Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Gəminin boru xətti sistemi nədir?

Gəmi boru xətləri onun dayanıqlı fəaliyyətini və maye yüklərin daşınmasını təmin edən əsas amillərdən biri hesab edilir. Onların layihələndirilməsindən, materialın seçilməsindən, tikintisi və istismarından insan həyatı, konkret su hövzəsinin ekoloji vəziyyəti və bir sıra təbii hadisələr asılıdır.

Gəmidəki boru xətti sistemləri nədir? Hansı əsas hissələrdən ibarətdir? Hansı funksiyanı yerinə yetirir və bu mürəkkəb sistemin uzunömürlülüyü və hermetikliyini hansı materiallar təmin edir?

Boru xətlərinin strukturuna baxanda görürük ki, istənilən gəmi hermetik gövdənin içində düzülən boru və armaturlardan ibarət olan bir konstruksiyadır.  Bu mürəkkəb quruluşun hesabına gəmi üzərək qarşısına qoyulan tapşırıqları yerinə yetirə bilir.

Gəmi sistemlərinin əsas hissəsi borudur. Boru üçün materialı onun istifadə olunacağı yerin mühitinə, korroziya ehtimalına görə dünya standartlarına uyğun seçirlər. Materialın seçilməsində borunun nəql edəcəyi mayenin tərkibi ilə yanaşı gəmi sifarişçisinin büdcəsi də əhəmiyyətli rol oynayır.

Gəmi boru xətti mürəkkəb tərkibli və əyri formaya malik olur. Onun quraşdırılması üçün əlavə detallara ehtiyac yaranır. Bu sistemdə düz hissələr az olduğundan, keçidlər, əyriliklər, qalxma və enmələr xüsusi dizlər, üçlüklər və stəkanlar vasitəsilə aparılır. Bu elementlər boru xəttini daha çevik və istənilən gəmi konfiqurasiyası üçün uyğun edir.

Gəmi boru xətti və onun tərkibinə daxil olan armatur ( xüsusən də bağlayıcı və tənzimləyici funksiyalarını yerinə yetirən) daim korroziyaya, mexaniki təsirə və aşınmaya məruz qalır. Bu səbəbdən də gəmi boru xətlərinin tərkibi olan materiallar üçün əsas tələb uzunömürlülük, təmirə yararlılıq, korroziyaya və yüksək nəmişiliyə davamlılıq hesab olunur.

Gəmi boru xətləri məsuliyyətli sistemlər kateqoriyasına aid olduğundan layihə üzərindən başlayaraq, istifadə müddəti daxil olmaqla bir sıra tələblərə cavab verməlidir:

- Uzunömürlülük və yüksək etibarlılıq

- Həyat qabiliyyəti - ayrı-ayrı elementlərinin sıradan çıxmasına və ya qəza vəziyyətinə baxmayaraq sistemin öz funksionallığını saxlamaq qabiliyyəti

- Mexaniki təsirlərə və korroziyaya davamlılıq

- Ətraf mühitin dəyişməsi nəticəsində effetktivlik

- Təmirə yararlılıq

- Quraşdırılma, sökülmə və sıradan çıxmış hissənin dəyişdirilməsinin tez bir zamanda aparılması

- Sistemin büdcəyə uyğun əlverişli qiyməti

- Səliqəli və xoş görünüş

- Gəmidəki təhlükəsizlik qaydalarının təmin edilməsi

- Ekoloji təhlükəsizliyə və su hövzələrinin çirklənməsinin qarışınının alınmasına dair beynəlxalq konvensiyalara uyğun olması

Gəminin ümumi sistemi özünə məxsus funskionallığı və xüsusi quraşdırılması olan ayrı-ayrı ixtisaslaşmış borulardan ibarətdir. Sistem ümumilikdə gəminin normal işini təmin etmək üçün suyun (və başqa mayelərin), havanın, buxarın və qazın yerdəyişməsini təmin edir. Bura həmçinin heyətin təhlükəsizliyi və rahatlığı, yükün saxlanması və təhlükəsizliyi də aiddir. Boru xətti sistemləri həmçinin gəminin təyinatı üzrə birbaşa görməli olduğu işin yerinə yetirilməsinə də təminat verir.

Gəmi boru xətləri adətən aşağıdakı sistemləri özündə birləşdirir:

Anbar

Bura neft saxlanılan anbarların qurutma, suboşaltma və axıtma sistemləri daxildir. ”Anbar” adı altında birləşən bu sistemlər bir sıra xüsusiyyətləri ilə qəza və ya nəzərdə tutulmuş hallarda gəmidən suyu xaric edir.

Ballast

Bu sistem ballast əməliyyatı zamanı ballastın qəbulu, ötürülməsi və gəmidən xaric edilməsi üçündür. Bu əməliiyat qəza zamanı krenin aradan qaldırılması, lazım olduqda isə süni krenin yaradılması, qəza zamanı və ya nəzərdə tutulmuş hallarda differentin dəyişməsi və aradan qaldırılması üçün yerinə yetirilir.

Yanğınsöndürmə

Gəminin istənilən yerində, o cümlədən tezalışan və partlayan maddələrin yerləşdiyi hissələrdə baş verə bilən yanğını söndürmək üçün sistem. Borular vasitəsilə ötürülən və sonra uzunluğu 15-20 metr olan şlanqlarla buraxılan müxtəlif yanğınsöndürən maddələr (su, buxar, təsirsiz qaz, köpük və s) nəzərdə tutulur.

Sanitar

Bu boru xətləri gəminin  sanitar-gigiyenik və təsərrüfat ehtiyaclarının ödənilməsi üçün quraşdırılır. Kommunal şəbəkə anologiyası ilə quraşdırılan bu sistemin köməyi ilə gəminin qida blokunun, sanitar və təsərrüfat xidmətlərinin fəaliyyəti təmin edilir. Bu sistemdə gəminin sərnişinləri və heyəti üçün həm içməli su, həm də yuyunma üçün su olur. Gəminin məişət tələbatı üçün bortdankənar su da bu sistem vasitəsilə verilir.

Çirkab suları

Bu, gəminin sanitar-məişət otaqlarından (duş, hamam, əlüzyuyan) və tualetlərindən suların çıxarılması, atmosfer yağıntılarının və suyun açıq göyərtələrdən və platformalardan bortdankənar xaric edilməsi üçün istifadə edilən boru xətti qrupudur.

Beynəlxalq qaydalara görə limanlarda və sahilə yaxın yerlərdə çırkab sularını dənizə axıtmaq qadağan edildiyindən, 3 gün müddətində duracaqda dayanan hər bir üzən vasitədə belə suların saxlanılması üçün xüsusi qablar (adambaşına 50 litr hesabı ilə) olmalıdır. 

Musa Əliyev - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır