Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Qurultaydan başlayan tarix

Bakı. 2001-ci il 9 noyabr. O vaxtkı Respublika Sarayı bəlkə də tarixində ilk dəfə idi belə mühüm hadisəyə şahidlik edirdi. Ölkə başçısı Heydər Əliyevin həmin ilin 23 mayında imzaladığı Sərəncama əsasən 9-10 noyabrda burada Dünya Azərbaycanlılarının ilk Qurultayı keçirilirdi. Məhz həmin ali məclisdə Ulu öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı sonralar dillər əzbərinə çevrildi.

Birinci Qurultay soydaşlarımızın milli şüurunun gücləndirilməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına hesablanmışdı. Mahiyyət etibarı ilə, bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi.

Həmin gün diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin - quruculuq və təşkilatlanma mərhələsinin əsası qoyuldu. Qurultayda nümayəndələr tərəfindən səslənən təkliflərdən biri diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılması idi.

Qurultaydan sonra Ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini xeyli gücləndirdi.

Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu öndərimiz xarici dövlətlərə səfərləri zamanı iş gününün gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

O vaxtdan Azərbaycanda aparılan quruculuq işləri, iqtisadiyyatın inkişafı, təhsildə, səhiyyədə və digər sosial sahələrdə atılan addımların dünya ictimaiyyətinə çatdırılması işində xaricdə yaşayan soydaşlarımızın əməyi az olmayıb. Hər önəmli gündə təşkil edilən tədbirlərdə qonaqlar mütəmadi olaraq Azərbaycanla bağlı yeniliklərdən xəbər tuturdu.

2020-ci il Vətən müharibəsi zamanı bir çox ölkələrin Azərbaycanın haqq işini dəstəkləməsində də xaricdə yaşayan diaspor nümayəndələrimizin böyük rolu var. Müharibə gedən dövrdə yaşadıqları ölkələrdə dinc aksiyalar keçirərək oranın vətəndaşlarına baş verən hadisələr haqqında geniş məlumat verirdilər. Bəzi hallarda həmin ölkədə yaşayan ermənilər tərəfindən törədilən təxribatlarla da üzləşirdilər. Ancaq heç bir qüvvə onları bizim haqq səsimizin yayılması işindən çəkindirə bilmədi.

Ümumilikdə müharibə zamanı diaspora təşkilatları tərəfindən:
- Beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərilib;
- Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırılıb;
- Müxtəlif ölkələrin 641 parlament üzvünə birbaşa müraciətlər təqdim edib;
- 36 ölkədə 198 tədbir, o cümlədən,111 aksiya, yürüş, avtoyürüş keçirib;
- xarici TV-lərdə 98 dəfə canlı yayıma qatılıblar;
- 60 ölkədən minlərlə soydaşımızın iştirakı ilə 300-dən çox videokonfrans keçirilib;
- 60 ölkədə 32 dildə 535 məqalə dərc olunub;
- 55-dən çox qısa videomaterial hazırlanıb.

Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Daha sevindiricisi odur ki, bu gün uzaq-yaxın ölkələrdə yaşayan soydaşlarımızın həyata keçirdikləri hər bir tədbir gündən-günə qüdrətlənən müstəqil Azərbaycana sonsuz məhəbbətdən, milli-mənəvi dəyərlərimizə dərin hörmətdən qaynaqlanır.

 

Musa Əliyev                                     ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır