Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Dənizçi, şair Faiq Balabəylinin 60 illik yubileyidir

Onu həyatda cəmi iki dəfə görmüşəm. Bir dəfə Şuşada, bir dəfə də Bakıda, salam-əleykum salam, bitdi! Cəhd edib iki dəfə gözlərinin içinə baxa bildim. Adama yovuşmasa da, necə deyərlər, gözlərindən mahiyyətinin surətini götürdüm. Oradan oxuduqlarımı sizə şərh etmək istəyirəm. Danışmağa mövzu var...

Kimdir o? Həddibuluğa çatana kimi, doğulduğu kəndin yaxınlığından axan "Qarayar" çayını dünyanın ən böyük çayı bilib sularında fəxrlə üzən, sonradan həyatını Xəzərə bağlayan, çox fırtınalardan keçən gəmi kapitanı, dəryalar cəngavəri, dalğalar fatehi, yenilməz dənizçi, dəmir qələmli müzəffər şair, sayt rəhbəri - Faiq Balabəyli!

“Xəzər maraqlı dənizdir. Onun qoynunda işləmək, dənizçi olmaq çox şərəflidir. Xəzərlə dostluq etmək çətindir, gərək onunla dil tapmağı bacarasan. Elə ki, coşdu dözülməz olur, amma susanda adamın pıçıltılarını da eşidir. Dünyanın bir çox dənizində üzmüşəm, amma heç biri mənə Xəzərin yerini verməyib. Xəzər daha canlıdır, daha çılğındır. Əbəs yerə deməyiblər ki, Xəzərdə üzən dənizçi dünyanın bütün sularında sərbəst hərəkət edə bilər...”- söyləyir...

O, 1964-cü ildə Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra Bakıya üz tutub. Üç il 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. Məktəbi bitirən kimi əsgərliyə yollanıb, Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra isə təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində çalışıb. O, eyni zamanda iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib. Hazırda İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. O cümlədən "müstəqil.az" saytına rəhbərlik edir.

İstedadlı adamdır, gözəl poeziya nümunələri, publisistik yazıları var. İndiyədək ondan yuxarı kitabı nəşr olunub.

Deyir ki,- "İlk dəfə 8-ci sinifdə oxuyarkən ədəbiyyat müəllimim Haqverdi müəllimə bir şeir göstərdim. Oxudu, “sən şair olacaqsan”, – dedi. Görürdüm ki, mənə qarşı daha həssasdır, istiqamət verir. Sonra şeirlərimi Böyükxan Bağırlı rayon qəzetində dərc etməyə başladı. Beləiklə, mən qələmə sarıldım. İndiyədək ürəyimdən nə keçibsə onu yazmışam. Nəsr, nəzm, publisistika və s.. Jurnalist fəaliyyətimlə bağlı da çox sayda yazılarım, reportajlarım və müsahibələrim olub. Dənizçi olsam da, bütün ömrüm boyu bədii yaradıcılıqla da məşğul olmuşam. Bu, bir növ mənim hobbimdir. Heç vaxt hansısa yazıma görə ədəbiyyat tarixində qalmağımı düşünməmişəm. Elə buna görə də yaradıcılığıma bələd olanlar yazılarımda səmimiyyət olduğunu qeyd edirlər...”

Görüşə bilməsək də hərdən zəngləşib dərdləşirik. İncə yumor hissi var, zarafat etməyi bacarır. Səsinin ahəngi gəmi kapitanının əmiranə səsindən daha çox, şair səsinə bənzəyir, yumşaqdır. Sosial şəbəkədə paylaşdığı yazılarından hiss edirəm ki, insanlar arasında olmağı xoşlayır. Necə deyərlər, insapərvər adamdır. O gün yubileyi olacağından xəbər tutub, mən də bu xəbəri əvvəlcədən sosial şəbəkədə paylaşdım ki, qələm yoldaşlarının da məlumatı olsun. Kim istəsə, ona yubiley hədiyyəsi kimi, bir yazı ərmağan etsin. Hər ikimizin dostu Rövşən Kəbirli altdan rəy yazıb bildirdi ki, onun haqqnda ən maraqlı yazını sən, ya da Aydın Can yaza bilər. Cavab yazdım ki, əgər publisistikanı səmaya bənzətsək, mən orada uzaqdan, lap uzaqdan közərən ulduzlardan biriyəmsə, Aydın Can o səmanı nura bələyən günəşdir...

Adətən, gəmi kapitanları qəlyan çəkən olurlar. Amma Faiq Balabəyli qəlyan yox, qəm-qüssə, necə deyərlər, millətin, xalqın dərdini çəkir. Şeirlər elə-belə yaranmır axı. Bəli, hər şeir, ağrı-acının, qəm-qüssənin məhsuludur. Öz aramızdır, şairlər də elə kapitandırlar, “SÖZ” dəryasında üzən gəmilərin kapitanları…

Fevralın 23-ü Faiq Balabəylinin 60 yaşı tamam olur. Bu yaş ola bilər ki, gəmi kapitanları üçün çoxdur, amma şair ilhamının müdriklik dövrünün başlanğıcından xəbər verir. Faiq Balabəyliyə tükənməz ilham, uzun ömür arzulayıram.

60 yaşın mübarək, şair!

Elman Eldaroğlu


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır