diqqətini çəkir. Gəmi -muzeyin ərazisində restoran da fəaliyyət göstərir. Restoranda milli mətbəx və dəniz məhsullarından hazırlanmış təamlardan dadmaq mümkündür. Muzeyə səyahətin seansı 1 saat 30 dəqiqə çəkir. Gün ərzində 4 ekskursiya təşkil olunur. Məktəblərdən və liseylərdən kişik qrup şəklində ziyarətçilər gəlirlər.
Onu da qeyd edək ki, şəhid ailələri, Vətən müharibəsi iştirakçılarının ailələrinə giriş ödənişsizdir.
Nurəddin Muğanlı “İki sahil”