Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Milli Kino Günü: Dəniz fərqli "obraz"larda

Yayın əmanəti

Bir ilin yorğunluğunu üstümüzdən atmaq üçün həsrətlə gözlədiyimiz, istisinə qızındığımız, günəşiylə hərdən dost olub, hərdən yandırıcı şüasından bezib küsdüyümüz, amma bütün hallarda ana təbiətlə iç-içə ola bildiyimiz yay fəslinin tədricən sonuna yaxınlaşmaqdayıq. 

Siz də fikir vermisinizmi, bilmirəm, amma yayın ilk günlərində necə böyük həvəs, günəş sevgisi, gəzmək arzusu olursa, sonlarına doğru bir süstlük, bezginlik hökm sürür həm təbiətdə, həm də insanlarda. Susuzluqdan cadar-cadar olmuş torpaq, neçə ay boyunca budaqdan asılı qalan yarpaq, sanki öz bürküsündən özü də bezmiş hava, istidən usanmış insan yayın son çağlarının ümumi mənzərəsidir.

Yayı daha çox sevdirən, onu özəl edən amillərdən biri də dənizdir, şübhəsiz. Dəniz yay fəslində həm də bir növ xilaskar rolunu oynayır. Bəzən günəşin şıltaqlığından, yarpağı belə qımıldatmağa ərinən havanın tənbəlliyindən qurtulmağın tək yolu dəniz olur. O an dəniz bütün gözəlliklərini sərir ona pənah gətirən insanın ayaqları altına. Göy üzü ilə yarışa girən mavi dalğaları nazlı gəlin kimi cilvələnir, insanı ağuşuna almağa tələsirmiş kimi döyəcləyir qumsalı. Yəqin buna görədir, yay deyərkən çoxlarının yadına birinci o mavi suların düşməyi.

“Mavi bir rəngdən daha artıqdır, məncə, sonu olmayan bir göy üzü... Ümid dolu bir dəniz...”- demişdi şair Camal Sürəyya.

Nə qədər haqlıdır, deyilmi? Mavi bütün saflığı, təmizliyi, sevinci, huzuru özünün ən dərinində qoruyan, zaman-zaman insanı da bu huzuruna, saflığına “qonaq edən” rəng deyilmi? Ürəyimiz sıxılanda, yalnızlaşanda, dünyayla “sözümüz çəp gələndə”, hər şeyi bir andaca bitirməyə hazır olduğumuz o anda qəflətən, heç planında, fikrində olmadan başını yuxarı qaldırıb baxsan, göy üzündə sənə gülümsəyən maviliklərin huzuruna boyanmış olacaqsan. Sonsuzluqdur, əngin fəza, ucsuz-bucaqsız varoluşdur maviliklər. Həm də özü boyda sirdir. Nə olduğunu, arxasında nələri gizlətdiyini, bizə hər dəfə hansı süprizlər edəcəyini bilmərik, amma yenə də hər dəfəsində ona inanmağı seçərik. Yalnızlaşanda, problemlərdən, dərddən-sərdən başımızı itirəndə gücümüz bir əllərimizə, bir də ona çatar. Dua kimidir mavi rəng. Ümiddir, gözləntidir, arzudur o. Hələ əsrlər, illər öncə böyük dənizlər, ucsuz-bucaqsız okeanlar, dərin səmalar qət edənlərin ailəsinin, sevdiklərinin gözləntisi, həsrəti, bir gün qayıdacaq ümididir.

Ayrılıqdır maviliklər. Böyük ümidlərlə ona pənah aparanları bircə anlıq şıltaqlığına qurban verə biləcək qədər vecsizdir həm də. Nə çoxdur o mavi ağuşun məhrəmliyinə inanıb pəncəsində can verənlər...

Dənizi təkcə yaya aid etmək, sanki ancaq həmin üç ayda mövcudmuş kimi məhdudlaşdırmaq doğru deyil, haqlısınız. Bu təbiət möcüzəsi ilin bütün fəsillərində, fəslin bütün günlərində, anlarında özəldir, sevimlidir, ən doğma kəsin kimi məhrəmdir.

Bütün tənhaların sığındığı liman, bütün yalnızların pənah apardığı ilk ünvandır dəniz. Ürəyini didib-parçalayan, beyninin hər küncünü işğal edən, fikirlərini qazıyan bütün narahatlıqları bir göz qırpımında o mavi sulara atmaqdan gözəl nə ola bilər ki? Rahatlıqdır, bir quş lələyinin xəfifliyidir dəniz. Çox zaman sevincimizi də, qəmimizi də məhz ona danışarıq. Yerində yırğalana-yırğalana elə diqqətlə dinləyər, dünyanın bütün gözəl musiqilərini əvəz edə biləcək səslənişi ilə elə təsəlli edər ki, özünü həmin an ayaqlarını basdığın o sahildə yenidən dünyaya gəlmiş kimi hiss edərsən. Ona görə dənizə ən yaxşı dost, ən güvənli sirdaş deyirlər yəqin.  

Dəniz - dubl 1

Təbiət möcüzələri içərisində incəsənətin ayrı-ayrı sahələrinin müraciət etdiyi, yaradıcıların öz işlərində tez-tez yada saldığı gözəllikdir həm də dəniz. İlham mənbəyi, ya da pərisi deyirlər ha, bax onun kimi...

İnsanı tədqiq edən, insanla bilavasitə bağlı olan, onun hisslərini əks etdirən incəsənətin dənizə laqeyd yanaşacağını yəqin ki, heç birimiz gözləyə bilmərik. Çünki dəniz həm də insana bənzəyir. İnsan kimi qarmaqarışıq duyğuları, təlatümləri, duruluğu, paklığı, bəzən şıltaqlığı, bəzənsə qəddarlığı özündə cəmlədiyindəndir bəlkə də bu qədər doğmalıq, yaxınlıq.

Təbiətin mavi gəlini mavi ekranlarda da hər zaman öz yerini tutmağı bacarıb, filmlərin sayəsində balaca evlərə də “ayaq açıb”.

Xəzər dənizinin qoynunda, onun dalğalarının ağuşunda qərarlaşan ölkəmiz də hər zaman dənizə doğma olub. Rejissorlarımız, rəssamlarımız, şair və yazıçılarımız, bəstəkarlarımız tez-tez öz yaradıcılıq nümunələrində dənizi yad edir, onun hansısa özəlliyindən istifadə edirlər.

Azərbaycan kinomatoqrafiyasının ilk illərindən ta bu günə qədər də dənizlə əlaqədar onlarla film çəkilib, izləyicilərin ixtiyarına verilib.

Xəzər dənizi neft ocağı, ölkəmiz isə “qara qızılın” vətəni hesab edildiyindən bu filmlərin bir çoxunun Xəzərdə neft çıxarılması, cəfakeş neftçilərin həyatı, ümumilikdə dənizdəki fəaliyyətlə bağlı olması heç də təəccüblü hal deyil. Elə ilk filmlərdən biri olan, 1931-ci ildə çəkilmiş “Dənizdə neft yanğını” adlı səssiz ekran işi buna nümunədir. Sənədli, qısametrajlı kinolent Xəzər dənizində təbii qazların üzə çıxması və yanğınların təsadüf nəticəsində baş verməsi haqqındadır.

1956-cı ildə ekranlaşdırılan “Qara daşlar” kinopovestində neft uğrunda aparılan qəhrəmanlıq mübarizəsindən, qabaqcıl neftçilərin irəli sürdükləri cürətli təşəbbüslərin həyata keçirilməsinə mane olan mühafizəkarlarla yenilikçilərin toqquşmasından, gənclərimizin əmək fədakarlığından bəhs edilir. Filmdə neft kəşfiyyatçılarının dənizdə qazma işləri apardıqları zaman baş verən dramatik hadisələr lentə alınıb.

Rejissor Vladimir Konyaginin 1966-cı ildə lentə aldığı “Dənizdə möcüzə” sənədli qısametrajlı film isə dünyada tayı-bərabəri olmayan, Xəzər dənizində polad dirəklər üzərində salınmış Neft Daşlarına həsr olunub. Ondan əvvəl, 1955-ci ildə rejissor Lətif Səfərovun çəkdiyi “Bəxtiyar” bədii filmi isə gözəl səsə, fitri istedada malik neftçi Bəxtiyar və onun özü kimi neftçi dostlarından bəhs edir.

Mayakın işçilərindən, onların xidmətindən, mayakın gecələr balıqçılara, dənizçilərə və neftçilərə yol göstərməsindən danışan “Dənizdə şüa” qısametrajlı sənədli filmi isə 1967-ci ildə rejissor Teymur Bəkirzadə tərəfindən çəkilib.

Bundan başqa Azərbaycan kino salnaməsində “Dəniz kənarında gəzinti” (1907), “Dəniz nefti axır” (1954), “Dənizdən keçən alov” (1964),  “Dəniz neftçilərinin gündəlik işləri” (1965), “Dəniz” (1965),  “Dəniz sirlərini açır” (1968), “Dəniz cəsurları sevir” (1973), “Dənizçi ürəyi” (1986), “Dəniz üzərində mahnılar”, “Dənizdə addımlayanlar” (2002), “Dəniz borcu qaytarır” (film, 2006), “Dənizlə danışan adam” (2010), “Dənizə doğru” (2014) kimi qısametrajlı sənədli, “Dənizin prelüdiyası” (2003) adlı sənədli, “Dənizə çıxmaq qorxuludur” (1973), “Dəniz suyu içən it” (2017) kimi qısametrajlı bədii, “Dənizi fəth edənlər” (1959) tammetrajlı bədii-sənədli, eləcə də “Dəniz səyyahı Sindbadın macəraları” (1941) və “Dəniz səyahəti” (1992) kimi cizgi filmlərində dəniz müxtəlif obrazlarda qarşımıza çıxır.

1983-cü ildə Cəmil Əlibəyovun əsəri və Pavel Finnin ssenarisi əsasında rejissor Yuli Qusmanın lentə aldığı “İlıq dənizdə buz parçası” psixoloji dramı təqaüdə çıxmış qocaman neftçi (Həsənağa Turabov) haqqında danışır. O, ürəyinin hökmü ilə yenidən dəniz mədəninə qayıdır və burada ən çətin sahədə gənclərə dayaq olur. Pritça düzgünlük, təmənnasızlıq, cəsurluq, xeyirxahlıq və ədalət kimi keyfiyyətləri tərənnüm edir.

Bayaq da adını çəkdiyimiz “Dəniz səyahəti” (1992) cizgi filmində dəniz azadlığın, qurtuluşun, əsarətdən qaçışın simvolu kimi xarakterizə olunur. Bu alleqorik nağıl acınacaqlı taleyi olan itaətkar qoyunlar haqqındadır. Belə ki, günlərin birində onların arasına “gözüaçıq” bir qoyun düşür və o hiss edir ki, qoyunları sürü ilə harasa, gedər-gəlməzə aparırlar. Qoyun öz taleyindən qaçıb canını qurtarmağa çalışır və yolunu dənizdən salır... Elçin Axundovun rejissoru, Murad İbrahimbəyovun ssenari müəllifi olduğu cizgi filmi ikinci adla “Dəniz gəzintisi” kimi də tanınır.

Adlarını çəkdiyimiz bu filmlərdən başqa bəzi filmlərdə isə dənizdən tamaşaçıları müəyyən hissələrdə bir mənzərə, xüsusi bir detal kimi maraqlandırmaq üçün istifadə olunub. Məsələn, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından bəhs edən “İşarəni dənizdən gözləyin” filmində olduğu kimi.

Xalq yazıçısı Anarın məşhur əsəri əsasında lentə alınan “Təhminə” filmində isə dəniz iki aşiqin qovuşduğu, birgə gözəl vaxt keçirdiyi romantik sevgi məkanlarından biri kimi təsvir olunub. Filmdə dənizin bəzən coşğun, dalğalı, bəzən isə səssiz olmasını baş qəhrəmanın daxili dəyişkənliyinə də yozmaq mümkündür.

Eyni motiv “Baladadaşın ilk məhəbbəti” və “O qızı tapın” filmlərində də özünü göstərir. Bu filmlərdə dənizin nazlı suları sevgilinin saflığı, eşqin təmizliyi ilə müqayisə olunur sanki.

“Bəxt üzüyü”, “Bağ mövsümü” kimi filmlərdə dəniz adətən, yayın göstəricisi, çimərlik sezonunun simvolu kimi göstərilsə də, bəzən mücərrəd mənalar da daşıyır. Məsələn, “Bəxt üzüyü” filmində qatıq satanın bütün qarışıqlardan, insanların bir-birinə yadlaşmasından, soyuqluqdan bezərək özünü dənizə atıb intihar etməsi daxili təlatümlərin məhz suda, dənizdə son tapması kimi də yozula bilər. Su təkcə bizim bildiyimiz odu, ocağı deyil, insanın içərisindəki ruhi yanğını da söndürməyə xidmət edir.

Bəli, burada dəniz müxtəlif obrazlarda qarşımıza çıxır. Film boyunca insanların istirahət etdiyi, uşaqların özgürcə oynadığı, əyləndiyi, insanların huzur tapdığı dəniz sonda ölüm mənbəyinə çevrilir. O sevimli dalğalar bir insanın qatilinə, mavi dəniz məzarına çevrilir. Nə yazıq ki, bu, nə ilkdir, nə də son. Dəniz bəzən ən qorxunc yırtıcıdan belə təhlükəli ola bilir, ya qəfildən, ya da insanın öz seçimi ilə...

“Uşaqlığın son gecəsi”, “Yuxu” filmlərində isə dəniz uşaqlıqdan gəncliyə, yetkinliyə addım kimi də xarakterizə oluna bilər. Sanki qəhrəmanlar həyat dənizlərinin uşaqlıq sahilindən qarşıdakı yetkinlik sahilinə doğru üzürlər və sonda bütün təlatümlərə, dalğaların yaratdığı maneələrə, onları sahildən uzaqlaşdırmağa çalışan küləyə, fırtınaya baxmadan, nəhayət o sahilə çatırlar.

Azərbaycanın milli qəhrəmanı Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən “Uzaq sahillərdə” filmində isə hadisələr başqa dənizin - Adriatik dənizinin sahillərində cərəyan edir. Filmin əvvəlində də deyildiyi kimi: “İndi Adriatik dənizi sahillərində başqa fırtına əsir”. İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsində xüsusi igidlikləri ilə seçilən “Mixaylo” İtalyanın Adriatik dənizi sahil rayonlarındakı Adolf Hitlerin ordusunun sıralarının pozulması işində xüsusi canfəşanlıq göstərib. O, bu sahillərdə onlarla uğurlu əməliyyatlar apararaq düşmənə sarsıdıcı zərbələr vurmağı bacarıb. Ekran əsərində də bu dəniz və onun sahillərində cərəyan edən hadisələr lentə alınıb.

Bəşəri yaradıcılıqdan söz açmadan, milli incəsənətimizin təkcə bir sahəsinin çox cüzi hissəsini özündə əks etdirən bu yazıya nəzər saldıqca insan istər-istəməz dənizin incəsənətlə, bədii yaradıcılıqla bu qədər sıx bağlılığına heyrət edir. Onların ortaq cəhətləri, bir-birini tamamlayan məqamlar o qədər çoxdur ki, deyəsən, bədii yaradıcılıq üçün tükənməz ilham mənbəyi olan dəniz haqqında danışmağa hələ davam edəcəyik...

Şahanə MÜŞFİQ


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır