“Hapag-Lloyd”: Süveyş kanalına dönüş tədricən həyata keçiriləcək
Seanews.az xəbər verir ki, dünyanın beşinci ən böyük konteyner daşıyıcısı olan “Hapag-Lloyd” şirkətinin Süveyş kanalı üzərindən keçən marşrutlara qayıtması üçün hələ dəqiq tarix müəyyən edilməyib və proses mərhələli şəkildə həyata keçiriləcək. Bu barədə şirkətin baş icraçı direktoru Rolf Habben Yansen müştərilərlə onlayn görüş zamanı məlumat verib.
O bildirib ki, qayıdış qərarı yalnız təhlükəsizlik vəziyyətinə tam əminlik yarandıqdan sonra verilə bilər. Yansen qeyd edib ki, marşrutların bərpası baş tutacağı təqdirdə mövcud logistik sxemin yenidən qurulması üçün 60 ilə 90 gün tələb oluna bilər və bu addımlar limanlarda sıxlığın yaranmaması məqsədi daşıyır.
Gəmiçilik şirkətləri 2023-cü ilin noyabrından etibarən Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar səbəbindən Afrika ətrafı daha uzun və bahalı marşrutlardan istifadə edir. “Hapag-Lloyd” və “Maersk” son bəyanatlarında mümkün qayıdış strategiyasına ehtiyatla yanaşdıqlarını, vəziyyəti diqqətlə izlədiklərini bildiriblər.
Yansen həmçinin noyabrda yükdaşımalara tələbin artdığını, oktyabrda isə xüsusilə Çin istiqamətindən göndərişlərin azalması səbəbindən zəif dinamikanın müşahidə olunduğunu deyib. Şirkət fəaliyyət xərclərinin azaldılması üzrə planlarını da davam etdirdiyini açıqlayıb.


