Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-12,
Seanews
Heyder Eliyev

ASCO sədri ADDA-ya yüksək balla qəbul olan tələbələrlə görüşüb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) bu il yüksək bal toplayaraq (13 nəfər 500, 2 nəfər 600 bal) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) qəbul olan  tələbələrlə görüş keçirilib.

Görüşdə ASCO-nun sədri Rauf Vəliyev, ADDA-nın rektoru Heydər Əsədov, ASCO sədrinin müavinləri və bir sıra departament rəhbərləri iştirak ediblər.

ASCO sədri Rauf Vəliyev çıxış edərək əvvəlcə tələbələri və valideynlərini təbrik edib, onlara yeni qədəm qoyduqları tələbəlik həyatlarında uğurlar arzulayıb. Bildirib ki, müstəqil, müasir, sürətlə inkişaf edən Azərbaycanın parlaq gələcəyi həm də peşəkar kadrlardan asılıdır: “Azərbaycan Ordusu və xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində görünməmiş iradə nümayiş etdirdi. Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə həm də yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu inkişafın davamlı və hərtərəfli olması üçün hər bir Azərbaycan vətəndaşının, o cümlədən siz tələbələrin üzərinə böyük vəzifə düşür. Ümid edirəm ki, yüksək bal toplayaraq ali məktəbə qəbul olduğunuz kimi, elə yaxşı nəticələrlə də təhsilinizi başa vuracaqsınız, ölkəmizə, xalqımıza layiqli vətəndaş, kadr kimi yetişəcəksiniz”.

Sədr tələbələrə gəmiçiliyin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə dənizçiliyin inkişafı uzun və şərəfli yol keçib: “Üç əsrə şahidlik edən böyük şirkətin bir parçası olmaq hər kəs üçün qürurvericidir. Əminəm ki, gələcəyin peşəkar kadrları kimi siz Azərbaycanın mövcud dənizçilik imkanlarını daha da irəliyə apara biləcəksiniz. Və bütün dövrlərdə nüfuzlu peşə sayılan dənizçi adına layiq olacaqsınız.”

ASCO sədri Azərbaycan Dövlət Dəniz Akademiyasında yaradılan şəraitdən də danışıb. Bildirib ki, təhsil ocağına ASCO tərəfindən daim dəstək verilir və burada mütəxəssislərin hazırlanması, kadr potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirilir.

Savadlı və peşəkar gənclərə Gəmiçilikdə hər zaman ehtiyac olduğunu vurğulayan Rauf Vəliyev ADDA-nın məzunlarının dünyanın hər yerində işləmək imkanlarının olduğunu da qeyd edib.

ASCO-da Vətən müharibəsi qəhrəmanlarına hər zaman həssaslıqla yanaşıldığını qeyd edən Rauf Vəliyev bu il ADDA-nı seçənlər arasında müharibə iştirakçısının olmasını xüsusi qeyd edib. O, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları  ilə təltif olunan ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası seçən İvan Levşanın təhsil haqqının ASCO tərəfindən ödəniləcəyini və ona xüsusi təqaüd veriləcəyini qeyd edib.

Görüşdə iştirak edən ADDA rektoru Heydər Əsədov tələbələrə göstərilən diqqət və qayğıya görə ASCO rəhbərliyinə  təşəkkürünü bildirib, gələcəyin dənizçilərini onlar üçün yaradılmış imkanlardan lazımınca faydalanmağa çağırıb.

Səmimi formada davam edən görüşdə Rauf Vəliyev tələbələrin qayğıları ilə maraqlanıb, onlara tövsiyələrini verib.

Görüşdə həmçinin tələbələrə ASCO adından qiymətli hədiyyələr təqdim olunub.

Yaradılan fürsətə və göstərilən diqqətə görə tələbələr ASCO rəhbərliyinə təşəkkürünü bildiriblər.

ADDA tələbələrinə ASCO-nun “Suraxanı” gəmi-muzeyi və inzibati binada fəaliyyət göstərən “Üç əsrin şahidi” muzeyi ilə tanışlıq imkanı da yaradılıb. Onlar hər iki muzeydə yerləşən eksponatlarla yaxından tanış olub və yüksək təəssüratlarla buradan ayrılıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır