Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-23,
Seanews
Heyder Eliyev

Alasan çiyninə Yer kürəsini...

Hər kəsin qəlbində illərin buraxdığı izlər var. İzlər deyəndə ki, yaşadığı duyğuların rəngsiz cizgiləri. Yox, onlar əzəldən belə rəngsiz olmayıb; əslində yaddaşımızda ömrü ən çox olan cizgilər vaxtilə ən rəngli, ən dərin cizgilər olub. Qalan ağ-qara cizgilərə də şükür, əlində deyil, o cizgilərin istədiyin yerini istədiyin rəngə boyayasan.

Yəqin etiraz etməzsiniz ki, yaddaşımızın qayaüstü rəsmləri ən çox gənclik illərinə aiddir. Gənclik illəri... Nədənsə, Faiq deyəndə öncə "Gənclik" metrosu yadıma düşür (birinci kursda oxuyanda altı ay APİ-nin tələbə yataqxanasında qaldım).

Metrodan çıxıb 10 nömrəli avtobusla yataqxanaya getmək üçün qızlarla dayanacağa gəldik. Çox küskün, kədərli, ürkək və qorxaq vaxtlarım idi. Qaynaşan adamlar arasından öz adını çox mehribancasına, qayğıkeşcəsinə eşitmək nə qədər xoş idi. Bəlkə elə ona görə bu cizgi, 30 il keçməsinə baxmayaraq, öz dərinliyini, rəngini saxlayıb.

Faiq dənizçi idi, şair idi... Onu Sabir adına kitabxanada görmüşdüm, "Pərvanə" ədəbi birliyində. Məlum səbəbdən çox qaraqabaq olduğumdan onun isti münasibəti məni acıqlandırsa da, "Gənclik" metrosundan sonra o, mənim üçün doğmalaşdı. Sonra onu daha çox şair kimi tanıdım. Filoloq olmasa da, Azərbaycan dilinin qayda-qanunlarına hörməti, ən əsası da güclü müşahidə qabiliyyəti məni düşündürdü... Daha sonralar Faiqi vəfalı bir dost kimi xatırladım — gənclik illərimin yeganə sadiq dostu kimi...

Ailəvi dostluğumuz yarandı; balalarını sevdim, balalarımı sevdi... Çox sonralar "Gənclik" metrosundakı o səsin şirinliyinin sehrini tapdım — səmimiyyət. Hə, Faiq səmimi insandır və şairi şair edən ən ümdə səbəb də elə budur.

Yazı Faiq haqqında xatirələrlə başlasa da, onun yaradıcılığı haqda deyəcəyim real faktlara əsaslanacaq. "Yaşıl yuxulu dənizin sahilində düşüncələr" bu yaradıcılıq haqda ilk təəssüratlarım idi. İndi isə...

Bəzi sənətkarlar var ki, onların keçdiyi həyat yolu yaradıcılığına heç yansımır. Sanki başqa bir həyat yaşayır və başqa bir sənət yaradırlar. Sanki sənəti səhnə həyatıdır. Faiqdə isə həyat və sənət iç-içədir. Güclü müşahidə qabiliyyəti hər gün üzləşdiyi həyat həqiqətlərinin qanunauyğunluqlarını tapır, ümumiləşdirir və ifadə edir; bu zaman oxucu düşünür: "Həə, mən buna niyə fikir verməmişəm?".

Faiq Balabəyli yaradıcılığı, oxucu üçün bu böyük muzey olan dünyada bir ekskursavantdır; o, oxucu düşüncəsinin əlindən tutub onu yaşamın ən dərin və ən əngin qatlarına aparır.

F. Balabəylini mən düzlərin və dənizlərin şairi adlandırıram. Doğulduğu Cəlilabad bölgəsinin sarıçiçəkli çöllərinin ətri Xəzərin yosun ətrinə qarışır onun şeirlərində. Həm ətirli, həm də rəngarəngdir. Sarı çiçəklər, mavi dəniz... Sanki onun yaradıcılığı böyük bir nəhrdir; dalğalandıqca gah sarı çiçəklər, gah mavi ləpələr görünür. Faiq özü-özünü daha gözəl təqdim edir:

Baxın,

Mən kənddə doğuldum, kənddə böyüdüm,

At çapdım, ot çaldım, ovçuluq etdim.

Yaxşı adamlardan tərbiyə aldım...

Hamıya, hər yerdə yaxşılıq etdim.

Ürəyim atlandı, duydum ətrini,

Oxşadı könlümü yaz çiçəkləri.

Və:

Yuxusu yosun tək yaşıl bu dəniz,

Mənə özüm kimi tanış bu dəniz.

Danış, nəyin varsa, danış, bu dəniz,

Sənindir bu gündən, sənindir daha.

Faiqin yaradıcılığını araşdırdıqca bu paralellər uzanıb gedir. Mən Faiqin bütün yaradıcılığını bir neçə əsas mövzu altında qruplaşdırmaq istəsəm də, alınmadı, çünki onda mövzular o qədər rəngarəngdir ki... Sarı çiçəkli çöllərdə mavi dənizin küləkləri arasında cövlan edən bu ilham haralara baş vurmayıb?!

Məhəbbət lirikası, təbiətin tərənnümü, ictimai-siyasi düşüncələri, ədalətsizliyə qarşı hiddət, rus imperiyasının iç üzünü açan çılğın şeirlər, azadlıq mücadilələrinin şərqiləri, şirindilli bir aşiqin həzin pıçıltıları, qayğıkeş, həssas bir atanın narahatlığı və övlad sevgisi, qeyrətli bir oğulun övlad borcu...

Hələ ömür qabaqdadır. Yer kürəsindən və Faiqdən ehtiyatlı olun.

Bunu mən deyirəm ha,

Xatirə Rəhimbəyli 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır