Yüksək balla ADDA-ya daxil olmuş tələbələrlə ASCO-da görüş keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) 2025/2026-cı tədris ilində yüksək balla qəbul olmuş tələbələrlə görüş təşkil edilib.
Görüşdə iştirak edən 12 tələbədən 3-ü 600-dən, digərləri isə 550 baldan yüksək nəticə göstərib. Onların hər biri "Dəniz naviqasiyası mühəndisliyi" ixtisası üzrə ingilis dili bölməsində təhsil alır.
ASCO-nun inzibati binasında yaradılmış “Üç əsrə şahid” muzeyi ilə tanışlıqla başlayan görüşdə tələbələrə şirkətin fəaliyyətini əks etdirən təqdimat videosu nümayiş olunub.
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev tələbələri yüksək nəticələrinə görə təbrik edərək qeyd edib ki, dənizçilik sahəsinin davamlı inkişafı birbaşa savadlı kadrların yetişməsindən asılıdır. O vurğulayıb ki, ASCO gənclərin peşəkar hazırlığına xüsusi önəm verir və onların bu istiqamətdə hərtərəfli inkişafına dəstəyini bundan sonra da davam etdirəcək.
ASCO-nun İdarə Heyəti sədrinin müavini Zaur Nağıyev çıxışında tələbələrin qəbul nəticələrinin onların məqsədyönlü hazırlığının və əzmkarlığının göstəricisi olduğunu qeyd edib. O əlavə edib ki, ADDA tələbələri üçün ASCO-da təşkil olunan bu tip görüşlər onların peşəkar inkişafı istiqamətində motivasiyasını artırır.
ASCO-nun İdarə Heyəti sədrinin müavini Tariyel Mirzəyev isə çıxışında bildirib ki, hazırda dənizçilikdə effektiv idarəetmə operativ qərarvermə, dəqiq koordinasiya, situasiyaların real vaxtda təhlili və müasir texnologiyalardan səmərəli istifadə kimi amillərə əsaslanır. O, gələcəyin dənizçilərinin bu bacarıqlara yiyələnmələrinin ümumilikdə ölkənin dənizçilik sahəsində qlobal rəqabətliliyinin artırılmasında mühüm rol oynayacağını vurğulayıb.
Görüşdə ADDA-nın məzunları olan ASCO-nun iki gənc əməkdaşı – Emin Paşayev və Samir Cabbarov da iştirak edib. Onlar xarici sularda üzən gəmilərdə qazandıqları təcrübə barədə danışaraq bildiriblər ki, ADDA-da aldıqları biliklər onların dənizçilik mühitinə sürətli adaptasiyalarına və peşəkar kimi formalaşmalarına böyük töhfə verib.
Sonda tələbələrə ASCO adından hədiyyələr, eləcə də Azərbaycan gəmiçiliyinin tarixinə həsr olunmuş “Zamanla eyni dalğada” kitab-fotoalbomu təqdim olunub.

