Tarix yazan həkimlər
Tibbin fəlsəfə, psixologiya, siyasət və xüsusən də tarix elmi ilə bağlılığı çox qədim zamanlardan başlayır.
Ümumiyyətlə dünya tarixində iz qoymuş 120-yə yaxın tibb təhsilli tarixi mövzularda tədqiqatlar aparan yazıçısının adı keçir və bu insanların yazdıqları çoxdan klassik əsərlər sırasına daxil olmuşdur, baxmayaraq ki, onlar öz sağlıqlarında əsas işlərini tibb sahəsi hesab etmişlər.
Bu sıradan bəlkə də bizə məlum olanlardan ən birincisi böyük rus yazıçısı Anton Pavloviç Çexovdur. Yazıçı təbabəti qanuni “həyat yoldaşı”, ədəbiyyatı isə “məşuqəsi” hesab edirdi.
Təbii ki, o, Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olanda, dünya ədəbiyyatı klassiklərinin yaşadıqları yazıçı taleyini o da yaşayacağını, ağlına belə gətirə bilməzdi.
Yaxud “Əsaslı Böyük Rus dilinin izahlı lüğəti” kitabının müəllifi, praktik oftalmoloq-həkim Vladimir Dal.
“Master və Marqarita” əsərinin müəllifi məhşur həkim Mixail Bulqakovu isə oxucularımıza təqdim etməyə güman edirəm ki, ehtiyac yoxdur.
Bu baxımdan həm də tarixi mövzularda tədqiqatlar aparmış tanınmış simaların sonradan həm də məşhur həkimlər olduqlarının da şahidi oluruq.
İlk olaraq həkim Artur Konan Doyldan başlamaq istərdim. Bu tədqiqatçı tarixi hadisələrə istinad edərək klassik personajların yaradıcısıdır. Məşhur d Şerlok Holms, ekssentrik professor Çellencer, cəsur zabit Cerard, nəcib cəngavər Ser Naycel…
Konan Doyl Monmut üsyanından bəhs edən “Mika Klark”i adlı ilk tədqiqat əsərini tarixi mənbələrlə işləməsi nəticəsində beş ilə yazaraq başa çatdırsa da, onun həkim olması bağlı olaraq yazıçının bu tədqiqatı bir çox nəşriyyatlar tərəfindən şübhə ilə qarşılandığından onu nəşr etməkdən çəkinirdilər.
Ancaq, kitab 1889-cu ilin fevralında nəşr edildikdən sonra bu tarlixi əsər bestsellerə çevrildi və bu andan Konan Doyl tarixi əsərlərin, eləcə də tarixi hadisələrə söykənən romanların və pyeslərin müəllifi kimi tanınmağa başlandı.
1891-ci ildə onun feodal İngiltərə tarixinin kritik dövrünə işıq salan “Ağ dəstə” adlı daha bir tarixi əsəri nəşr olunur. Müəllif burada 1366-cı ildən başlayan “Yüzillik müharibə”dən bəhs etməklə, real tarixi hadisələri əsas götürməklə, könüllülərdən və muzdlulardan ibarət “ağ dəstə”lərin fəaliyyətini müasirlərinin ictimai müzakirəsinə təqdim edirdi.
Bu kitab ictimaiyyətə təqdim olunduqdan sonra həqiqətən də çox ciddi müzakirələrə səbəb oldu və böyük populyarlıq qazandı. Sonralar Konan Doyl bu əsərini özünün ən yaxşı əsərlərindən biri hesab etdiyini deyirdi.
1892-ci ildə isə o, yeni tarixi əsərini-“Sürgün olunmuşlar” kitabını nəşr etdirir. O , bu əsrində Nant fərmanı (1687) ləğv edildikdən sonra Kanadaya mühacirət edən fransızların taleyindən və tezliklə orada başlayan müstəmləkə siyasətindən, eləcə də kral Uilyamın müharibəsi (1689-1697) kimi bilinən dövrdən bəhs edirdi.
Digər məşhur tarixçi və “Kazan tarixi” əsərinin müəllifi Nikolay Kirilloviç Bazhenovda ixtisasca həkim idi.
İohan Veyerin ictimai-siyasi porteretini yaradan Bonn Universitetinin rektoru professor, tarixçi kimi tanınan Karl Binz həm də həkim idi.
Daha müasirlərdən olan həkim-yazıçı Yuri Qriqoryeviç Vilenski yazıçı və həkim Mixail Afanasyeviç Bulqakov dövrünün reallıqları baxımından onun həyat və yaradıcılığının uzunmüddətli tədqiqatçısı olmuşdur.
Sovet həkimi, pediatr, gigiyenist, tibb elmləri doktoru, professor Sergey Mixayloviç Qrombax “Puqaçov üsyanı”ndan bəhs edən “Puqaçovun tarixinə diqqətsiz cavab” məşhur tarixi tədqiqatı əsərini də misal göstərmək olar.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin “Tibb tarixi”, “Vətən tarixi” və “Mədəniyyətşünaslıq kafedrası”nın müdiri olmuş (2010-2017), tibb elmləri və tarix elmləri doktoru Dmitri Alekseeviç Balalykinin tarixi tədqiqatlarını da yuxarıdakı misallara əlavə etmək olar.
Yaxud türkiyəli həkim Rıza Nurun (24 iyul 1923-cü ildə İsmət İnönü və Həsən Saka ilə birlikdə ”Lozanna Sülh Müqaviləsi”ni imzalamış şəxs) nəşr etdirdiyi “Cəmiyyəti Həfiyye” (1914), “Hürriyət ve İtilaf necə doğdu, necə öldü? İç üzü” (1919), “Şəcərəi Türk” (1925), “Hilalın Tarixi”, Histoire du Croissant (1933), “Şəhnamə və Firdovsi” (1934), “Əli Şir Nəvai”(1935) və s. də tarixi mövzularda olan əsərlərdirlər.
Mövzunun konteksdən nəzər saldıqda, Azərbaycanda da tarixi tədqiqatlar baxımından və milli məfkurəmizin təşəkkülündə həkimlərimizin də rolu az olmamışdır.
İlk öncə belə həkimlərimizin önündə Əli bəy Hüseynzadə gəlir.
Əli bəy Hüseynzadə əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Atası Molla Hüseyn “Qafqaz Müsəlman Ruhani Məclisin”in Tiflisdəki altı sinifli məktəbinə müəllim təyin olunduğundan sonra Əli bəy də ailəsi ilə bu şəhərdə yaşamalı olmuş və o, ilk təhsilini də elə bu məktəbdə almışdır.
Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyümüşdür.
1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən “Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq” ideyasına uyğun olaraq, Osmanlı imperiyasının yazarı Ziya Gökalp bu ideyaya 1911-ci ildə eyni adlı məqalələrlə dəstək vermiş və 1918-ci ildə o, bu məqalələrdən ibarət kitabını nəşr etdirmişdir.
Osmanlı imperiyasının siyasi və hərbi çevrələrində, ədəbi-bədii mühitində böyük nüfuza malik olmuş Əli bəy Hüseynzadə Ziya Göyalp, Yunis Hadi, Əhməd Rəfiq kimi tanınmış şəxsiyyətlər sayəsində Türkiyənin “İqdam”, “Təsviri-əfkar”, “Tan” kimi mətbu orqanlarda Azərbaycanın müstəqilliyi ideyasını gündəmə gətirir, Qafqazda türk dövlətinin qurulması üçün siyasi dəstəyin gərəkliyini təbliğ edirdi.
Belə ziyalılarimizdan digər biri də Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini həkim, Həsən bəy Məşədi Hüseyn bəy oğlu Ağayevdir.
Həsən bəy Ağayev həkimliklə yanaşı tarixi araşdırmalarla məşğul olmuş və tədqiqatlarını Gəncədə “Yujnı Kavkaz” (“Cənubi Qafqaz”) qəzetində nəşr etdirmişdir (1911-1912).
O, həmçinin Gəncədə Milli hökumətin Səhiyyə naziri olmuş həkim Xudadat bəy Rəfibəyli ilə (1878-1920) birgə “Tibb cəmiyyəti” də yaratmışdır (1914).
1918-ci ildə Milli hökumət zamanı yaradılmış Bakı Dövlət Universitetinin ilk rektoru, görkəmli cərrah, professor V.İ.Razumovski olmuş onun yetirmələri gələcəyin görkəmli tibb alimləri və dovlət xadimləri olmuş ki, onlardan akademik C.Əfəndiyevin, professorlar K.Balakişiyevin, Ə.Sultanovun, A.Tahirovun, A.Qarayevin, A.Sadıqovun və başqalarının adını vurğulamaq olar.
Artıq bir neçə ildən sonra universitetdə ilk azərbaycanlı elmlər doktorları- M.Mirqasımov, M.Topçubaşov, M.Sultanov, S.Vəlixan, A.Cəfərov var idilər.
Buraya Azərbaycanın ictimai fikir və mədəniyyət tarixində mühüm yerə malik digər böyük ictimai-siyasi xadim, maarifçi, pedaqoq, yazıçı, tarixçi və dramaturq doktor Nəriman Nərimanovu əlavə edərdim.
Nəriman Nərimanovun “Nadir şah” adlı tarixi əsəri günümüzə qədər də öz əhəmiyyətini qoruyub saxlaya bilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu görkəmli ictimai-siyasi xadimin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı. …Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir”.
Müasir dövrümüzdə isə tarixi mövzulara işıq salan, tanınmış tədqiqatçılarımızdan da biri olan Adıgözəl Məmmədov da həkimdir.
Adıgözəl Nuru oğlu Məmmədov uzun illər psixoportretologiya, mental portretologiya və psixogeosiyasət sahələrində lider mövqe tutan tanınmış bir analitikdir.
Geosiyasət və onun müxtəlif komponentləri, o cümlədən tarix, politologiya, müxtəlif xalqların psixologiyası, iqtisadiyyat və beynəlxalq münasibətlər sahəsində olan onun dərin bilikləri ona mürəkkəb geosiyasi məsələləri və ssenariləri təhlil və interpretasiya etmək imkanı vermişdir.
Tarixi mövzuda 17 kitab müəllifi olan Adığözəl Məmmədovun tədqiqatları təkcə ölkə daxilində deyil, həmçinin onun hüdudlarından kənarda da rəğbətlə qarşılanır.
Adıgözəl Məmmədovun kitablarında tarixi, mədəni, mental-sosioloji amillərin, ictimai-siyasi vəziyyətə və geosiyasi proseslərə təsiri xüsusi dəyərləndirilir.
Adıgözəl Məmmədovun sözlərinə görə, psixogeosiyasət həyati vacib və sürətlə inkişaf edən bir sahə kimi beynəlxalq münasibətlərin formalaşmasında coğrafi, mental, siyasi və digər amillər arasında qarşılıqlı əlaqələri anlamağa çalışır. Onun mahiyyəti adı çəkilən amillər sırasında qarşılıqlı əlaqələri anlamaq və bu anlayışdan yeni strategiyaların formalaşdırılmasında istifadə etmək imkanı verir.
Adıgözəl Məmmədovun yeni – “Böyük Azərbaycan naminə” kitabı Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin fəaliyyətinə həsr olunmuşdur.
Bu tədqiqat əsəri tariximizin bir çox gizli səhifələrinə işıq salmaqla, təkcə bu sahənin adamları üçün deyil, həm də geniş oxucu kütləsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Müəllif arxiv sənədlərinə əsaslanaraq, Əziz Əliyevin Cənubi Azərbaycanda və Dağıstanda fəaliyyət göstərdiyi illəri başqa rakursdan işıqlandırmaqla, oxuculara o dövrün hadisələrinə yeni baxış bucağı təqdim etmişdir.
Xüsusilə, kitabda qeyd olunur ki, atıq 1942-ci ildən başlayaraq Moskvadakı müəyyən qüvvələr tərəfindən Qafqaz xalqlarının Orta Asiyaya köçürülməsi məsələsini SSRİ Dövlət Müdafiə Şurası qarşısında qaldırmağa hazırlaşırdılar və ilk seçim Dağıstan xalqlarının üzərinə düşürdü.
Bu vəziyyəti həll etmək üçün Mircəfər Bağırovun təşəbbüsü və əzmkarlığı ilə Dağıstan Vilayət Partiya Komitəsinin Birinci Katibi vəzifəsinə seçilmiş Əziz Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanlarının, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatının, Komsomolun, Həmkarlar ittifaqlarının əməkdaşlarından ibarət böyük bir işçi qrupu Dağıstana ezam edildi.
Əziz Əliyev başda olmaqla, oraya göndərilən insanların fədakar əməyi sayəsində onlar öz məqsədlərinə çatdılar. Müharibə illərində və müharibədən sonra bu respublikada heç bir neqativ fakt meydana çıxmadı. Beləliklə, Dağıstan xalqlarının köçürülməsi məsələsi bir daha qaldırılmadı…
Sonda Adıgözəl Məmmədovu bu yeni əsəri ilə bağlı təbrik edir və ona yaradıcılığında növbəti uğurlar diləyirəm. Onun bu yeni əsərindən nəinki, tarixçilər, həm də qlobal nizamı formalaşdıran qüvvələrin anlayışı ilə maraqlanan hər kəs yararlana biləcəkdir.
Yaşa, yarat, dəyərli tarix yazan həkimimiz!
Fəxrəddin Meydanlı,
publisist-yazar,
Azərbaycan Yazıçılar Birliyinin üzvü