Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Unutmadığım adamın anım günü

Aydın adında neçə tanışım olub və var. Amma Aydın deyəndə gözlərimin önünə ilk növbədə məhz onun - uzaq səfərlər kapitanı Aydın Mahmudovun nurlu siması gəlir.

Tərəzisinin bir gözü əyri olan bu dünyada heç vaxt heç nə üçün əyilmədi. Bircə xəstəliklə bacarmadı. Amma onunla ölüm-dirim savaşı apardığı iki il müddətində “ah-uf” etdiyini də kimsə görmədi. Şam kimi ərisə də əyilmədi. Bu, şəxsiyyət kimi, böyüklüyündən doğurdu.

Oğlu ASCO-nun İnformasiya texnologiyaları departamentinin aparıcı mütəxəssisi Vüqarla tez-tez rastlaşırıq. Salamlaşırıq, amma heç vaxt ondan hal-əhvalını soruşmuram. Aydın kimi ata itirən oğul necə olar?! Üzünə baxmaqla da, necə olduğunu müəyyən etmək çətin deyil. O gözlərə sevinc bir də nə vaxt qayıdacaq? Qayıdacaqmı?

Əslində Mahmudovlar ailəsində Aydınsızlığa heç kim alışa bilməyib. Nə son iki ildə gözləri həmişə nəmli olan ömür-gün yoldaşı, nə atalarının başına pərvanə kimi dolanmaqdan doymayan mələk qızları, nə Vüqar. Onların nə vaxtsa Aydınlı günlərində olduğu kimi deyib-gülə biləcəklərinə inanmaq o qədər çətindir ki...

“Ölənlə ölmək olmur”- deyirlər. Amma, eldən gedən oğullar köçəndə, yaşamaq da asan olmur.

Elə dostları üçün də Aydınsız çox çətindir. Onunla keçmiş Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində bir qrupda oxuyan İlham Məmmədovla söhbətə nədən başlasaq da, özümüzdən asılı olmadan Aydınla bitiririk. Haqq dünyasına qovuşandan demək olar ki, onu xatırlamadığımız gün olmayıb. Bəzən isə məhz Aydınlı günlərə “qayıtmaq”, Aydınlı günləri təzədən “yaşamaq” üçün görüşürük.

Yaxşı ki, Aydınla bağlı xatirələrimizi bölüşəndə ASCO sədrinin müşavirinin dolan gözlərini başqa kimsə görmür.
Bizim şıltaqlığımıza da, zarafatlarımıza da, səhvlərimizə də çox səbrli idi. Amma borclu da qalmırdı, zarafatları özünə oxşayırdı:ağayana idi.

2000-ci illərin əvvəllərində qonşu olmaq istəyi ilə Maştağa qəsəbəsində torpaq sahəsi götürdük. Sonra mən orada ev tikmək, həyət evində yaşamaq fikrindən daşındım. Yarızarafat-yarıciddi məni dilə çox tutdu:” Eşitməmisən ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır?! Həm də mənim kimi qonşu haradan tapacaqsan? Sonra peşman olacaqsan.”

Düz deyirdi. Peşman oldum. Həm də lap çox! Aydınlı günlərimin sayını artırmağın ən doğru yolu onunla qonşu olmaq imiş.

Dənizdə işləyəndə 3 ay, 6 ay, hətta bəzən 9 ay görüşmədiyimiz vaxtlar olurdu. İnternetin indi yaratdığı imkanlar o vaxtlar heç xəyalımıza da gəlməzdi. Bəzən mənə elə gəlir ki, Aydın yenə dənizdədir, sadəcə bu dəfə səfər çox uzun çəkir və nə vaxtsa qayıdacaq.

Nəhayətsiz mavi suların vurğunu, okean və dənizlərin sinəsində naxışlar salan mahir uzaq səfərlər kapitanı idi. Səfərə çıxanda, heyət ondan çox sevinirdi. Sükanı Aydın Mahmudov kimi peşəkara etibar edilmiş gəmidə kim üzmək istəməz ki! Dənizləri beş barmağı kimi dərindən tanıması isə uğurlu səfərlərə əlavə təminat yaradırdı.

Kiməsə oxşamırdı. Hər şeydən qabaq insan idi. Böyük insan! İnsan da qaldı. Dəyişmədi, heç nə dəyişdirmədi, heç kim dəyişdirə bilmədi.

Qəribə sehri vardı. Təkcə danışanda deyil, susanda da susmağı ilə çox şey ifadə edirdi. Tərbiyəsinin, ədəb-ərkanının cazibəsindən çıxmaq olmurdu. Oturuşu-duruşu ilə adamı məftun edirdi. Sözümüz-söhbətimiz mən maraqlı danışdığım üçün yox, yəqin ki, o, dinləməyi bacardığı üçün tuturdu.

Ömrün hər anına rəng qatmağı, hər gününə naxışlar salmağı, hər ilinə sehr əlavə etməyi bacarırdı.

Çox da böyük olmayan gözlərində nə boyda həyat işığı var idi. İrəlidə onu yaxşı çox şey gözlədiyini düşünürdü. Ölümü heç xəyalına da yaxın buraxmırdı.

1955-ci il avqustun 12-də Goranboy rayonu Borsunlu kəndində dünyaya göz açmışdı.

Keçmiş Bakı Dəniz Yolları Məktəbini və Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu “Gəmi sürücülüyü” ixtisası üzrə bitirmişdi. 1978-ci ildən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışırdı.

Dənizçilik fəaliyyətinə matros kimi başlamışdı. Sonralar Gəmiçiliyin nəqliyyat donanmasının gəmilərində kapitanın üçüncü, kapitanın ikinci və kapitanın böyük köməkçisi üzmüşdü. Uzaq səfərlər kapitanı təsdiq olunduqdan sonra sularında üzmədiyi dənizlər, körpülərinə yan almadığı limanlar olmadı. Təyinatından asılı olmayaraq kapitanı olduğu hər gəmini qabaqcıllar sırasına çıxarmağı bacarırdı. Səmimi olduğu qədər də, tələbkar idi. Çox adamım əlini halal – dənizçi çörəyinə çatdırmışdı Aydın.

2000-ci ildə sahildə işə keçirildi - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Donanmanın təmirinin planlaşdırma şöbəsinin rəisi təyin olundu. 2007-ci ildə Dəniz üzgüçülüyünün təhlükəsizliyi idarəsinin rəisi vəzifəsinə irəli çəkildi. 2014-cü ildən ömrünün sonunadək ASCO-nun Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəisi işlədi.

“Dəniz Donanmasının Fəxri işçisi” olan Aydın Mahmudovun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2012-ci ildə “Tərəqqi” medalı, 2018-ci ildə üçüncü dərəcəli “Əmək” ordeni ilə təltif edillmiş, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüşdü.

Bu gün onun anım günüdür. Heç unutduğum gün oldu ki?!

Allah rəhmət eləsin.

 

Rasif Tahirov                                                                “Dəniz” qəzetinin baş redaktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır