Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-21,
Seanews
Heyder Eliyev

İki nəhəng aysberq Atlantikanın cənubuna, dəniz yollarının keçdiyi ərazilərə yaxınlaşır

Britaniyalı alimlər dəniz yollarının keçdiyi ərazilərə tədricən yaxınlaşan iki nəhəng aysberqin hərəkətini diqqətlə izləyirlər. Aysberqlər həmin ərazilərdə ticarət və balıqçı gəmiləri üçün təhlükə mənbəyi ola bilər. Onların əriməsi də okeanların ekologiyasına öz təsirini göstərir.

AZƏRTAC bu barədə BBC-yə istinadla xəbər verir.

Nəhəng buz parçaları Britaniya Antarktika Xidmətinin “Halli VI” stansiyası yaxınlığındakı Brant buzlağının şelfindən ayrılıb. Onlar tədricən əriyir, kiçik parçalara bölünür və okeanda əriyir. Lakin bu proses on illərlə davam edə bilər.

Halli stansiyası mövsümidir, qütbçülər onu Antarktikada qış dövründə - may ayından oktyabradək tərk edirlər. Alimlər iş mövsümündən geri qayıtdıqları zaman nəhəng aysberqlərdən birinin şəklini təyyarədən çəkiblər. “A81a” adlandırılan aysberqin sahəsi təqribən London şəhərinin sahəsinə bərabərdir: müvafiq olaraq 1550 kvadrat kilometr və 1572 kvadrat kilometr.

Digər tədqiqatçılar komandası isə ikinci, daha böyük aysberqin yanına üzüb. “A76” adlandırılan bu buzlaq London şəhəri ilə deyil, daha böyük ərazi - İngiltərənin Kornuoll yarımadası ilə müqayisə olunur: 3000 kvadrat kilometr və 3563 kvadrat kilometr. Aysberq Kornuolla təkcə sahəsi ilə deyil, formaca da bənzəyir – onun kimi ensiz və uzundur. Demək olar ki, üzən nəhəng ütü masasını xatırladır.

Britaniyanın “Discovery” Kral elmi-tədqiqat gəmisinin heyəti yaxınlıqda üzən “A76” buzlağına hərtərəfli baxmaq üçün fürsətdən istifadə edib. Britaniyanın Şərqi İngiltərə Universitetindən olan professor Geraynt Tarlinq gəminin göyərtəsində olub. O deyib ki, aysberq birbaşa onların kursu üzrə hərəkət edirdi və onu ötüb keçməyə 24 saat tələb olundu.

“Bəzi yerlərdə biz kifayət qədər yaxınlaşırdıq və qarşımızda həqiqətən yaxşı mənzərə açılırdı. Biz gəminin altında olan çirklənməmiş borulardan istifadə edərək aysberqin hər tərəfindən su nümunəsi götürdük, ona görə indi tədqiq edilmək üçün xeyli nümunələrimiz var”, - deyə Tarlinq BBC-yə müsahibəsində vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır