Qasım Gülün anadan olmasının 114-cü ildönümüdür
Qasım Kazım oğlu Gül 1909-cu il dekabrın 31-də Şamaxı şəhərində anadan olub. 1933-cü ildə Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
Q.Gül 1947-ci ildə coğrafiya üzrə fəlsəfə doktoru, 1951-ci ildə coğrafiya üzrə elmlər doktoru elmi dərəcələrini və professor elmi adını alıb, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilib.
O, 24 yaşında Bakı Dəniz Texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı rəis təyin edilib. Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Fiziki coğrafiya kafedrasının müdiri, 1954-1957-ci illərdə həmin universitetin elmi işlər üzrə prorektoru vəzifələrində işləyib. 1957-1962-ci illərdə AEA Coğrafiya İnstitutunun direktoru, Xəzər problemləri bölməsinin rəhbəri vəzifələrində çalışıb. Q.Gül Azərbaycan Dövlət Universitetinin Coğrafiya kafedrasında dərs deyib, həm də tədris və elmi hissə üzrə prorektor köməkçisi (1938-1941) vəzifələrində işləyib. Müharibə illərində o, SSRİ Xalq Müdafiə Komitəsinin rabitə kurslarının siyasi rəhbəri olub (1941-1942), yerli sənayeyə rəhbərlik edib, Azərbaycan SSR Balıq Sənayesi Xalq Komitəsinin flaq-şturmanı təyin edilib.
Q.Gül Azərbaycanda okeanologiya məktəbinin banisi, Azərbaycanda ilk coğrafiya elmləri doktoru, coğrafiya sahəsində ilk professor, AEA-nın ilk coğrafiyaçı müxbir üzvü, ilk Xəzərşünas-okeanoloq olub. Xəzər dənizinin hidrologiyası ilk dəfə professor Q.Gülün doktorluq dissertasiyasında və bir sıra monoqrafiyalarında dərin təhlil edilib.
O, 100-dən artıq elmi əsərin və 5 tədris kitabının müəllifidir. Azərbaycanda fiziki coğrafiya üzrə ilk orta məktəb dərsliyi onun tərəfindən hazırlanıb. «Xəzər dənizi», “Qızılağac körfəzinin coğrafiyası», «Dənizdə neft mədənləri rayonlarının coğrafiyası», «Xəzərin qərb sahillərində dalğaların rejimi və dinamikası», «Meteorologiya və iqlimşünaslıq» kimi elmi əsərlərin müəllifidir.
Q.Gülün Azərbaycanda coğrafiyaşünas alim kadrların hazırlanmasında xidmətləri böyükdür. O, milli dənizçi kadrlarının hazırlanması üçün Bakı Dəniz Texnikumu (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaradıb. Doğma dildə dərs vəsaitlərinin olmadığı üçün o, rus dilindən “Naviqasiya”, “Dəniz praktikası”, “Dəniz astronomiyası” və s. kitabları tərcümə edərək əlyazması şəklində tələbələrə çatdırıb. 1957-1972-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyası Okeanoqrafiya İnstitutu Aral-Xəzər Bölməsinin və AEA-nın Xəzər Komissiyasının (1953-1972), 1958-1970-ci illərdə isə Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin sədri olub.
Q.Gül "Şərəf nişanı" ordeni ilə təltif olunub, bir çox diplom və fəxri adlara layiq görülüb. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələrindən biri onun şərəfinə “Professor Gül” adlandırılıb.
Qasım Gül 1972-ci ildə Bakıda vəfat edib.