Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

Kapitan: “Belə fədakar dənizçilərlə dünya okeanlarında da istənilən çətin səfərin öhdəsindən layiqincə gəlmək olar”

“Cabbar Həşimov” tankeri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının tərkibinə 2008-ci ildə daxil olub. O vaxtdan sular qoynunda hünər dastanı yazır.

Xəzərin şıltaqlığına baş əyməyən “Cabbar Həşimov” gəmisi Kiyanlı, Alaca, Aktau, Mahaçkala, Səngəçal limanları arasında səfərlər edir,  xam neft daşıyır. Cari ildə  “Cabbar Həşimov”un sorağı daha çox Türkmənistanın Kiyanlı və Qazaxıstanın Aktau limanlarından gəlib.   Kiyanlı-Səngəçal, Aktau-Səngəçal xətlərində həyata keçirilən səfərlərdə dənizçilər hər dəfə yükləri mənzil başına vaxtında və itkisiz çatdırmağa nail olublar.

Hazırda heyətə  ASCO-nun mahir gəmi sürücülərindən olan İlqar Dadaşov başçılıq edir. Əlli altı il əvvəl  martın  9-da  Neftçalanın Mayak kəndində  dünyaya göz açan İlqar Dadaşov dalğalar qoynuna ürəyinin hökmü ilə gəlib.  1981-ci ildə  keçmiş Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olub və 1984-cü ildə həmin məktəbi gəmi sürücülüyü ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində matros kimi başlayıb. Sonralar  sorağı Baltik, Şimal, Karib, Qara və Aralıq dənizlərindən, Atlantik okeanından gəlib. 2009-cu ildən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində səfərlərə kapitan kimi çıxır. Təcrübəli kapitan üzdüyü bütün gəmilərdə heyətin qüvvəsini qarşıda duran vəzifələrə səfərbər etməyi bacarıb.  2017-ci ildə isə ona “Cabbar Həşimov” tankerinin sükanı  etibar edilib.

Heyətin 14 üzvü var. Bir-birindən işgüzar, zirək dənizçilərdir. Belələri ilə sular qoynunda da necə deyərlər,  “dağı dağ üstə qoymaq olar”. “Cabbar Həşimov” tankerinin  uğurlu səfərlərində kapitanın baş köməkçisi Vadim Şanqaytın, kapitanın növbə köməkçiləri Anar Xanseyidovun və Fikrət Əliyevin, baş mexanik Kamal Qənbərovun, elektrik mexaniki İlham Quluyevin, donkerman Murad Kərimovun və başqalarının böyük zəhmət payı var.  Təcrübəli kapitan İlqar Dadaşovun sözləri ilə desək, belə fədakar dənizçilərlə təkcə Xəzərdə deyil, dünya okeanlarında da istənilən çətin səfərin öhdəsindən layiqincə gəlmək olar.  

“Cabbar Həşimov”un heyəti də  açıq dənizə hər dəfə bu inamla - fırtınalar qoynunda uğurlu səfərlərinin sayını artırmaq üçün çıxır və buna nail olur.

Belə olub həmişə. Və kaş belə ola həmişə!

Rasif Tahirov - "Dəniz" qəzetinin baş redaktoru

Qeyd: (Foto şəkillər karantin rejimindən qabaq müxtəlif vaxtlarda çəkilib)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır