Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dəniz yolları coğrafiyası: gəmi kapitanları “ən əlverişli yolu” necə seçirlər?

Dəniz yolu özündə dəniz və okeanların su məkanlarını əhatə edən, eyni zamanda geniş akvatoriyası, farvateri və hidrotexniki qurğuları olan limanları, boğazları, kanalları, həmçinin gəmiçiliyin təhlükəsizliyini təmin edən texniki vasitələri birləşdirir.

Dəniz Akademiyasında tələbələr “Dəniz yolları coğrafiyası” kursunu bitirdikdə dünya okeanı və onun hissələri, dənizlər, körfəzlər, boğaz və kanallar, eləcə də daxili su yollarını öyrənirlər. Dəniz ölkələri, onların limanları, limanların xarakteristikaları haqqında ətraflı məlumata yiyələnirlər. Tələbələr meteoroloji və okeanoqrafik şərtlər nəzərə alınmaqla gəmi üçün ən əlverişli yolu seçməyi, coğrafi informasiya sistemləri ilə işləməyi və coğrafi koordinatlarda öz yerlərini təyin etməyi öyrənirlər.

Ölkələr arasında qurulan əməkdaşlıq iqtisadi münasibətlərlə tənzimlənir. Bu əməkdaşlığı həyata keçirmək üçün nəqliyyat vasitələrindən istifadə olunur. Nəqliyyat vasitələrinin hərəkəti üçün yollar lazımdır. Dünya iqtisadiyyatının əsas “qan-damar sistemi”ni məhz dəniz yolları təşkil edir.

Dəniz nəqliyyatı digər nəqliyyat vasitələri ilə müqayisədə hansı üstünlüklərə malikdir?

Hər bir nəqliyyat növünün üstün və mənfi cəhətləri mövcuddur. Dünya okeanında gəmilərin hərəkət yolu quruda şosse və ya dəmir yolu xətləri kimi dəqiq müəyyənləşdirilməyib və hər dəfə gəmi sürücüsü tərəfindən gəminin səfəri boyunca rast gəlinən ən müxtəlif fiziki-coğrafi şərait nəzərə alınmaqla seçilir. Bu da öz növbəsində gəmi sürücülərindən daha böyük səriştə və bacarıq tələb edir. Dünya okeanının vahidliyi və kifayət qədər böyük dərinliklərə malik olması dəniz nəqliyyatının su mühiti ilə istənilən məntəqəyə böyük həcmdə yükləri daşımağa imkan verir. Müqayisə üçün bütün nəqliyyat növlərinin yükgötürmə qabiliyyətinə nəzər salaq:

1 TIR (Transports International Routiers) maksimum 150t, 1 dəmir yolu qatarında maksimum 50 yük qoşqusu olur və hər qoşqu maksimum 60t yükgötürmə qabiliyyətinə malikdir. Deməli, dəmiryol nəqliyyatı bir səfərində maksimum 3000t yük daşıya bilər. Yük təyyarəsi maksimum 250t yük götürmək imkanına malikdir. Müasir quru yük gəmiləri hər səfərində 300 min t, super tankerlər isə 564,7 min t yük apara bilir. 

Ən əlverişli yol nədir və o necə seçilir?

İstənilən növ quru nəqliyyatının istifadəçiləri dənizçilər qədər çətinliklərlə rastlaşmırlar. Okeanda meteoroloji və hidroloji şəraitin dəyişkənliyi, onların naviqasiya vəsaitlərində göstərilən normalardan fərqlənmələri, gəmiyə gələn məlumatların gecikməsi gəmi sürücüsündən dərin və hərtərəfli biliklərə malik olmasını və əlində olan məlumatları analiz etmək bacarığı tələb edir.

Naviqasiya məqsədi ilə okeanların iqlim zonaları xəritələri 1966-cı ildə qəbul edilmiş “Yük markası üzrə Beynəlxalq Konvensiya”ya uyğun tərtib edilmiş okeanın mövsümi və zona rayonlarının xəritələridir.

İqlim zonaları xəritəsində tufan aktivliyinin sərhədlərini və vaxtlarını təyin etməklə Dünya okeanın istənilən rayonunda əlverişli üzmə yollarının seçilməsi üsulunu müəyyən etmək mümkündür.

Çıxış limanı və gəliş limanı məlum olduqda, təqdim edilən transokean yolları xəritələrinin birindən istifadə etməklə birinci yaxınlaşmada üzmə rayonu dəqiqləşdirilir və ən əlverişlisi qeyd edilir. Müəyyən edilmiş üzmə rayonu üzrə yolun şərhindən öncə orada hidrometeoroloji şəraitlər öyrənilir. Sonra gəminin çıxma məntəqəsi təyin edilir və gəlmə məntəqəsinin qarşısında yolun nömrəsi seçilir. Seçilmiş yolu naviqasiya xəritəsinə köçürərkən hər bir yol üçün bir neçə aralıq nöqtənin koordinatları qeyd edilir.

Bütün tövsiyə edilmiş yol variantları diqqətlə öyrənilir və ilin vaxtından, hidormeteoroloji şəraitdən, gəminin konkret istismar xarakteristikasından və reysindən asılı olaraq ən yaxşı variantlar qəbul edilir. Bundan sonra gəmi sürücüsü tövsiyə edilmiş yolun ətraflı öyrənilməsinə başlayır.

Gəmi sürücüləri seçilmiş yollar üzrə üzən zaman gəmiyə daxil olan prоqnozları və hava xəritələrini, tufan xəbərdarlıqlarını və müvafiq digər meteo informasiyaları öyrənir və onun əsasında gəminin kursunda dəqiqləşdirmələr edirlər. Hazırda gəmi sürücüləri üzmə yolu üzrə hava proqnozunu faksimil hava xəritələri və Hava Süni Peyk məlumatlarından istifadə etməklə asan əldə edirlər.

Gəmi kapitanının ən əsas vəzifələrindən biri idarə etdiyi gəmini, apardığı yükü və rəhbərliyi altında olan gəmi heyətini təhlükəsiz şəraitdə tam şəkildə sifarişçiyə çatdırmaqdır. Bütün bunları həyata keçirmək üçün gəmi sürücüsü ən əlverişli gəmi yolunu seçməlidir. Bu seçim gəminin hərəkətinə təsir göstərən bütün amillərin qiymətləndirilməsinə əsaslanır.

Ən əlverişli yol gəminin istismar və üzmə keyfiyyətlərini, həmçinin yükün xarakterini nəzərə almaqla beynəlxalq dəniz hüququ normalarına müvafiq olaraq seçilən naviqasiya cəhətdən təhlükəsiz ən qısa yoldur.

Quru yolları ilə müqayisədə dəniz yolları demək olar ki, məhdudiyyətsiz buraxma qabiliyyətinə malikdirlər. Bu imkan təbiətin töhfəsidir. Səfərin müddəti, eyni zamanda onun iqtisadi səmərəliliyi reysin uzunluğundan bilavasitə asılıdır. Dünya okeanının bir limanından digərinə ən qısa yol böyük çevrə qövsü üzrə keçir. Lakin məsafə üzrə ən qısa yol heç də həmişə zaman üzrə ən qısa olmadığı kimi, ən sürətli yol da ən təhlükəsiz olmur. Ən qısa yolun üzərində adalar, materiklər, eyni zamanda az dərinliyə malik rayonlar ola bilər ki, bu zaman onların ətrafından dönüb keçmək lazım gələcək. Bundan əlavə gəminin sürətinə bilavasitə olaraq hidrometeoroloji amillər – dalğalanma, axın, külək, buz və s. təsir göstərir.

Güclü mühərrikə malik müasir gəmilər hidrometeoroloji təhlükələri uğurla dəf etmə qabiliyyətinə malik olsalar da, bu amillərin təsiri altında gəminin sürət itkisi 50% və daha artıq ola bilər. Məhz buna görə də müasir dövrdə belə nisbətən uzun yol daha tez və iqtisadi baxımdan daha səmərəli ola bilər.

Bu səbəbdən də marşrutun son seçimi 3 – 5 sutkalıq qısa müddətli proqnozlar nəzərə alınmaqla seçilir. Yerin süni peyklərindən alınan məlumatlar əsasında tərtib edilən proqnozlar özünü 70 – 80% doğruldur.

Samirə Gözəlova - ADDA-nın “Dəniz naviqasiyası” kafedrasının baş müəllimi 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır