Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Koronaviruslu günlərdə kruiz gəmisi ilə dünyanı seyrə çıxan azərbaycanlı səyyah - MÜSAHİBƏ

 

Azərbaycanlı  səyyah Fərid Novruzi təyyarədən istifadə etmədən, fevralda 180 günlük səyahətə yola düşüb. Dünyanı sarsıdan koronavirus pandemiyasına baxmayaraq, Novruzi dünya səyahətini dayandırmadı və dəniz yolu ilə Marselə üzəndən sonra Kolumbiya, Ekvador, Peru, Pasxa adası, Taiti, Kuk Adaları, Yeni Zelandiya, Avstraliya və Okeaniyaya baş çəkib. Koronavirus səbəbindən dünya sərhədləri bağlandığından Fərid Novruzinin dünya səyahətinin ilk mərhələsinin son təyinat yeri Fransanın liman şəhəri Marsel olub.

Gəmi sözün əsl mənasında səyyahın 45 günlük evinə çevrilib. Fərid  Novruzi səyahəti barədə “Seanews.az”-ın suallarını cavablandırıb.

Fərid, hələ də kruiz gəmisindəsiniz, ya səyahətiniz başa çatıb?

Artıq gəmidə deyilik. Gəmi son olaraq Marsel limanına yanaşdı və onu tərk etdik. Bəlli prosedurlardan sonra isə Parisə gəldim. Buradan Azərbaycana qayıtmaq isə təyyarə reysindən asılıdır.

Gəmi ilə səyahətiniz neçə gün davam etdi?

Səyahət tam 65 gün davam etdi. Gəmiyə Perunun paytaxtı Limadan minmişdim. Səfər boyunca Avstraliyanın cəmi iki limanına yaxınlaşa bildik. Çünki, “COVİD19” ilə əlaqədar Avstraliya digər limanlarına girişə icazə vermədi. Buna görə də biz Aralıq dənizinə doğru istiqamət aldıq. Amma Aralıq dənizinə daxil olmamışdan öncə yanacaq üçün biz Şri Lankanın paytaxtı Kolomboya getdik. Ordan isə  Suveyş kanalı vasitəsi ilə Aralıq dənizinə girdik.

Laynerdə virusa yoluxma halları qeydə alınmışdı?

Gəmidə yoluxma yox idi. Xoşbəxtlikdən bizim gəmi Avropada xəstəlik yayılmamışdan öncə yola çıxmışdı. Bundan başqa, kapitanımız da doğru qərarlar verirdi. Bizi gəmidən endirmədi. Özümüzü güvəndə hiss edirdik.

Səyahətçilərin psixoloji durumu necə idi? 

Çox pozitiv mühit var idi. Hər kəs öz yaxınlarının sağlamlıqlarını düşünsə də, özümüzlə bağlı belə bir narahatlıq yox idi. Dediyim kimi, biz elə düşünürdük ki, dünyada ən təhlükəsiz yer olduğumuz gəmidir. Sərnişinlərin əksəriyyəti avropalılar idi və onların çoxunun yaşı 70-75 olardı. Onlar riskdən uzaqda -dənizin ortasında olduqları üçün özlərini xoşbəxt sayırdılar.

Səyahəti sevən biri kimi nə deyə bilərsiniz? Gəmi ilə səyahətin hansı özəllikləri var?

Artıq neçə illərdir, səyahət edirəm. Həyatımıda ikinci dəfə idi ki, gəmiylə səfərə çıxmışdım. Bundan öncə  Antarktidaya getmişəm. Etiraf edim ki, o qətiyyən mənə xoş deyildi. Təsəvvür edin, balaca bir gəmi və biz 8-9 metrlik dalğaları aşmalıydıq. Çox təhlükəliydi. Şükür ki, sağ-salamat Antarktidaya gedib-qayıtdıq. Budəfəki tur isə olduqca maraqlı keçdi. Artıq kruiz gəmiləri ilə səyahət mənim üçün ən sevimli səyahət növü olacaq.

Səfər qeydləri edirsiniz, vətənə qayıtdıqdan sonra kitab yazmaq haqqında düşünürsünüz?

Bəli, artıq kitabın üzərində işləyirəm. Kitabda səyahətlə bağlı düşüncələrim, yaşadıqlarım, oradakı həyəcanlar, emosiyalarım yer alacaq. Kitab həm səyahətsevərlər, həm də səyahətdən kənarda qalan hər kəs üçün maraqlı olacaq.

Səyahəti sevən adamlar üçün  çox vaxt darıxmaq hissi yad olur. Bəs, siz necə hazırda darıxırsınız?

Artıq üç aydır yoldayam. İstər istəməz ailəm, vətənim üçün darıxıram. Amma biz səyahətsevərlər psixoloji olaraq hər zaman hazırlıqlı olmalıyıq. Əks halda, heç bir səfər uğurlu və maraqlı olmaz. Üstəlik, müasir texnologiyalar köməyimizə gəlir. Mobil telefonla  ailəmlə tez-tez görüntülü danışıram və darıxmaq hissini bununla bir qədər azaldıram.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır