Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Qrenlandiya Nyu-York şəhərindən 36 dəfə böyük ölçüdə buz itirib

Qrenlandiyanın son otuz ildə itirdiyi buz sahəsi Nyu-York şəhərinin ölçüsündən təxminən 36 dəfə böyükdür.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Qrenlandiyada bitki örtüyünün miqdarı 1980-ci il ilə 2010-cu il arasında iki dəfə artıb. Buna səbəb ölkənin bir vaxtlar buz və qarla örtülmüş ərazilərinin qaya, bataqlıq və ya kolluq əraziyə çevrilməsidir. Təkcə bataqlıq ərazilər bu müddət ərzində dörd dəfə artıb.

Alimlər peyk görüntülərini təhlil edərək, Qrenlandiyanın 28.707 kvadratkilometr buz itirdiyini müəyyənləşdirib.

Daha mülayim hava temperaturu öz növbəsində torpağın istiliyini artırıb. Beləliklə də, iqlim dəyişikliyi Arktikanın çox hissəsində tapılan donmuş təbəqənin - permafrostun əriməsinə səbəb olub.

"Buzun itirilməsi Qrenlandiyanın daha da “yaşıllaşması” ilə nəticələnəcək. Eyni zamanda, əriyən kütlədən ayrılan sular çöküntü və lilləri hərəkətə gətirir, nəticədə bataqlıqlar və çəmənliklər əmələ gəlir”, -deyə hesabatın müəllifi Konatan Kerrivik mətbuata açıqlamasında bildirib.

Qar və buz adətən günəş enerjisini kosmosa əks etdirir və Yerin bəzi hissələrində həddindən artıq istiləşmənin qarşısını alır. Lakin buz yox olduqdan sonra həmin ərazilər daha çox günəş enerjisi udur və yer səthinin temperaturunu artırır. Nəticədə isə daha çox mənfi təsirlərə səbəb olur.

Qrenlandiyada 1970-ci illərdən bəri qlobal orta temperaturdan iki dəfə artıq istiləşmə müşahidə olunur və tədqiqatın müəllifləri gələcəkdə daha çox artım olacağı barədə xəbərdarlıq edirlər.

Qeyd edək ki, Qrenlandiya dünyanın ən böyük adasıdır, əsasən buz və buzlaqlarla örtülüdür. Danimarka Krallığının tərkibində muxtar olan adada 57 minə yaxın insan yaşayır. Əhalinin çox hissəsi yerlidir və oradakı bir çox insanlar sağ qalmaq üçün təbii ekosistemlərə güvənirlər.

Hesabatın aparıcı müəllifi Qrimes çöküntülərin və qida maddələrinin sahil sularına axmasının xüsusilə balıq ovu ilə məşğul olan insanlar üçün problemli olduğunu söyləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır