Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Dənizə gedənlər diqqətli olmalıdırlar

Yay mövsümündə insanlar istirahət üçün əsasən dəniz və çimərliklərə üz tuturlar. Hər il Azərbaycanda çimərlik mövsümü başlamadan öncə dənizdə müəyyən monitorinqlər aparılır. Epidemioloji vəziyyəti yaxşı olmayan çimərliklərin fəaliyyətinə bir müddət icazə verilmir. Bu səbəbdən ölkədə infeksion xəstəliklərlə bağlı təhlükəli vəziyyət yaranmır. Lakin su ilə bir sıra xəstəliklərin yoluxması demək olar ki, bütün dünyada rast gəlinən haldır.

Çirkli dəniz sularında patogen bağırsaq çöplərinə yoluxma halları daha çox qeydə alınır

AZƏRTAC mütəxəssislərin təhlili əsasında çimərliklərdən və dəniz suyundan insana keçə biləcək yoluxucu infeksion xəstəliklər, bu kimi problemlərdən qorunma yolları barədə araşdırma aparıb. Mövzu ilə bağlı Dəri Zöhrəvi Dispanserinin baş həkimi Yusif Cabbarlı cari ildə yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsulları tətbiq edilməklə monitorinqlər keçirildiyini deyib: “Tövsiyə olunmayan yerlərdə dənizə girənlər vəba, salmonellyoz, meningit, konyunktivit, otit, dermatit, göbələk kimi bir sıra infeksion xəstəliklərə yoluxa bilərlər. Ən çox müşahidə olunan vəziyyət isə çirkli dəniz sularında patogen bağırsaq çöplərinə yoluxma hallarıdır. Xüsusilə, mədə-bağırsaq sistemində xroniki xəstəlikləri olanlar daha tez yoluxurlar. İmmun sistemi qüvvətli olduqda orqanizm xəstəliklə mübarizə apara bilir. Hətta mədə turşusunun özü də parazitləri məhv etmək qabiliyyətinə malikdir”.

Baş həkim çirklənmiş dəniz sularında üzməyin qarın yatalağı, vəba, dəri və göz xəstəliyinə yoluxma halları üçün şərait yaratdığını vurğulayıb: “Qarında ağrı, ishal, temperatur həmin xəstəliklərin əsas əlamətləridir. Eyni zamanda, hovuz sularında konyunktivit, qulaq iltihabı, otit müşahidə olunur. Müxtəlif törədicilər, mədə-bağırsaq sisteminin pozulması isə dəridə göbələk və digər xəstəliklər əmələ gətirir. Bu zaman səpkilər, qızartılar, qaşınma müşahidə oluna bilər”.

Y.Cabbarlı qeyd edib ki, GEM-in patogen törədiciləri miqdarının normadan çox olduğunu aşkar etdiyi çimərliklərdən uzaq durmaq məsləhət görülür. Çünki tövsiyə olunmayan və yaxud kanalizasiya sularının bilavasitə axıdıldığı yerlərdə çimmək böyük problemlərlə nəticələnə bilər.

Bağırsaq infeksiyalarına yoluxma zamanı hərarətin yüksəlməsi, ishal, qusma müşahidə olunur

Həkim-infeksionisti Gülnar Axundzadə bildirib ki, immun sistemi daha aşağı olan şəxslərdə infeksion xəstəliklərə yoluxma riski daha yüksək olur: “Çimərliklərdə infeksion xəstəliklərə yoluxma riski var. Xüsusən də uşaqlar, yaşlılar, immun sistemi daha aşağı olan şəxslərdə bu xəstəliklərə yoluxma riski daha yüksək olur. Ən çox bilinən fekal-oral yolla yoluxan infeksion xəstəliklərdir. Daha çox rast gəlinən isə bağırsaq infeksiyalarıdır. Bu zaman hərarətin yüksəlməsi, ishal, qusma müşahidə olunur. Bu da daha çox uşaqlarda rast gəlinir. Bundan başqa, çimərliklərdə selikli qişaların xəstəliklərinə də yoluxma çox olur. Məsələn, konyunktivit - gözün selikli qışasının iltihabına yoluxma ola bilər. Əgər dəridə hər hansı zədələnmə, kəsik və digər açıq hissə varsa, həmin sahədən infeksiyanın yoluxma ehtimalı daha yüksəkdir. Fekal-oral yolla yoluxan viruslardan biri olan Hepatit A suda varsa, yoluxma ehtimalı ola bilər”.

Gülnar Axundzadənin qeyd edib ki, dənizə gedərkən çirkli sulara girməmək, gigiyenik qaydalara əməl etmək, dənizi çirkləndirməmək lazımdır: “Dənizə gedərkən bu viruslardan qorunmaq üçün xüsusi bir meyar yoxdur. Amma icazə verilən çimərliklərə getmək məsləhətlidir. Dəniz kənarının hər hissəsi çimərlik deyil. Suyun təmizliyi, tərkibində bakteriyalar, fekal-oral yolla keçən qurd xəstəlikləri gözlə görünən olmadığı üçün hər hansı virus, bakteriyaların olub-olmadığını bilmək olmur. Ona görə də yalnız icazə verilən, təmizliyindən əmin olduğumuz çimərliklərdən istifadə etmək lazımdır. Əgər su çirklidirsə, hava küləklidirsə, suya girməmək məsləhətdir. Gigiyenik qaydalara əməl etmək lazımdır. Ən vacib amillərdən biri də dənizi çirkləndirməməkdir. Hansısa şəxsdə bir yoluxucu xəstəlik varsa və bunu bilirsə, bu zaman ictimai çimərliklərdən istifadə etməməlidir”.

Dəniz suyu udan uşaqların mədə-bağırsaq sistemləri zədələnə bilər

Yay fəslində vətəndaşların bir hissəsinin təbiət qoynunda dincəlməyə üstünlük verdiyini, şəhərdə qalanların isə çimərliklərə üz tutduğunu deyən 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin ağciyər üzrə mütəxəssisi həkim-ftiziatr Afət Novruzova fikirlərinə belə davam edib: “Məlumdur ki, əhali həm dincəlmək, həm də sağlamlıq məqsədilə çimərliklərdə istirahətə önəm verir. Günəş şüası altında D vitamininin qəbulu 2-3 dəfə artır ki, bu da sümüklərin, beynin inkişafı üçün çox vacib olan, immun sistemini qüvvətləndirən bir vitamindir. Lakin çimərlik seçimində ehtiyatlı olmaq, tövsiyə olunan məkanlarda istirahət etmək məsləhət görülür. Belə ki, ərazilərdə çirkab suları heç bir təmizlik qurğusundan keçmədən, təmizlənmədən birbaşa dənizə axıdılır. Bunlar da mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsinə gətirib çıxarır. Ona görə də xüsusən uşaqlarla çimərlikdə olarkən fikir vermək lazımdır ki, onlar dəniz suyunu udmasınlar. Çünki çirkab suları udarkən azyaşlıların mədə-bağırsaq sistemləri zədələnə bilər”.

Göründüyü kimi, mütəxəssislər də çirkli və tövsiyə olunmayan çimərliklərdə istirahət etməyin hansı fəsadlarla nəticələnəcəyini kifayət qədər açıq izah etdilər. Öz sağlamlıqlarının qeydinə qalanlar tövsiyələrdən və çağırışlardan düzgün nəticə çıxarıb həm özünün, həm də doğmalarının həyatını riskə atmayacaq, qadağan olunmuş və çirkli ərazilərdə istirahət etməkdən çəkinəcəklər. Bir dəfədən heç nə olmaz deyərək aylarla, hətta illərlə sağalmaq üçün mübarizə aparmağa dəyməz...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır