Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

ADDA-da “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda seminar keçirilib

“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-də (ADDA) “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda seminar keçirilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün tədbirlər planının icrası məqsədilə keçirilən seminarda Akademiyanın professor-müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası üçün canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Vüqar Sadıqov 1988-ci ildən başlayaraq ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibədən, torpaqlarımızın 30 ilə yaxın işğal altında qaldığı dövrdə şəhər və kəndlərin dağıdılmasından, dinc əhalinin genosidindən, eyni zamanda bitki və heyvanlar aləminin məhv edilməsindən ətraflı söhbət açıb. Bildirib ki, hərbi münaqişə və müharibə yalnız Azərbaycan Respublikasının ərazisində aparıldığından atmosfer, su mənbələri və torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb. Ermənistan işğal etdiyi ərazilərin təbii sərvətlərinə və ətraf mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub.  

Seminarın dəvət olunmuş moderatoru, Bakı Mühəndislik Universitetinin Həmkarlar komitəsinin sədri, Qarabağ müharibəsi veteranı, tarix elmləri doktoru, professor Şikar Qasımov 30 il ərzində torpaqlarımızda, meşələrimizdə, Milli Park və Qoruqlarımızda düşmənin əsl vandallıq aktları törətməsini xüsusi vurğulayıb. Bəsitçay və Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələrinin işğalçı ordunun tapdağına məruz qalaraq məhv edildiyini seminar iştirakçılarının diqqətinə çatdırıb. Ş.Qasımov bütün bunların qarşısıalınmaz ekoloji problemlər yaratmaqla yanaşı, tək respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan planetimizin bioloji müxtəlifliyinə vurulan zərbə olduğunu söyləyib.

BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında bu məsələyə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Göründüyü kimi, Ermənistanın həyata keçirdiyi terror siyasəti yalnız şəhərləri, kəndləri və ya orada yaşayan insanları hədəfə almır, həm də ekoloji tarazlığın pozulmasına yönəlib. Bu isə olduqca təhlükəli bir amildir. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan həm də bu hərəkətinə görə beynəlxalq qanunlar qarşısında cavab verməlidir.

Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb. Professor Vaqif Həsənov və dosent İlqar Abdullayev çıxış edərək təbiət və cəmiyyət hadisələrinin rolu haqqında düşüncələrini bölüşüblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır