Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Görkəmli Azərbaycan bəstəkar Fikrət Əmirovun doğum gündür

Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun doğum gündür.

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncədə anadan olub.

1948-ci ildə Bakı Konservatoriyasını bitirib. Gəncə və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb.

F.Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. Bəstəkarın müəllifi olduğu yeni, simfonik muğam janrı “Şur” , “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub.

Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. O, musiqili komediya janrında da “Ürəkaçanlar”, “Gözün aydın” kimi maraqlı əsərlər yaradıb.

F.Əmirovun məşhur baletləri olan “Min bir gecə” və “Nəsimi” dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. 

Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış F.Əmirov bir çox fəxri adlara və mükafatlara layiq görülüb. Dahi bəstəkar bu gün də sevilir, dərin hörmət və ehtiramla yad olunur. Onun musiqi tariximizə verdiyi töhfələr unudulmur. Adının əbədiləşdirilməsi üçün Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına, Bakı şəhərindəki küçələrdən birinə onun adı verilib. 

Bundan başqa, hazırda ASCO-nun Dəniz Nəqliyyat Donanmasına məxsus gəmilərdən biri də Fikrət Əmirovun adını daşıyır. “Bəstəkar Fikrət Əmirov” adlı həmin gəminin uzunluğu 125, eni 16, hündürlüyü 13 metrdir.  ASCO-ya  məxsus iki RO-RO tipli gəmidən biridir.

Bu önəmli tarixdə Fikrət Əmirovu dənizçilər olaraq qürurla anırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır