Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

İstanbulun Böyükada cənnətində bir gün

İstanbulluların və turistlərin şəhərin səs-küyündən uzaqlaşıb, oksigen dolu nəfəs aldığı, yorğunluğu qısa müddətə də olsa, unudacağı, təbiətlə baş-başa vaxt keçirə biləcəyi bir yer var - Böyükada!..

İstanbula səfərimiz zamanı dostların təkidli tövsiyəsiylə biz də Böyükadanı görməyə yollandıq. "Kadıköy" limanında jurnalist olduğumuzu nəzərə alıb, səfər biletimizi ödənişsiz verdilər. Böyükadaya gedəcək gəminin limana gəlməsini gözləyirik. Gecikir... Biz biletə ayırdığımız pulla martılar üçün kiçik balıqlar alıb, onları yemləmək həzzini yaşamış oluruq. Gəmidə keçirdiyimiz zamanda isə sərnişinlərdən Böyükadanın tarixinə dair maraqlı  məlumatlar toplamağa başlayırıq.

Sən demə, dənizi, meşəsi, tarixi, qədim hekayəsiylə diqqət çəkən Böyükada qədim yunancada "Prinkipos", yəni Prens (şahzadə) adaları adlanırmış.

Adanın sahəsi 5.4 kvadratkilometr, əhalisi 7300 nəfərdən çoxdur. Adada evlərin əksəriyyəti yay evləri olduğundan burada qışa nisbətən yayda daha çox insan yaşayır. Ada İstanbulun Maltəpə çimərliyindən 2300 metr məsafədə yerləşir. Büyükadada iki təpə var -  Cənub təpəsi 203 metr yüksəklikdə olan Yücetəpə, Şimal təpəsi 164 metr hündürlükdə yerləşən Monastır təpəsidir.

1930-cu ildə yunan Pravoslav qəbirstanlığı yaxınlığında tapılmış, Böyük İsgəndərin atası, Makedoniya kralı II Filipə aid qızıl sikkələrindən ibarət "Böyükada xəzinə" adanın tarixinə aid ən qədim tapıntıdır (207 qızıl sikkədən ibarət bu xəzinə hazırda İstanbul Arxeologiya Muzeyində saxlanılır). Digər şahzadə adaları kimi, Böyükada da Bizans dövründə sürgün yeri kimi istifadə edilib. Adanın Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəthindən bir ay əvvəl ələ keçirildiyinə dair məlumatlar var.

Birinci Dünya müharibəsi illərində yunanların adadan köçməsi ilə ada əvvəlki canlılığını itirsə də, sonradan varlı ailələrin burada bağ evləri tikdirməsi, eyni zamanda, yeni köşklərin yaranması adaya ikinci həyat gətirib.

***

Adaya 1846-cı ildən qayıq səfərləri başlayıb. Hazırda İstanbul dəniz avtobusu ilə yanaşı, bir çox tur şirkətləri də adalara səfərlər təşkil edirlər. Kabataş, Kadıköy, Bostancı, Kartal limanlarından hərəkət edən gəmilər Büyükadaya gedir. Qiymətlər isə səyahət sıxlığına və fəsilə görə dəyişir.

Büyükadaya səyahətin ən gözəl, qaynar vaxtı yay aylarıdır deyirlər. Bizim səfərimiz Qurban bayramı ərəfəsinə təsadüf etdiyindən adaya İstanbulda yaşayan sakinlər və turistlər tərəfindən böyük axın olduğunu gördük.

Adaya girişdə Saat meydanı və Saat qülləsiylə qarşılaşırsan (Saat qülləsinin 1923-cü ildə - Türkiyə Cumhuriyyətinin qurulduğu il inşa edildiyi deyilir). Saat meydanından uzaqlaşdıqca, adanın içərilərinə doğru tarixi köşklər, otellər bir-bir sıralanmağa başlayır.

Büyükadanın ən əsas özəlliyi ondan ibarətdir ki, ada daxilində nəqliyyat vasitəsi kimi (rəsmi maşınlar istisna olunmaqla) yalnız velosiped və elektrikli maşınlardan istifadə edilir. Bu da adanı səs-küydən uzaq, təmiz havalı bir məkan kimi insanlara sevdirmiş olur.

Yeri gəlmişkən, bir vaxtlar burada əhalinin ən çox istifadə vasitəsi olan faytonlar hazırda müvafiq göstərişə əsasan ərazidən yığışdırılıb. Həmsöhbət olduğumuz ada sakininin dediyinə görə, səbəb baş verən çoxsaylı qəzalar olub. Böyükadanın "Çinar" adlanan prospektində hərəkət izdihamlı olduğundan və fayton yoluyla piyada yolu bir-birindən ayrılmadığına görə, insanların gəzməsi  çətinləşir, tez-tez qəzalar baş verirmiş.  Rəsmi qeydə alınan qəzaların sayı 2018-ci ildə 346, 2019-cu ilin ilk 7 ayında isə 229-a çatıb. Elə bu səbəbdən faytonların ada ərazisində istifadəsi qadağan olunub. Yaxın vaxtlarda adada 4 və 8 nəfərlik elektrikli maşınların sərnişinlərin istifadəsinə veriləcəyi gözlənilir.

Hazırda adanı gəzmək istəyənlərin əksəriyyəti velosipeddən və elektrikli maşınlardan istifadə edir. Səfərimiz zamanı havanın çox isti olduğuna görə, piyada gəzməkdən vaz keçib biz də elektrikli maşın kirayələdik. Gəzintimizə adada məşhur olan Aşıqlar təpəsindən başladıq. Yolboyu rəngarəng köşklərin qarşısından keçərək, gözəl memarlığa sahib evləri seyr etmək insanın ruhunu dincəldir. Burada biri-birindən bəzəkli binalar, əzəmətli saraylarla rastlaşırsan. Adanın müxtəlif yerlərində kafe və restoranlar var, ancaq  insanlar parklarda piknik etməyə daha çox üstünlük verirlər.

Yolüstü bələdçimizdən adadakı yaşayışla maraqlanırıq. Adada ən çox dəniz məhsullarının, isti yay günlərində isə ləzzətli, adayaməxsus dondurmanın yeyildiyi deyilir. Adanın satışa çıxardığı xüsusi məhsulları var: suvenirlər, maqnitlər və ən əsası, qadınların sevərək taxdığı çiçəklərdən hazırlanmış çələnglər. Məshulların qiymətinin hər turist üçün münasib olduğu bildirilir.

... Aşıqlar təpəsinə çatırıq. Buranın xüsusi retro gözəlliyi var. Hər yaş təbəqəsindən olan insanlar dinclik üçün buraya üz tuturlar: uşaqlar oynayır, gənc cütlüklər xüsusi hazırlanmış yerlərdə şəkil çəkdirir, yaşlılar yemək yeyir, klassik musiqilər fonunda bir tərəfi meşəyə, bir tərəfi dənizə açılan mənzərəni seyr edirlər.

***

Böyükadanın ən hündür təpəsində "Aya Yorgi kilsəsi" və "Aya Yorgi Monastırı" yerləşir. Bələdçimiz yolu əziyyətli olsa da, kilsəni görməyimizi bizə tövsiyə edir. Bir kilometlik yoxuşu piyada qalxmaq asan deyil,  biz də "Atlar meydanı" deyilən ərazidən velosipedlə kilsənin yerləşdiyi təpəyə qalxmağa  qərar veririk. Yolun məşəqqəti "kilsə sevdasından vaz keç!" desə də, qarşılaşdığımız insan axını bizi yolu sona qədər qət etməyə həvəsləndirir. Deyirlər, kilsənin olduğu təpədən İstanbula açılan mənzərə yorğunluğu unutduracaq. Yola davam edirik... Yolboyu insanlar inanclarına uyğun olaraq, ağaclara parça bağlayır, yola rəngli saplar səpərək dualar edirlər.

Təəssüf ki, biz kilsəyə çatdığımızda kilsədə iş saatı bitmiş olur. Binaya daxil ola bilmirik (iş saatı bazar ertəsi xaric, hər gün 10:00-16:00 imiş). Nəzarətçidən aldığımız məlumata görə, Aya Yorgi kilsəsinə 23 aprel-24 sentyabr tarixlərində dini ayinlər yerinə yetirmək üçün xristianların böyük axını başlayır.

Kilsənin arxasında böyük bir çay baxçası yerləşir. Buradan İstanbulu seyr etmək insana möhtəşəm duyğular yaşadır. Ailəvi restoranın taxta masaları və stulları köhnəlsə də, insana hüzur verir. Burada böyük dinclik yaşamaq istəyirsinizsə, 3 kilometr yolu piyada və ya velosipedlə dağa qalxmalısız.

Kilsənin yaxınlığında taxtadan tikilmiş Yunan Uşaq evi də var. Binanın tarixiylə maraqlanırıq. Deyilir ki, 1898-ci ildə fransız memar Alexendre Vallaury tərəfindən inşa edilən Böyükada Yunan Uşaq evi tamamilə taxta materiallardan tikilib. Bu səbəblə binanın dünyanın ilk çoxmərtəbəli taxta binası olduğu deyilir. Əsas və yan hissələrdən ibarət uşaq evi yan hissələrdə 6, əsas hissədə 5 mərtəbəlidir. Bina sadə dizayna sahib olsa da, möhtəşəm görünüşə malikdir.

***

Böyükadanın Aya Yorgidən başqa digər önəmli kilsəsi Ayios Dmitrios kilsəsidir. Rəhbərimiz deyir ki, bu kilsəyə pravoslav xristianlar dini ayinlərini yerinə yetirmək üçün üz tuturlar. Böyükadada kilsələrlə yanaşı, 4 məscid də fəaliyyət göstərir. Bunlardan ən önəmlisi isə II Abdulhamid tərəfindən tikdirilmiş Hamidiyə məscididir. Məscidin Ada Cami küçəsində yerləşdiyini öyrənirik.

Kilsədən dönərkən yolumuz Dil burnu parkına çıxır. Bu parkda yaşıllıqdan, dənizdən zövq alaraq dolaşmaq insanlar üçün həzverici əyləncəyə çevrilir. Xüsusən də, piknik sevənlərin məskənidir Dil burnu.

Adada yerləşən Eskibağ, Kumsal, Yörükali, Halk, Prenses, Nakibey çimərliklərinin dənizdən zövq alaraq istirahət etmək istəyənlər üçün faydalı seçim ola biləcəyini söyləyir ada sakinləri.

Böyükadada mütləq görüləsi xüsusi bir məkan da var: əksəriyyətimizin filmini sevə-sevə izlədiyimiz, romanını isə zövqlə oxuduğumuz "Çalıquşu" əsərinin müəllifi Rəşad Nuri Güntəkinin yaşadığı köşk. Məşhur yazıçı bu evdə ailəsi ilə birlikdə yaşayıb.

***

Artıq axşam düşür. Vaxtımızın məhdud olması səbəbiylə adada mövcud olan digər tarixi əraziləri gəzə bilmirik. Sahilə doğru enirik. Yolda 12-13 yaşında bir oğlanla rastlaşırıq. O, insanların sıx olduğu yerləri gəzərək, səsgücləndirici vasitəsiylə axşam adada, açıq havada film göstəriləcəyini deyib insanları filmə baxmağa dəvət edir. Bu, Böyükadada yaranmış tarixi ənənə imiş, bu gün də davam edir: həftədə bir dəfə adanın böyük meydanında insanlar açıq havada film izləyirlər.

Bu arada bizi Kadıköyə götürəcək gəmi Böyükada limanına yaxınlaşır. Gəmiyə minməyə tələsirik. Beləcə məscidləri, kilsələri, köşkləri ilə möhtəşəm olan Böyükadada xoş təəssüratlı bir günün sonuna gəlirik. Qarşıda bizi İstanbulun digər tarixi yerlərinə səyahət gözləyir...

Şəhla Aslan

İstanbul, Böyükada


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır