Beynəlxalq Dəniz Təşkilatı Azərbaycana təşəkkür edib
Ötən ilin may ayında “SAIPEM” şirkətinin Xəzər dənizində boru düzmə əməliyyatları üçün istismar olunan “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisə zamanı xəsarət alanların xilasedilməsində şücaət göstərən “CITADEL” gəmisinin kapitanı Elbrus İsmayılov dəniz nəqliyyatı sahəsində göstərdiyi peşəkarlığa və fədakarlığa görə Beynəlxalq Dəniz Təşkilatının (BDT) təşəkkür məktubuna layiq görülüb.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyindən (Agentlik) məlumat verilib.
"Hadisə barədə Agentliyin Milli Mərkəzinə məlumat daxil olandan qurumun kapitalnları xilasetmə əməliyyatlarının koordinasiyası, aidiyyəti qurumların hadisənin nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edib.
Hadisə baş verən zaman pis hava şəraiti ilə əlaqədar helikopterin və sairə xilasedici vasitələrin cəlb olunması mümkün olmadığından “BUE CASPIAN LTD” şirkətinə məxsus “CITADEL” gəmisindən “İsrafil Hüseynov” gəmisinin yaralı personalını dərhal təxliyə etmək xahiş olunub. E.İsmayılovun rəhbərliyi altında 17 nəfərdən ibarət gəmi heyət üzvləri hadisə zamanı yaralı personalın təxliyə olunmasında təqdirəlayiq şücaət nümayiş etdiriblər. Təxliyə zamanı xəsarət alanların sürətli və təhlükəsiz şəraitdə sahilə çıxarılaraq onlara yardım göstərilməsi təmin olunub.
Dənizdə qatı duman şəraitində gəminin dəniz qurğusuna təhlükəsiz yanalmasının təmin edilməsi, zərərçəkən personalın gəmiyə təhlükəsiz transferi və onların tibbi yardım müəssisəsinə vaxtında çatdırılmasında operativliyin təmin olunması, dənizçilərimizin peşəkarlığından və yüksək fədakarlıqla cəsarətli addım atmasından xəbər verir.