Çin istehsalı olan ilk kruiz gəmisi səfərə Şanxaydan çıxacaq
Çin Dövlət Gəmiqayırma Korporasiyası (“CSSC”) və “CSSC Carnival Cruise Shipping”-in birgə müəssisə olan “Carnival Corporation” şirkəti ölkədə ilk dəfə inşa edilən kruiz gəmisinin adını açıqlayıb. Gəmi "Adora Magic City" adlanır.
“Seanews.az”-ın məlumatına görə, “Adora Magic City” laynerinin tikintisində İtaliyanın “Fincantieri” gəmiqayırma zavodu da iştirak edib. O, gəmini dizayn və əsas avadanlıqlarla təmin edib, kayutlarda tamamlama işləri görüb.
Gəminin tikintisinə 2020-ci ilin payızında start verilmişdi, lakin pandemiya səbəbindən inşası dayandırılmışdı.
Kruiz gəmisinin sərnişin tutumu 4,2 min nəfərdir. Gəmi “Carnival”ın Çin bazarında fəaliyyət göstərdiyi “Adora” brendi tərəfindən idarə olunacaq. Layner bu il ilk səyahətinə Şanxaydan yola düşməlidir.
Şanxayda daha bir oxşar layner tikilir. Gəmi 2024-cü ildən istismar ediləcək.
Çində, pandemiyadan sonra ilk dəfə kruiz mövsümü başlayır. Çinə məxsus kruiz gəmiləri iyunda xüsusi proqram çərçivəsində beynəlxalq səfərləri bərpa edəcəklər.