

"Eastern Pacific Shipping" dörd yeni konteyner gəmisi sifariş edib
Sinqapurun "Eastern Pacific Shipping" (EPS) şirkəti Çinin "Hengli Heavy Industries" tərsanəsi ilə dörd 6 min TEU tutumlu konteyner gəmisinin inşası üzrə müqavilə imzalayıb. Razılaşmaya əsasən, şirkət əlavə dörd gəmi sifariş etmək üçün seçim hüququ da əldə edib.
"Seanews.az" xəbər verir ki, bu, son iki ay ərzində EPS-in "Hengli"-dən verdiyi ikinci sifarişdir. İyul ayında tərəflər iki ədəd LNG ilə işləyən "Suezmax" tipli tanker və əlavə iki gəmi üçün müqavilə imzalamışdılar.
"Hengli" şirkətinin açıqlamasına görə, 6 min TEU-luq orta ölçülü konteyner gəmiləri yüksək yükgötürmə qabiliyyəti, aşağı yanacaq sərfiyyatı və ekoloji baxımdan üstün göstəricilərlə seçiləcək. Bu gəmilər beynəlxalq daşımalar üçün “yaşıl” və aşağı karbonlu nəqliyyat tələblərinə cavab verəcək. Yeni seriya gəmilərin dizaynında və tikintisində qabaqcıl texnologiyaların tətbiqi nəqliyyat səmərəliliyini artıracaq, istismar xərclərini azaldacaq və Beynəlxalq Dəniz Təşkilatının (IMO) ekoloji standartlarına tam uyğunluq təmin edəcək.
Qeyd edək ki, sentyabrın əvvəlində "Hengli Heavy Industries" xarici sifarişçi ilə dörd VLCC tipli tanker üçün də müqavilə imzalamışdı.