Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Ömür yolu dənizdən keçənlərin bir çoxu Məmməd Yaqubovu bu gün də böyük hörmətlə xatırlayır

Ömür yolu dənizdən keçənlərin bir çoxu Məmməd Hüseynqulu oğlu Yaqubovu bu gün də böyük hörmətlə xatırlayır. Bu, təsadüfi deyil. Dənizdə iz qoyanların hər birinin təhsil aldığı illərdə kamil mütəxəssis kimi yetişməsində Məmməd müəllimin böyük zəhməti olub.

Məmməd Yaqubov 1931-ci il fevralın 5-də Bakı şəhərində anadan olub.

1944–1947-ci illərdə Bakı yunqa məktəbində təhsil alan Məmməd Yaqubov birinci dərəcəli gəmi maşinisti ixtisasına yiyələnib. Oxumağa ara verməyib, əvvəlcə  təhsilini Bakı Dəniz Yolları Məktəbində, 1951-ci ildən isə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunda davam etdirib. Ali təhsil ocağını 1956-cı ildə “Gəmi güc qurğularının istismarı üzrə mühəndis-texnik” diplomu ilə bitirən Məmməd Yaqubovu Bakı Dəniz Yolları Məktəbinə müəllim göndəriblər.

Bütün həyatını dənizçi kadrların hazırlanmasına həsr edən Məmməd müəllim müxtəlif illərdə Bakı Dəniz Yolları Məktəbində şöbə rəisi, tədris hissə üzrə rəis müavini, Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialı qiyabi şöbəsinin rəisi, 1973–1991-ci illərdə Bakı Dəniz Yolları Məktəbinin rəisi işləyib. Bu gün diplomu bütün dünyada tanınan Azərbaycan Dövlət Dəniz Akademiyası da 1996-cı ildə məhz Məmməd müəllimin uzun illər rəhbərlik etdiyi Bakı Dəniz Yolları Məktəbinin bazasında yaradılıb.

Məmməd Yaqubov əmək fəaliyyəti dövründə tədrisin kefiyyətini yüksəltmək üçün çox işlər görüb – dövrün tələblərinə uyğun metodiki vasitələr hazırlayıb, texniki kabinetlərin təchizatını yaxşılaşdırıb.

Sinəsini “Xalqlar Dostluğu” ordeni bəzəyən Məmməd Yaqubov “Dəniz Donanmasının Fəxri işçisi” idi, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdu.

Təcrübəli pedaqoq, tələbkar və həssas qəlbli insan Məmməd Hüseynqulu oğlu Yaqubov 2000-ci il dekabrın 5-də - ömrünün altmış doqquzuncu ilində vəfat edib.

                            

 Sevda ABDULLAYEVA - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır