Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

“Gəmiçilikdə kimsə deyə bilməz ki, yaxşı işi diqqətdən kənarda qalır”

Ömrü dağ çayına bənzəyir: gah kükrəyib coşan, gah da sakit axan dağ çayına. Bütün həyatı gərgin əmək və ictimai fəaliyyətdə keçdiyindən  illərin sürətindən də, saçlarının qar kimi  nə vaxt ağardığından da xəbər tutmayıb. Söhbət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Donanmanın istismar-kommersiya departamentinin bərələr üzrə mütəxəssisi Nikolay İvanoviç Trişovdan gedir. Dövlət başçımızın “Dənizçi günü” ərəfəsində imzaladığı sərəncamla üçüncü dərəcəli “Əmək ordeni” ilə təltif olunmasına sevinənlərdən biri də mən idim.  Axı onu çoxdan, hələ keçən əsrin səksəninci illərinin əvvəllərindən tanıyıram. Həmişə yüksək daxili mədəniyyəti, zəngin mənəviyyatı ilə seçilib. Əllərinin qabarına, alnının tərinə güvəndiyi vaxtlarda da, müxtəlif yüksək vəzifələrdə çalışanda da səmimiliyi, sadəliyi, təvazökarlığı ilə hamının hörmətini qazanıb.

-Nikolay İvanoviç, əvvəlcə sizi həm “Əmək ordeni”nə layiq görülməyiniz, həm də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə “Dəniz”in çoxsaylı oxucuları adından təbrik edirəm.

-Çox sağ olun. Mən də doğma Gəmiçiliyin bütün işçilərini şanlı yubiley münasibətilə ürəkdən təbrik edirəm.

Belə yüksək mükafatla təltif olunacağınızı gözləyirdiniz?

-Yox. Elə buna görə dövlətimizin başçısı möhtərəm İlham Əliyevə və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf müəllimə minnətdaram.

 

-Səhv etmirəmsə, bu, sizin ilk dövlət təltifiniz deyil?! Sinənizi həm də “Tərəqqi” medalı bəzəyir.

-Doğrudur. Amma hər mükafatın öz sevinci var.

Sizi yaxşı tanıdığımdan, bilirəm ki, işinizə həmişə böyük məsuliyyətlə yanaşırsınız. İşə vicdanlı münasibətinizin diqqətdən kənarda qalmadığını görmək sizdə hansı duyğular oyadır?

-Əvvəla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində çalışanlardan kimsə deyə bilməz ki, işə can yandırır, amma əməyi diqqətdən kənarda qalır.  Təbii ki, işçiyə belə diqqət hər kəsə, o cümlədən mənə də çox xoşdur.

-Bəlkə ömür yolunuza bir işıq salasınız…

-1941-ci il martın 31-də  Bakıda fəhlə ailəsində dünyaya göz açmışam. 1949-1951-ci illərdə orta məktəbdə oxumuşam. Əmək fəaliyyətinə 1957-ci ildə keçmiş Dadaş Bünyadzadə adına Gəmi təmiri zavodunda çilingər köməkçisi kimi başlamışam. İstehsalatdan ayrılmadan Bakı Dəniz Yolları Məktəbində gəmi təmiri ixtisasına yiyələnmişəm. 1961-1965-ci illərdə Sevastopol Hərbi Dəniz Donanmasında xidmət etmişəm. Ordu sıralarından tərxis olunandan sonra yenidən doğma zavoda qayıtmışam, çilingər, usta, böyük usta işləmişəm. 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirdikdən sonra müxtəlif vəzifələrdə, o cümlədən 1979-1985-ci illərdə Gəmiçiliyin partiya komitəsi katibinin müavini işləmişəm. 1980-1986-cı illərdə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun “Gəmi qurğuları” fakültəsini  bitirmişəm.  1994-cü ildən yenidən taleyimi gəmiçiliklə bağlamışam.

 

-Valideynləriniz Saratovda doğulublar. Bakıya necə gəlib çıxmısınız?

-Doğrudur. Atam İvan Pavloviç Trişov 1909-cu ildə, anam Evdokiya İvanovna 1912-ci ildə Saratovda dünyaya göz açıblar. Güzəranları ağır olduğu üçün Bakıya pənah gətiriblər. Atam sürücü, anam Bayıldakı 1nömrəli uşaq xəstəxanasında texniki işçi idi. Bacım Raisa isə Gəmiçiliyin keçmiş Vano Sturua adına Gəmi təmiri zavodunda çalışırdı.

-Ailənizdə taleyini gəmiçiliklə bağlayan var?

-Həyat yoldaşım Larisa Dimitrovna 1947-ci ildə Bakıda dünyaya göz açıb, ali təhsilli mühəndisdir. Təqaüdə çıxanadək Gəmiçiliyin Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunda çalışıb. İki oğlumuz, beş nəvəmiz var.  İlkimiz Aleksandr Bakı Dəniz Yolları Məktəbinin məzunudur, hazırda Moskvada yaşayır. Kiçik oğlum Vadim isə Novorossiysk Dəniz Gəmiçiliyinin gəmilərində elektrik mexaniki işləyir.     

-Ulu öndərdən həmişə böyük məhəbbətlə danışırsınız…

-Ümummilli liderimiz, müasir müstəqil Azərbaycanın qurucusu həqiqətən dahi şəxsiyyət idi. Bütün sahələri, o cümlədən gəmiçiliyi çox yaxşı bilirdi. 1979-cu ilin noyabrında Gəmiçiliyin partiya komitəsi katibinin sənaye üzrə  müavini vəzifəsinə təyin olunanda  qəbulunda oldum. Təxminən on dəqiqə mənimlə söhbət etdi, dəyərli məsləhətlərini verdi. Bu dahinin dilindən göstərdiyi  etimadı doğruldacağıma əmin olduğunu eşitmək bilirsiniz mənim üçün nə qədər çox xoş idi?

-Ömrünüzün çox hissəsi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə bağlıdır. Bilmək olarmı Gəmiçilik sizə nə verib?

-Böyük tarixi, şanlı ənənələri olan Gəmiçilikdə işləməyimlə həmişə fəxr etmişəm. Həyatda qazandığım çox şeyə görə Gəmiçiliyə minnətdaram.

-Minnətdarlıqla xatırladığınız adamlar çoxdur?

-Az deyil. Hər birinin həyatımda müəyyən rolu olub.

-Özünüzü heç dünyanın xoşbəxti hesab etdiyiniz vaxtlar olub?

-Bəli! Lazım olduğumu dərk etdiyim vaxtlar özümü xoşbəxt saymışam.

-Gəmiçiliyin ən vacib bir sahəsində – İstismat-kommersiya departamentində  çalışırsınız. Zəngin təcrübəniz yəqin ki, cavan mütəxəssislərinizin də  karına gəlir?

-Bir vaxtlar mənim əlimdən tutduqlarını heç vaxt unutmuram. Əksəriyyəti cavanlardan ibarət  departamentimizdə savadlı mütəxəssislər az deyil. Mən də bildiklərimi cavanlara həvəslə öyrətməyə çalışıram. Məlumat üçün deyilm ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. 13 gəmi-bərəmizdən  ikisi   “Ro-Ro” tiplidir. Hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına cəlb edilən bu gəmi-bərələrin səmərəli istismarı departamentimizdə çalışanların peşəkarlığından da çox asılıdır.

 

-Geri boylananda heç peşmançılıq hissi keçirdiyiniz olub?

-Yox. İnsan ən əvvəl həyatda nədən ötrü yaşadığını dərk etməlidir. Onda həyat gözündə daha da gözəlləşir.

 -Bəlkə deyəsiniz, başqalarının uğuruna sevinə bilmək üçün insanın ürəyi nə boyda olmalıdır?

– Mənə elə gəlir ki, nə boyda olursa-olsun, təki ürəkdə paxıllığa yer olmasın.

-Yolunuzu tez-tez Xəzərin sahilindən salırsınız?

-İstirahət günlərində Xəzərin sahillərində gəzməyi, dənizin yaraşığı olan  ləngərli gəmilərimizi seyr etməyi xoşlayıram. Bir də, Xəzərlə bağlı o qədər xoş xatirələrim var ki… Dənizə baxanda, kino lenti kimi, gözlərimin önüdən keçir.

-Sizə doğma olan 3 şeyin adını çəkə bilərsiniz?  

-Ailəm, Gəmiçilik, Azərbaycan!

-Ən böyük arzunuz?

-Hər yaşın öz istəyi var. Amma möhkən cansağlığı bütün dövrlərdə insanın şah arzusudur.

Rasif  TAHİROV

“Dəniz” qəzetinin baş redaktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır