Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

Bu gün görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur

Yanvarın 14-də tanınmış neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik, neft tariximizin canlı əfsanəsi Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. O, Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işləri aparılmasında və oradakı karbohidrogen ehtiyatlarının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb. X.Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən çox neft-qaz yatağı kəşf edilərək istismara verilib. AZƏRTAC Xoşbəxt müəllimin mənalı həyat yolunun və zəngin fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Yüksək qiymətə layiq şərəfli həyat yolu

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” idarəsində başlayıb, daha sonra “Dənizneft” Birliyində, “Gürganneft” trestində (indiki “Neft Daşları” NQÇİ), “Başdənizneft” İdarəsində, “Xəzərdənizneft” Birliyində, “Azərineft” Dövlət Konsernində və Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildə SOCAR-ın vitse-prezidenti, 2016-cı ildə isə birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.

Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında neft və qaz yataqları, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf olunub və istismara daxil edilib. Azərbaycanın məşhur neftçi-aliminin xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi”, “Qarabağ”, nəhəng “Şahdəniz” qaz-kondensat, “Abşeron” kimi yataqların, eləcə də 2010-cu ildə SOCAR-ın öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olub.

Geologiya-mineralogiya elmləri doktoru, professor və AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə neft və qaz-kondensat yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb, “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyinin (İB) fəxri üzvü seçilib. Dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (“UNCOPA”) təşkilatının “Avropa xidmət” ordeni ilə təltif edilib. O, SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenlərinə, iki dəfə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Müstəqillik illərində isə əməyi Azərbaycanın “İstiqlal”, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri, eləcə də Heydər Əliyev Mükafatı ilə qiymətləndirilib.

Böyük ömrün neft sənayesinin inkişafına həsr edilmiş 68 ili

Xoşbəxt müəllim nadir insanlardandır ki, ölkəmizdə həm bir milyardıncı ton, həm də iki milyardıncı ton neftin hasil olunmasında şəxsən iştirak edib. Bu böyük ömrün 68 ili Azərbaycan neft sənayesinin inkişafına həsr olunub. Onun adının qarşısında neftçi və alim sözləri yanaşı yazılır.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xoşbəxt Yusifzadə 1957-2018-ci illərdə Azərbaycan, rus və ingilis dillərində çoxsaylı elmi məqalələr dərc edib, habelə monoqrafiyalar, geoloji xəritə və atlaslar tərtib edib. Tutduğu vəzifədən asılı olmayaraq, elmi işdən heç vaxt ayrılmayıb. Onun elmi məqalələri, fundamental monoqrafiyaları bu gün neftçi-geoloqların, ali məktəblərin müvafiq fakültələrində mühazirə oxuyan müəllimlərin və təhsil alan tələbələrin stolüstü kitablarıdır.

Məşhur alimin və görkəmli istehsalat təşkilatçısı Xoşbəxt Yusifzadənin rəhbərliyi və iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri onun 200-dən çox elmi əsərində, o cümlədən 18 monoqrafiyasında və ixtirasında öz əksini tapıb.

X.Yusifzadə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin aktual problemlərinə, yanacaq-energetika kompleksinin inkişafına dair Azərbaycan paytaxtında və xarici ölkələrdə keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib, milli neft elminin, Azərbaycan geoloq və geofiziklərinin nailiyyətlərini uğurla nümayiş etdirib.

1988-ci ildən başlayaraq, X.Yusifzadə xarici şirkətlərlə birgə aparılmış bütün işlərdə, o cümlədən Xəzər dənizinin Azərbaycan sektoru və quru sahələri üzrə bu günədək bağlanmış 35 neft sazişinin hazırlanmasında və imzalanmasında bilavasitə iştirak edib.

Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində xidmətlərinə görə 2010-cu ildə Dövlət Neft Şirkətinin bir qrup mütəxəssisi ilə birlikdə UNESKO-nun xüsusi medalı ilə təltif olunub, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilib.

Ulu öndər Heydər Əliyev onun proqnozlarına inanırdı

Azərbaycanın yeni neft strategiyasının müəllifi ümummilli lider Heydər Əliyev akademik Xoşbəxt Yusifzadənin proqnozlarına inanırdı. Təsadüfi deyil ki, Ulu Öndər çıxışlarında Xoşbəxt Yusifzadənin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda kəşf olunan neft-qaz yataqlarının təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyətə malik olduğunu dəfələrlə vurğulamışdı. Ulu öndər Heydər Əliyev onun haqqında deyirdi: “Azərbaycanda Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi bilən ikinci adam yoxdur”.

Bu, özünü ötən əsrin 90-cı illərinin əvvəllərində xarici neft şirkətləri ilə aparılan çətin danışıqlarda da göstərdi. Xoşbəxt müəllim “Əsrin müqaviləsi” ətrafında gedən prosesləri belə xatırlayır: “Xəzər dənizində xarici şirkətlərlə birlikdə iş görmək ideyası bizdə hələ keçmiş SSRİ dövründə – ötən əsrin 80-ci illərinin sonlarında meydana gəlmişdi. Lakin bu sahədə danışıqlar başa çatdırılmamışdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən respublikanın sükanı arxasına keçdikdən sonra bu işi sürətləndirdi. Bakıda başlanan danışıqlar İstanbulda, ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Tərkibi Ümummilli Lider tərəfindən müəyyən olunmuş nümayəndə heyəti (onun üzvlərindən biri də mən idim) 1994-cü ilin iyulunda Birləşmiş Ştatlara getdi. Orada danışıqlar 45 gün çəkdi. Danışıqlar asan getmirdi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik. Bir dəfə qarşı tərəf şərt qoydu: Azərbaycan Rusiya ilə razılığa gəlib Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcək. Təsəvvür edirsinizmi, bu, nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ ulu öndər Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Hyustonda danışıqlar dayandırılsaydı, biz 7-8 il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə Ulu Öndərə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu. Nümayəndə heyətimizin digər üzvlərinə isə danışıqlarda iştirak edən şirkətlərə getmək, məsələni ətraflı izah etmək tapşırıldı. Yadımdadır ki, o vaxt mən “Yunokal” şirkətində oldum.

Nəzərə almaq lazımdır ki, o zaman müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub mürəkkəb vəziyyətlərdən çıxış yolları tapması və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi.

Nəhayət, bütün bu gərgin işin nəticəsində 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində “Azəri-Çıraq-Günəşli” (dərinsulu hissə) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə – BP, “Statoil”, “Amoco”, “TPAO”, “Itochu”, “ExxonMobil”, “LUKoil”, “Delta”, “Remco”, “McDermot”, “Hess” şirkətləri ilə sonralar tarixə “Əsrin müqaviləsi” kimi düşmüş hasilatın pay bölgüsü sazişi imzalandı. Həmin vaxtdan başlayaraq, müstəqil Azərbaycanın neft strategiyası dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi”.

Azərbaycana bir çox xarici təzyiqlərin olduğu belə bir mürəkkəb dövrdə “Əsrin müqaviləsi” bəzilərinə xəyal kimi görünsə də, onlardan fərqli olaraq X.Yusifzadə buna inanırdı. O, həmin dövrü belə xatırlayır: “Əlbəttə, təzyiqlər var idi, özü də bunlar güclü təzyiqlər idi. Təəssüf ki, xarici təzyiqlərə Azərbaycanın daxilində də müəyyən qüvvələr dəstək verirdilər. Bundan əlavə, dediyim kimi, Qərb şirkətləri ilə danışıqlarımız da rəvan getmirdi. Amma həmin danışıqların iştirakçısı kimi mən başlanmış işin uğurla nəticələnəcəyinə inanırdım. Çünki ortada iki mühüm faktor vardı. Biri o idi ki, bizim tərəfdaşlarımız – Qərbin iri neft şirkətləri çox yaxşı bilirdilər ki, Azəri-Çıraq-Günəşli yataqlarında zəngin karbohidrogen ehtiyatları mövcuddur və buraya qoyulan sərmayə heç vaxt batmayacaq. Digər mühüm faktor isə ulu öndər Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev iradəsi, qətiyyəti və müdrikliyi ilə, Ümummilli Liderin siyasi uzaqgörənliyi ilə bağlı idi. Partnyorlarımız Azərbaycanı etibarlı tərəfdaş kimi ulu öndər Heydər Əliyevin timsalında görürdülər. Danışıqların uğurla başa çatmasını və “Əsrin müqaviləsi”nin imzalanmasını da elə Ümummilli Liderin bu keyfiyyətləri təmin etdi”.

Xoşbəxt müəllim qədirbilən və qədri bilinən ziyalıdır

Şərəfli ömür sürmüş və böyük əmək yolu keçmiş X.Yusifzadə barıt qoxulu 40-cı illərin çörək talonları ilə böyümüş və 50-ci illərdə əmək cəbhəsinə atılmış nəslin nümayəndələrindən biridir. O, heç kəsi və heç nəyi unutmayan, qədirbilən və qədri bilinən ziyalı kimi xarakterizə olunur. X.Yusifzadəni təkcə Azərbaycanda deyil, xaricdə də neft sahəsinin səriştəli mütəxəssisi kimi tanıyırlar. O, ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Yaponiya, Kanada, Türkiyə, İran və bir sıra başqa ölkələrin neft şirkətləri ilə sıx əməkdaşlıq edib və hazırda da bu fəaliyyətini davam etdirməkdədir.

Prezident İlham Əliyev Xoşbəxt Yusifzadəni nəinki Azərbaycanda və keçmiş Sovet İttifaqında, eləcə də dünya miqyasında tanınmış mütəxəssis kimi qiymətləndirir. Prezidentin 2019-cu il dekabrın 19-da imzaladığı Sərəncama əsasən görkəmli neftçi-alimin 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Xoşbəxt Yusifzadə 90 illik yubileyi ərəfəsində Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Xoşbəxt Yusifzadəni yubileyi və ən ali dövlət mükafatına layiq görülməsi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, gümrahlıq arzulayırıq.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır