Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

“Gəmi təmirində səhv etmək olmaz”

Müsahibimiz Fuad Qurbanov 42 ildir gəmiçilik sahəsindədir. Sahildə çalışsa da, işi heç də  asan deyil. Çünki, gəmi təmiri kimi asan olmayan bir sahəyə nəzarət edir. Təmir zamanı kiçik bir yanlışlığın belə, dənizdə böyük faciəyə səbəb ola biləcəyini nəzərə alsaq, Fuad Qurbanovun məsuliyyətini  anlamaq  çətin olmaz. 

“Bibiheybət” Gəmi Təmiri Zavodunun baş mühəndisi üçün vicdan çox önəmlidir. Deyir ki, işini vicdanla gördünsə, nəticə də yaxşı olacaq.

Hər halda bu günlərdə iki  milyardıncı ton neftin hasil edilməsi münasibəti ilə Prezident İlham Əliyevin sərəncamı ilə ona verilən “Əməkdar mühəndis” fəxri adı da həm də  işinə vicdanla yanaşmasının nəticəsidir.

-Fuad müəllim, əməyiniz çox yüksək qiymətləndirilib. Təbrik edirik.

-Çox sağ olun! Bundan qabaq da mükafatlarım olub. “Tərəqqi” medalına, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Fəxri Fərmanı” na layiq görülmüşəm. Həmişə də etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməmişəm.

 –Bir az keçmişə qayıdaq. Necə oldu ki, taleyinizi gəmiçiliklə bağladınız?

-Məktəbi bitirdikdən sonra sənədlərimi keçmiş Azərbaycan Neft Kimya İnstitutuna verdim. SSRİ-nin başqa şəhərlərində oxumaq üçün 32 ixtisas seçimi imkanım var idi. Mühəndis-mexanik ixtisasını seçdim.  Və beş il Leninqradda Su Nəqliyyatı İnstitutunda oxudum. 1975-ci ildə Bakıya qayıtdım. “Bibiheybət” Gəmi Təmiri Zavodunda işə başladım. Əvvəlcə mexaniki sexdə usta, sonra İstehsalat şöbəsində iş icraçısı oldum. 1983-1985-ci illərdə Finlandiyada Azərbaycan üçün tikilən gəmilərə nəzarət edirdim. Qayıtdıqdan sonra  İstehsalat şöbəsinin mühəndis texnoloqu, Texniki nəzarət şöbəsinin rəisi işlədim. 1989-cu ildən zavodun keyfiyyət üzrə direktor müavini idim.  1994-cü ildən XDND-də Texniki şöbədə çalışdım. 2007-ci ildən isə “Bibiheybət” Gəmi Təmiri Zavodunun baş mühəndisiyəm.

 

-Fuad müəllim, işinizin özəlliyi barədə nə deyə bilərsiniz?

-Biz gəmi təmiri ilə məşğuluq. Belə bir söz var, deyirlər ki, istehsalatda ən çətin sahə gəmi təmiridir. Hətta gəmiqayırmadan belə mürəkkəbdir. Çünki, hər gəminin öz xüsusiyyəti var. Təmirçi bütün gəmini tanımalıdır. Burda səhv etmək olmaz. Təmir zamanı maksimum diqqətli olmaq lazımdır. Və ən əsası bir şeyi demək istəyirəm. Bizim iş komanda işidir. Kollektivdə bir nəfərin etdiyi yalnışlığın əziyyətini hamı çəkir. Elə qazandığımız uğur da hamımızın olur. “Əməkdar mühəndis” fəxri adını da bütün kollektivimizin əməyinə  verilən yüksək qiymət kimi dəyərləndiririk.

-Maraqlıdır, ailənizdə sizdən başqa dənizçi varmı?

-Deyilənə görə əmim Sadıq Heydər oğlu Qurbanov gəmi sürücüsü olub. Böyük Vətən müharibəsindən qayıtmayıb.

 –Sonda həmkarlarınıza deyəcək sözünüz varsa, buyurun?

-İşə vicdanla yanaşmaq lazımdır. Xəzər Dəniz Gəmiçiliyində vicdanla çalışan hər kəsin əməyi yüksək qiymətləndirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır