Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

Qorxu və Motivasiya

Aktyor Qren Ford deyib ki, qorxduğunuz işləri görmürsünüzsə, deməli, həyatınızı qorxu idarə edir.

Bir gün vəba yol ilə gedərkən qarşısına bir nəfər çıxır və ondan soruşur:  “Hara gedirsən?  Vəba cavab verir ki, şəhərə gedirəm. Adam vəbanın şəhərə niyə getdiyini soruşur. Vəba beş min nəfəri öldürəcəyini deyir. Ayrılırlar və hər ikisi yoluna davam edir. Adam geri qayıdanda şəhərdə əlli min nəfərin vəbaya düçar olaraq öldüyünü eşidir. Bundan sonra o, vəba ilə təkrar rastlaşır. “Sən məni aldatmısan. Demişdin ki, beş min adam öldürəcəksən, ancaq əlli min öldürmüsən”. Vəba cavab verir: “Mən sözümün üstündə durmuşam. Beş min demişdim, beş min də öldürmüşəm. Qalanları qorxudan ölüblər”.

Bəli, təhlükə qorxusu təhlükənin özündən belə təhlükəlidir. Beynimizin təcrübələri ümumiləşdirmək funksiyası var. Bizə gələn informasiyaları qavrama süzgəclərindən keçiririk, o süzgəclərdən biri də “ümumiləşdirmə” adlanır. Məsələn, bir neçə dəfə tarixdən aşağı qiymət alan şagird “tarixi öyrənmək çətindir” qənaətinə gələ bilər. Və ya bir neçə dəfə dərzidə istədiyi nəticəni ala bilməyən müştəri “dərzilər bacarıqsızdır”, bir şəhərdən üç ayrı insan tərəfindən aldadılan şəxs “filan şəhərdən olanlar fırıldaqçıdır” kimi ümumiləşdirmələr aparırlar. “Azərbaycanda həkim yoxdur”, “Bütün ustalar məsuliyyətsizdir”, “Heç kimə inanmaq olmaz” kimi fikirləri də bu ümumiləşdirmələrə aid etmək olar. “Bütün”, “həmişə”, “heç vaxt”, “əsla”, “hamı”, “heç kim”, “ola bilməz”, “mümkün deyil”, “qisməti var” və s. ifadələrlə birlikdə meydana çıxan ümumiləşdirmələr, bir çox hallarda həyatımızın yanlış yön almasına səbəb olur. Ən təhlükəlisi isə odur ki, bu ümumiləşdirmələr tədricən zehnimizin dərinliklərində yer alaraq inanclara çevrilirlər. İki dəfə bir işə cəhd edib, nəticə ala bilməyən insan “bu iş məndə alınmır” deyərək, o işdən vaz keçir və bir daha cəhd etmir. Bununla da, onu məhdudlaşdıran, uğursuzluğa sürükləyən inanc əmələ gəlir. Sanki fillər kimi! Fillər hələ kiçikkən ağır zəncirlə dəmirə bağlanılır. Nə qədər güc sərf etsələr də, zəncirlərini qırmağa müvəffəq olmayan fillər, nəhayət dəmir dirəyi yerindən hərəkət etdirə bilməyəcəklərini qəbul edirlər. Bu, qəbullanma mərhələsidir. Sonralar fillər nə qədər böyük və güclü hala gəlsələr də, yanlarında duran dirəyi gördükləri müddətdə hərəkət edə bilməyəcəklərinə inanırlar.

Qorxu normadan artıq olduqda insanın cəsarətinə, yaradıcılığına, inkişafına əngəl törədir. Bir neçə dəfə yenilikçi fikir səsləndirməyə cəhd edən birisi “özündən Amerika kəşf eləmə”, “xəyalpərəst olma” kimi cavab reaksiyaları ilə üzləşərsə, özünü narahat hiss edəcək və güman ki, tənqid olunma qorxusundan bir daha yenilikçi olmamağa çalışacaq.

Qorxunun ümumiləşdirilməsi yaradıcılığı əngəlləməklə yanaşı, çarəsizlik də yaradır. Dünya iqtisadiyyatının geriləməsi, istehsalın həcminin və ticarət dövriyəsinin azalmasını müşahidə edən insanlarda qorxu yaranır. Özlərinə qorxu içində “Görəsən, vəziyyətim necə olacaq?” sualını ünvanlayaraq, qorxulu cavablar tapanlar gələcəyə ümidlə baxa bilməzlər. İnsanın həyatının yönünü müəyyənləşdirən faktorlardan biri özünə ünvanladığı suallardır. “Neft bir az da ucuzlaşsa nə olacaq?”, “Manatın məzənnəsi düşsə nə baş verəcək?” kimi suallara cavab axtaran beyinlərin tapdıqları cavablar əhvalı yerlə yeksan etmək qüdrətinə malikdir.

Gənc rəssam bir memarın portretini çəkmək sifarişi alır. Bu, onun aldığı ilk böyük iş idi. O, uğurunu qeyd etmək üçün çox xoşladığı kafeyə gedir. Sifarişini gözlədiyi zaman gözü yanındakı masanın oturacaqlarından birinin üstündəki qəzetə sataşır. Manşetdə qalın hərflərlə bu sözlər yazılıb: "Çətin günlər yaxınlaşır!" Rəssam başlığa baxdıqca təlaşlanır və bərk narahat olur. Dərhal ofisiantı çağırıb hesabı tələb edir və sifarişini ləğv edir. Ofisiant onun sözünü kafenin sahibinə çatdırır. Kafe sahibi gənc rəssama yaxınlaşaraq soruşur: “Nəsə problem yarandı?” Rəssam “Çətin günlər yaxınlaşır, indi pulumu və zamanımı boşa sərf etməyimin vaxtı deyil, işimlə məşğul olmalıyam”, deyə cavab verir. Rəssam getdikdən sonra kafenin sahibi: “Çətin günlər yaxınlaşırmı?”- deyə, düşünməyə başlayır. Düşündükcə təlaşlanır, narahat olur və arvadına zəng edərək deyir: “Əzizim, bu bayram tədbiri üçün sifariş verdiyin paltar sadəcə bir dəfə geyinmək üçün çox bahadır. Çətin günlər yaxınlaşır, bəlkə, mağazaya zəng edib sifarişini ləğv edəsən?” Arvadı könülsüz razılaşır və mağzaya zəng edir: “Yeni paltarım üçün dünən verdiyim sifarişi ləğv etmək məcburiyyətindəyəm. Ərim, çətin günlərin yaxınlaşdığını dedi. Bir az dişimizi sıxmalıyıq.” Mağaza sahibi: “Təəssüf edirəm, ancaq sizi də anlayıram”, deyə cavab verir. Dəstəyi asdıqdan sonra mağazanın sahibi düşünməyə başlayır və düşündükcə təlaşlanır, narahat olur və memara zəng edir: “Xəbər var ki, çətin günlər lap yaxındadır. Mağazamı böyütmək üçün heç münasib zaman deyil, indi belə ağır yükün altına girə bilmərəm”. Memar düşünür və düşündükcə təlaşlanır. Gənc rəssama zəng vurur və deyir: "Çətin günlər gəlir ve bir portretə pul xərcləmək üçün doğru zaman deyil. Portret sifarişini təxirə salmalıyam”. Gənc rəssam vəziyyəti anlayır, özünü rədd edilmiş kimi hiss edərək sıxıntısını bir qədəh şərabla boğmaq üçün kafeyə gedir. Boş masalardan birində oturaraq içməyə başlayır və təkrarən gözləri oturacağın üstündəki qəzetə sataşır. Ayağa qalxıb qəzeti götürür və xəbəri tam oxumaq istəyir. Qəzetin 10 il əvvəl dərc edildiyinin fərqinə varır. Kimsə bu qəzetlə kafeyə gətirdiyi malın üstünü örtüb və gedəndə onu qatlayaraq oturacağın üzərinə qoyub. Böhranın yaranmasına səbəb adətən böhran haqqında şayiələrin yaranmasıdır.

Qorxu insanları pula qənaət etməyə məcbur edir, nəticədə istehlak aşağı düşür. İstehlak azalırsa, ticarət və istehsal da zəifləyir. Beləliklə, böhran dərinləşir. Böhranın dəf edilməsi üçün ilk növbədə qəlbimizdəki qorxunu dəf etməyi bacarmalıyıq. Özümüzə ünvanladığımız sualların tərkibini və düşüncə tərzimizi dəyişməliyik. Uğurlu insan, böhranı fürsətə çevirməyi bacarandır.

Bilik və təhsil XXI əsrin açarıdır. Zehni hazırlıq fiziki hazırlıq kimidir: hər ikisi də ömürlük təlim istəyir. Linkolin demişdir: “Birilərinin zəngin olmaq faktı sizin də ola biləcəyinizə sübutdur”.

Unutmayın, yuxarıda olan hər kəs bir zaman aşağıda olub. Orta statistik ailədən çıxmış orta gəlirə malik olmuş və sonradan öz sahəsində peşəkar olaraq zənginləşmiş yüzlərlə, minlərlə, on minlərlə insan var.

Namiq Əlizadə

Təlim Tədris Mərkəzinin Biznesin inkişafı qrupunun rəhbəri


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır