Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

“MSC Cruises” mayeləşdirilmiş təbii qazla işləyən laynerin dəniz sınaqlarını uğurla başa çatdırıb 

İtaliyanın kruiz operatoru “MSC Cruises” (“Mediterranean Shipping Company”-nin törəmə şirkəti) mayeləşdirilmiş təbii qazla işləyən yeni laynerin dəniz sınaqlarının uğurla başa çatdığını bildirib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki,  “MSC World Europa” adlandırılan gəmi Fransanın “Chantiers de l'Atlantique” şirkətinin tərsanəsində inşa edilib. Operator uzunluğu 333 metr və dedveyti 205,700 ton olan laynerin dünyanın ən böyük LNG yanacaqlı kruiz gəmisi olacağına inanır.

2626 kayutu olan layner 6762 sərnişini qəbul edəcək. Gəminin heyəti və texniki personalının ümumi sayı 2100 nəfərə çatacaq. Laynerin geniş (uzunluğu 100 metrdən çox) açıq gəzinti göyərtəsi sərnişinlərin ürəyincə olacaq.

“MSC World Europa” iyunun 15-də Fransanın Saint-Nazaire limanından çıxıb və sifarişçiyə təhvil verilməzdən əvvəl son hazırlıq işlərinin görülməsi üçün “Chantiers de l'Atlantique” tərsanəsinə istiqamət götürüb. Laynerin turistlərlə ilk səfəri isə  2022-ci ilin noyabrında həyata keçiriləcək.

“MSC Cruises” şirkəti 2023-cü ilin əvvəlində “Chantiers de l'Atlantique” tərsanəsində eyni tipli daha bir  LNG kruiz gəmisinin bünövrəsinin qoyulmasını planlaşdırır. Bundan əlavə, mayeləşdirilmiş təbii qazla da  işləyəcək bir qədər kiçik laynerin (“MSC Euribia”) inşası nəzərdə tutulur. Ekoloji cəhətdən təmiz güc qurğuları ilə yanaşı, bu gəmi həm də sərnişinləri və heyəti təmin edəcək  bütün proseslər üçün “ağıllı” idarəetmə sistemi ilə təchiz olunacaq.

“MSC Cruises”-un bütün LNG layihələrinin ümumi dəyəri 3,14 milyard dollar olaraq qiymətləndirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır