

“Wan Hai 503” gəmisinin taleyi ilə bağlı uzunmüddətli qeyri-müəyyənliyə son qoyulub
Üç aydan artıq müddətdir, Hindistanın Kerala sahillərində yanğınla mübarizə aparan Sinqapur bayraqlı “Wan Hai 503” konteyner gəmisi nəhayət Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Cəbel Əli limanında sığınacaq əldə edib.
"Seanews.az" xəbər verir ki, ilkin qiymətləndirmələr gəminin stabilliyi və konstruktiv bütövlüyünün təmin edildiyini, risklərin mövcud olmadığını göstərib. Bununla belə, gəmi limana daxil olduqdan sonra aidiyyəti qurumların tələblərinə uyğun şəkildə bütün yoxlamalar və prosedurlar həyata keçiriləcək.
10 sentyabrda gəmi Hörmüz boğazından keçərək BƏƏ-yə yaxınlaşarkən xilasedici qruplar gəminin göyərtəsinə çıxıb və hər hansı tüstü əlaməti aşkar etməyiblər.
Konteynerlərin yoxlanılması və boşaldılmasına oktyabr ayında başlanacağı bildirilib. Yanğın nəticəsində gəminin ön hissəsində yerləşən konteyner və yüklərə ciddi ziyan dəyib. Lakin yayımlanan fotolara əsasən, yaşayış blokunun arxa tərəfindəki konteynerlər nisbətən az zədələnib.
Xatırladaq ki, “Wan Hai 503” 9 iyun tarixində Hindistanın Kerala sahillərində yük anbarında partlayış və yanğınla üzləşmişdi.
Hadisə Hindistan sahillərində baş verməsinə baxmayaraq, ölkənin hakimiyyəti yanğın davam etdiyi bir vaxtda belə konteyner gəmisinə öz Xüsusi İqtisadi Zonası daxilində qalmağa icazə verməmiş və onu açıq dənizə çıxarmağı tələb etmişdi.
Daha sonra gəmi sahibinin planı “Wan Hai 503”-ü Şri-Lankada Hambantota limanına yerləşdirmək idi. Lakin Şri-Lanka hakimiyyəti limana giriş üçün 3,25 milyard dollar məbləğində təminat məktubu tələb etdiyindən plan baş tutmamışdı.
Nəticədə seçim yalnız iki liman üzərində qaldı – Malayziyanın Penanq limanı və ya Dubayın Cəbel Əli limanı. Hər iki halda gəminin çətin şəraitdə uzunməsafəli yedəklənməsi tələb olunurdu. Nəticə etibarilə, gəmi sahibləri Dubayı seçdi və “Wan Hai 503” 25 avqust tarixində Şri-Lanka sahillərindən yedəklənməyə başlanaraq, 11 sentyabrda BƏƏ-yə çatdırıldı.