Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

“Ən yaxşı kapitan”

Abdulmanaf Mahmud oğlu 1925-ci il iyunun 30-da Bakı şəhərində anadan olub.

Dəvəçi rayonunun Uzunboyat kəndindən olan atası Mahmud Manafov inqilabdan əvvəl  sadə kəndli həyatı yaşayıb. 1924-cü ildə  ailəsi ilə Bakıya köçüb. 1937-ci ildə 52 yaşında dünyasını dəyişdikdən sonra ömür-gün yoldaşı Gülbahar xanım övladlarını dolandırmaq üçün Bakıdakı “Qalibiyyət” adlı  xalça artelində işə düzəlib.

Abdulmanaf  1942-ci ildə 9 siniflik orta ümumtəhsil məktəbini başa vuran kimi Bakı dənizçilik məktəbinə daxil olub və 1945-ci ildə bu təhsil ocağını “uzaq səfərlər üzrə gəmi sürücüsü” ixtisası ilə bitirib. Həmin ildən də “Xəzərtanker” gəmiçiliyinin gəmilərində üzməyə başlayıb. Əməksevərliyi, intizamı, əzmkarlığı ilə seçilən Abdulmanaf 1947-ci ildən kapitanın 3-cü köməkçisi, 1949-cu ildən 2-ci köməkçisi, 1951-ci ildən isə kapitanın baş köməkçisi işləyib.

Daim öz üzərində çalışan, gəmini “beş barmağı” kimi öyrənən  Abdulmanaf 1953-cü ildən işlədiyi tankerdə kapitanı əvəz edib. 1958-ci ildə - 33 yaşında isə artıq kapitan təyin edilib.  

Abdulmanaf  Mahmud oğlu həmişə heyəti qarşıda duran vəzifələrə səfərbər etməyi bacarıb, plan və  öhdəliklərin artıqlaması ilə yerinə yetirilməsinə nail olub. Bununla kifayətlənməyən kapitan bilik və təcrübəsini gənclərə həvəslə öyrədib, heyət üzvlərini işə yaradıcılıqla yanaşmağı sövq edib. Məsələn, təkcə 1979-cu ildə kapitanı olduğu “Nikifor Roqov” tankerində 19 səmərələşdirici təklif verilir ki, onlardan da 17-si istehsalatda tətbiq edilir.

Xəzər Dəniz Gəmiçiliyi üçün sifariş edilən yeni iritonnajlı tankerlərin ilki – “Nikifor Roqov” gəmisinin sükanı da  təcrübəli, tələbkar olduğu qədər də qayğıkeş kapitan Abdulmanaf Mahmud oğluna məhz əsl dənizçi keyfiyyətlərinə görə etibar edilib.

Abdulmanaf Mahmud oğlunun əməyi yüksək qiymətləndirilib. 1966-cı ildə Lenin opdeni ilə təltif olunub. “Rəşadətli əməyə görə” medalına,  “Dəniz Donanmasının fəxri işçisi” (1976-cı il) adına layiq görülüb. “25 il qəzasız işə görə” döş nişanı ilə təltif edilib, müxtəlif illərdə Dəniz Donanması Nazirliyinin və Xəzər Dəniz Gəmiçiliyinin “Ən yaxşı kapitanı” seçilib.

Kapitan Abdulmanaf Mahmud oğlu 1988-ci il fevralın 6-da haqq dünyasına qovuşub.

Sevda Abdullayeva - ASCO-nun İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır