Logistika parkının tikintisinin birinci mərhələsi üzrə işlərin 65%-i başa çatdırılıb
“DP World” (BƏƏ) Süveyş Kanalı İqtisadi Zonasında (SCZONE, Misir) Soxna limanından 10 km məsafədə logistika parkının tikintisinin birinci mərhələsi üzrə işlərin 65%-ni başa çatdırıb.
“Seanews.az” xəbər verir ki, layihənin dəyəri 80 milyon dollar qiymətləndirilir, obyektin sahəsi 300 min kvadratmetrdir.
“DP World” şirkətinin Soxna limanındakı əməliyyatları ilə inteqrasiya olunmuş layihənin icrası Misirin logistik infrastrukturunu yaxşılaşdıracaq və logistika xərclərini azaldacaq.
Park kənd təsərrüfatı, əczaçılıq, pərakəndə satış, avtomobil və tekstil daxil olmaqla, müxtəlif sənaye sahələrindən idxal, ixrac və tranzit yükləri işləyəcək. Burada anbarlar, açıq yük və konteyner sahələri yerləşəcək, yüklərin ekspedisiya və gömrük rəsmiləşdirilməsi üzrə logistik əməliyyatlar həyata keçiriləcək.
Qeyd edək ki, “DP World-Sokhna” logistika parkının təməli 2023-cü ilin payızında qoyulub. Tikintinin birinci mərhələsinin başa çatdırılması bu ilin iyun ayına nəzərdə tutulub.