Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Ulu Öndər Heydər Əliyevin dəniz gəmiçiliyinin inkişafı strategiyası

Bu il mayın 10-da xalqımızın Ümummilli Lideri – müstəqil dövlətimizin qurucusu, öz dühası, qətiyyəti və əməli fəaliyyəti ilə Azərbaycana bugünkü reallığı, yüksəliş tempini və perspektivləri bəxş edən Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Bütün şüurlu ömrünü Vətəninin inkişafına və tərəqqisinə həsr edən Ulu Öndər dövlətçilik sahəsində müstəsna istedadı ilə təkcə Azərbaycanın deyil, dünya siyasət aləminin nadir Şəxsiyyətlərindəndir.   

Heydər Əliyev xalqımızın müstəqil dövlətin vətəndaşı olmaq  arzusunu gerçəkləşdirən oğludur. Tarixi təcrübədən məlumdur ki,  müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Xalqımızın milli oyanışı və  dirçəlişi prosesinin məntiqi nəticəsi kimi yaranmış türk-müsəlman dünyasının ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyətinin ömrü xarici müdaxilə və beynəlxalq təminatın olmaması səbəbindən cəmi 23 ay çəkmişdi. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə ehtiva edən yeni dövlət və cəmiyyət nümunəsinin ömrü az olsa da, xalqımızın dövlətçilik şüurunda əvəzedilməz rol oynayaraq onun azadlıq, müstəqillik ideyalarını daha da gücləndirmişdi...

Ötən əsrin son onilliyində Azərbaycana dövlət müstəqilliyini ikinci dəfə reallığa çevirmək şansı verildikdə xalqımızın bəxti onda gətirdi ki,  Ulu Öndər – Heydər Əliyev kimi dahi Şəxsiyyət vardı. Məhz Heydər Əliyevin müdrikliyi, qətiyyət və əzmkarlığı dövlətçiliyimizə zidd qüvvələrin qarşısını aldı, milli həmrəyliyi təmin edərək ilk demokratik respublika təşkilatçılarının ruhunu şad, Azərbaycanın müstəqilliyini isə sarsılmaz, tərəqqisini dönməz etdi.

Ölkəmizin dövlət müstəqilliyinə nail olması üçün möhkəm təməl isə Ümummilli Liderin hələ keçən əsrin 70-80-ci illərində sovet Azərbaycanına rəhbərliyi dövründə qoyulmuşdu. Heydər Əliyev qeyri-adi idarəçilik bacarığı, uzaqgörən və müdrik qərarları ilə respublikamızı keçmiş ittifaq məkanında öncül sənaye ölkəsinə çevirmiş, öz həyatını müstəqil şəkildə qura bilməsi, heç bir ölkədən asılı olmadan yaşaması üçün bütün lazımı potensialını formalaşdırmışdı.

Hər işdə kompleks yanaşma nümayiş etdirən Ulu Öndər ölkənin təkcə sənaye potensialını formalaşdırmaqla kifayətlənməmiş, həm də Azərbaycana lazım olan insan kapitalını yetişdirmişdi. İstedadlı gənclərin oxuyub təhsil almaları, özlərini hərtərəfli inkişaf etdirə bilmələri üçün gözəl şərait yaratmış, ölkənin yüksəkixtisaslı mütəxəssislərə olan tələbatını ödəməyə çalışmışdı.

Kremldə çalışdığı zamanlarda da  Heydər Əliyev Azərbaycanı yaddan çıxarmır, ölkənin müasir dövrün tələblərinə uyğun inkişaf edə bilməsini nəzər-diqqətində saxlayırdı.

Dəniz gəmiçiliyinin inkişafı Ulu Öndərin istər Azərbaycanda hakimiyyətinin birinci mərhələsi (1969–1982), istər fəaliyyətinin Kreml, istərsə də müstəqilliyimizin bərpasından 2003-cü ilədək olan dövründə  daim diqqətində olub. O,  sahənin spesifikliyini və incəliklərini dərindən bilir, yaranan problemlərin təxirəsalınmadan həllinə xüsusi önəm verirdi. Bütün bunlar təkzibolunmaz – arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlardır.

Heydər Əliyevin gəmiçilik sahəsindəki xidmətləri ayrıca bir mövzu olduğu üçün onun  zəngin tarixi irsinə yenidən müraciət edərək dəniz gəmiçiliyi sahəsinin inkişafına verdiyi töhfələri bir daha yada salacağıq.

“HEYDƏR ƏLİYEV ERASI”NIN BAŞLANĞICI

1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilir. Plenumun müzakirəsinə yalnız bir məsələ – təşkilat məsələsi çıxarılır. 

Həmin ərəfədə son 10 ildə Azərbaycan KP MK-nın birinci katibi işləmiş Vəli Yusif oğlu Axundov Elmlər Akademiyasının akademiki və akademiyanın ümumi yığıncağında vitse-prezident seçilmişdi.

V.Axundov son zamanlar səhhətində yaranan problemləri həll etmək və elmi fəaliyyətini davam etdirmək xahişi ilə Sov.İKP MK-ya müraciət etmişdi. Mərkəzi Komitə tibb elmləri doktoru, proffessor V.Axundovun  xahişini anlayışla qarşılamışdı. Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə xüsusi diqqətlə namizəd seçilirdi.

Sovet dönəmində kommunist partiyasının rəhbər orqanların ən mühüm qərarları plenumlarda qəbul edilirdi. Bu plenumda da Azərbaycan üçün taleyüklü qərar qəbul edilir – Moskvadan gəlmiş Mərkəzi Komitənin katibi İ.V. Kapitonov respublikanın yeni rəhbərinin adını açıqlayır: “Bu vəzifəyə çoxlu namizədlər nəzərdən keçilmişdir. Hərtərəfli öyrəniləndən və müzakirə ediləndən sonra Heydər Əlirza oğlu Əliyevin namizədliyi üzərində dayanılmışdır.  

Bilirəm ki, siz onu yaxşı tanıyırsınız, barəsində çox danışmağa ehtiyac yoxdur, amma bir neçə söz demək istəyirəm. H.Ə.Əliyev obyektiv bir üstünlüyə malikdir ki, o, hələ cavandır, 1923- cü ildə anadan olmuşdur”.

Sovet dövründə formalaşmış ənənə və qaydalara görə respublika rəhbəri kimi məsul vəzifəyə təyin edilmək üçün 46 yaş həqiqətən cavan yaş hesab edilirdi. Daha sonra İ.V.Kapitonov xüsusi vurğulayır ki, “respublika rəhbəri üçilliyə, beşilliyə yox, daha uzun müddətə seçilməlidir”...

Bu, başadüşülən idi. Azərbaycan yüksək inkişaf etmiş sənaye və çoxsahəli kənd təsərrüfatı respublikası olub, böyük təsərrüfatı ilə seçilirdi. Təsərrüfat isə böyük olduğu qədər də mürəkkəb idi və Mərkəzi Komitə katibinin dediyi kimi burada həll edilməmiş çoxlu problem, çətinliklər və çatışmazlıqlar vardı. Bütün bunların öhdəsindən gəlmək üçün bacarıqlı təşkilatçıya, tədbirli və qətiyyətli rəhbərə ehtiyac vardı. Yeni rəhbərə isə bu  problemlərin araşdırılması və lazımi tədbirlərin görülməsi üçün vaxt tələb olunacaqdı. 

İ.V.Kapitonov çıxışına davam edərək namizədin üstünlüklərindən söz açır. Onun yaxşı təşkilatçı, insanlarla işləməyi bacaran, özünə və tabeliyində olanlara qarşı  tələbkar olduğunu qeyd edir.

Plenumda çıxış edən V.Axundov da namizədin layiqli olduğunu bildirir və bundan sonra səsvermə yolu ilə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi təsdiq olunur.

Yeni rəhbərə söz verilir. O, göstərilən etimada görə təşəkkürünü bildirərək deyir: “Mən bu vəzifəyə başlamaqla əlaqədar üzərimə düşən bütün məsuliyyəti anlayıram, qarşımda duran vəzifələrin çətinliyini və mürəkkəbliyini başa düşürəm və əmin etmək istəyirəm ki, bu böyük və yüksək etimadı doğrultmaq üçün bütün imkanlarımdan istifadə edəcəyəm”. 

RESPUBLİKADA VƏZİYYƏT

Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldiyi zaman ölkədə iqtisadiyyat elə bir vəziyyətdə idi ki, onun artıq böhran mərhələsinə qədəm qoyduğunu söyləmək olardı. Respublikada milli gəlirin inkişaf tempi, sənaye və kənd təsərrüfatı istehsalının həcmi, habelə digər mühüm götəricilər ümumittifaq göstəriciləri ilə müqayisədə geridə qalırdı. Bir çox sahələrin texniki-iqtisadi göstəriciləri aşağı düşürdü. Kənd təsərrüfatında da istehsal səviyyəsi ürəkaçan deyildi. Buna səbəb kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsində, meliorasiya və dəmyə torpaqların suvarılmasında  nöqsanların olması idi.

Bir sözlə, iqtisadiyyatın inkişaf etməsi üçün yeni proqramın işlənib hazırlanmasına, xalq təsərrüfatında isə köklü struktur dəyişikliklərinin aparılmasına ehtiyac vardı. İşlər çox, həm də mürəkkəb idi. Yaranmış vəziyyət əzmkar, əyilməz xarakterli rəhbər tələb edirdi. Hadisələrin sonrakı gedişatı göstərdi ki, Heydər Əliyev məhz belə rəhbərdir.

 Heydər Əliyev respublikanın rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən hər bir problemi dərindən öyrənir, təhlil edərək onun həlli yollarını axtarırdı. Odur ki, müsbət dəyişikliklər də özünü çox gözlətmədi – iqtisadiyyatın bütün sahələrində canlanma başladı.

XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN FƏALİYYƏTİNİN MÜZAKİRƏSİ

Dirçəliş Xəzər Dəniz Gəmiçiliyinin işində də nəzərə çarpır. Bu, təsadüfi deyildi. Belə ki, Heydər Əliyev ölkə rəhbəri seçiləndən sonrakı elə ilk həftədə keçirilən Mərkəzi Komitənin büro iclasının gündəliyinə “Xalq təsərrüfatı yüklərinin daşınmasının yaxşılaşdırılması sahəsində Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin işi haqqında” məsələ daxil edir.  

Azərbaycan KP MK-nın 1969-cu il iyulun 22-nə təyin edilmiş büro iclasına Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəhbərliyi, Bakı Dəniz Ticarət Limanının rəisi, gəmi təmiri zavodlarının baş mühəndisləri dəvət edilirlər.

Heydər Əliyev iclasda xalq təsərrüfatı yüklərinin daşınmasında xüsusi önəm kəsb edən ahəngdarlığın bərpa edilməsi yollarını sahənin aparıcı mütəxəssisləri və sahəyə cavabdeh olan şəxslərlə birlikdə müzakirə edir.

İclasda Gəmiçiliyin 1968-ci il üçün yükdaşımalar planını 98,4 və yüklərin limanda aşırılması planını (Bakı limanı 1992-ci ilədək Xəzər Dəniz Gəmiçiliyinin tərkibində fəaliyyət göstərib) 88,3 faiz yerinə yetirdiyi qeyd olunur və bundan sonra yükdaşımalar üzrə ümumi planın tam yerinə yetirilməməsinin səbəbləri araşdırılır. Əsas səbəblər kimi gəmilərin limanlarda səmərəsiz boşdayanmalara məruz qalması, yükgötürmə imkanlarından tam istifadə olunmaması göstərilir.  

Ayrı-ayrılıqda maye və quru yük daşıyan gəmilərin, gəmi-bərələrin fəaliyyətinə baxılır.

Maye yük daşıyan gəmilərin işinə pozucu təsir göstərən amillər sırasında Bakı və Mahaçqala limanlarında yanalma körpülərinin və neft çənlərinin kifayət etməməsi, neftvuran nasosların aşağı məhsuldarlıqla işləməsi, çox vaxt xam neftin duruldulmasına ehtiyacın olması (tərkibində yüksək miqdarda – 6 %-dək su olanda nefti çənlərdə saxlayıb durultmaq lazım gəlir ki, bu da çən və vaxt itkisinə gətirib çıxarır) kimi faktlar yer alır.

Neftdaşıyan gəmilərin daha çox payız-qış mövsümündə səmərəsiz boş dayanmalarına da aydınlıq gətirilir – mövsümə xas olan meteoroloji çətinliklər nəzərə alınmır. Təkcə bu səbəbdən 1968-ci ildə plan vaxtının itkisi 4,8 % olub ki, bu da təxminən 1 milyon ton neft və neft məsullarının daşınmadığını bildirir.

Prinsipial müzakirə zamanı bütün nöqsanlar dilə gətirilir: quru yüklərin daşınması üzrə 1968-ci il və 1969-cu ilin birinci yarımilliyi üçün plan istər quru yük daşıyan gəmilər, istərsə də  Bakı – Krasnovodsk (indiki Türkmənbaşı) xəttində istismar olunan gəmi-bərələr tərəfindən yerinə yetirilməyib və buna səbəb olaraq gəmi-bərələrin yüklə tam təmin olunmaması göstərilir.

Qeyd etmək lazımdır ki, gəmi-bərələrlə daşınacaq vaqonlar müxtəlif respublikalardan gətirilirdi və onların dəmiryolçuları təkcə 1968-ci ildə gəmi-bərələrə planla nəzərdə tutulduğundan 13720 ədəd az vaqon vermişdilər ki, bu da gəmi-bərələrin yükgötürmə qabiliyyətinin 13,5 %-inin itirilməsi demək idi. Azərbaycan Dəmir Yolu İdarəsi də Bakı limanından tökmə yükləri (duz, kömür, filiz və s.)  vaxtında daşımadığından, yüklərin aşırılması üçün boş meydançalar çatışmırdı.

Donanmanın fəaliyyəti hərtərəfli müzakirə edildikdən sonra onun saz vəziyyətdə olmasına görə məsuliyyət daşıyan gəmi təmiri zavodlarının işi təhlil edilir və problemlərin kompleks həlli yolları axtarılır.

Gəmiçiliyin geriləməsinə səbəb olan nöqsan və çatışmazlıqların tezliklə aradan qaldırılması üçün iclasda konkret tapşırıqlar verilir və Bakı limanında yükaşırma işinin yaxşılaşdırılması məqsədi ilə iki yanalma körpüsünün tikintisini sürətləndirmək qərara alınır.

Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi Cabbar Haşımova tapşırılır ki, 1970-ci ilin martın 1-nə qədər qərarın yerinə yetirilməsi barədə Azərbaycan KP MK-ya hesabat təqdim etsin. 

Bu tapşırığın verilməsi göstərir ki, Gəmiçilikdə artıq köhnə qaydalarla işləmək mümkün olmayacaq, tənqiddən nəticə çıxarmaq, ölkə rəhbərinə əməli işlə cavab vermək lazım gələcəkdir.

Əmək ənənlərinə sadiq qalan, ölkə iqtisadiyyatına öz töhfələrini verməyə çalışan dənizçilər çox keçmir ki, bir həqiqətin də  şahidi olurlar: çözülməsi çətin olan problemlərin həllində onlar tək deyillər, ölkə rəhbəri daim onların yanındadır və o, nöqsanların aradan qaldırılmasında nə qədər tələbkardırsa, yaxşı işi və qabaqcıl təcrübəsi ilə seçilən işçilərin əməyinə ədalətli qiyməti verməyi, dövlət səviyyəsində mükafatlandırmağı da bacarır.

Sevda Abddullayeva - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır