Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Xəzərdə ən böyük donanma

Türkmənbaşı şəhərində dekabrın 14-də prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə dövlətimizin başçısı çıxış edərək, hər üç ölkə tərəfindən nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıldığını, bu istiqamətdə mühüm layihələr gerçəkləşdirildiyini, nəticədə nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açıldığını diqqətə çatdırıb. Ölkə rəhbəri daha sonra hər üç ölkədə bu sahəyə qoyulan investisiyaların yeni, müasir infrastrukturun yaradılmasına xidmət etdiyini vurğulayıb. “Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb. 

Dövlətimizin başçısı nitqində, həmçinin Azərbaycanın 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malik olduğunu, 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodunun hazırda tam gücü ilə işlədiyini, bu müəssisədə istənilən növ gəmilərin inşasının mümkünlüyünü qeyd edib.

Yeri gəlmişkən, bu məqamda xatırladaq ki, dövlətimizin başçısı İlham ­Əliyevin prezidentlik fəaliyyəti illərində infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində yeni hava limanları, körpülər, tunellər və yol qovşaqları tikilib, beynəlxalq standartlara uyğun müasir avtomobil və dəmir yolları çəkilib.

Son 19 ildə tranzit potensialının reallaşdırılması istiqamətində də genişmiqyaslı layihələr gerçəkləşdirilib, o cümlədən, Avropa–Qafqaz–Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalı istifadəyə verilib, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizlərinin respublikamızdan keçən hissəsində bu önəmli infrastrukturların səmərəliliyini artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilib.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin gerçəkləşdirdiyi nəqliyyat-logistika layihələri sırasında son illərdə ən yeni texnoloji standartlara uyğun inşa edilən gəmiqayırma zavodunun işə salınması, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) donanmasında gəmilərin sayının getdikcə artırılması istiqamətində görülən tədbirlər xüsusi yer tutur.

Qeyd edək ki, hazırda Xəzər hövzəsində respublikamıza məxsus ən böyük mülki donanma ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da iqtisadi inkişafda xüsusi əhəmiyyətə malikdir. Gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı gəmiqayırma zavodunun imkanları isə daha çox diqqət çəkir.

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir.

Yuxarıda adı çəkilən QSC-nin donanması isə həm vaqon, həm də avtomobil yükləri üçün Xəzər dənizində körpü rolunu oynayır və bu imkandan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları həyata keçirən hər bir istifadəçi yararlanır.

Gəmiçilik sahəsində əldə edilən mühüm uğurlardan biri olan Bakı gəmiqayırma zavodunun 2013-cü ildə istismara verilməsi həm də Azərbaycan hökumətinin yeni gəmilərin alınması istiqamətində idxaldan asılılığını aradan qaldırıb.

Yeri gəlmişkən, dövlətimizin başçısı İlham Əliyev Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında deyib: “Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər”.

Onu da qeyd edək ki, respublikamızda belə bir müəssisənin yaradılması Xəzər dənizinin spesifik xüsusiyyətlərini və bu hövzədə mövcud liman infrastrukturlarının texniki imkanlarını nəzərə almaqla, nadir layihələrin və yeni konsepsiyalar əsasında bütün növ gəmilərin tikintisinə imkan verir.

Sonda bir məqamı da xatırlatmaq istərdik. Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədov tərəfindən dekabrın 14-də keçirilən geniş tərkibdəki görüşdən sonra imzalanan Azərbaycan–Türkiyə–Türkmənistan sənədləri sırasında “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”da bir sıra məsələlərlə yanaşı, “Ro-Ro”, “Ro-Pax”, dəmir yolu bərələri, neft tankerləri, quru yük və konteyner gəmilərindən istifadə etməklə, eləcə də mülki dəniz donanmalarının inkişafı üçün müştərək investisiya qoyuluşu imkanlarını araşdırmaqla Xəzər dənizində səmərəli nəqliyyat xidmətlərinin təşkilinə xüsusi diqqət yetirilir.

“Xalq qəzeti”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır