

Türkiyədə yarım əsrlik tarixi olan tərsanə hərrac yolu ilə satışa çıxarılacaq
1971-ci ildə Celal Çiçək tərəfindən əsası qoyulan və Türkiyənin ən köklü gəmiqayırma müəssisələrindən biri hesab edilən “Dəniz Sənaye” ASC (keçmiş “Çiçək Tersanesi”) hərrac yolu ilə satışa çıxarılır.
"Seanews.az" xəbər verir ki, müəssisənin açıq hərracı 12 iyul 2025-ci il tarixində İstanbul Anadolu 9 saylı İcra İdarəsi tərəfindən həyata keçiriləcək.
Tuzla bölgəsində yerləşən və təqribən 40.000 kvadratmetr əraziyə sahib olan gəmiqayırma sahəsi üçün müəyyən edilmiş ümumi ilkin qiymət (əlavə dəyər vergisi – ƏDV daxil olmaqla) 1 milyard 680 milyon lirə təşkil edir.
Qiymətləndirmə ekspertlər tərəfindən aparılıb və dəyərləndirməyə quru dok, körpülər, kranlar, sliplər (gəmiqayırma üçün sürüşmə platformaları), texnoloji avadanlıqlar, inzibati binalar və ərazi üzərində olan üst istifadə hüquqları daxil olunub. Baxış zamanı müəyyən olunub ki, ərazidə 32.700 m² açıq və 9.285 m² qapalı sahə mövcuddur. Ekspert rəyində müəssisənin tam təchizatlı istehsalat və texniki təmir-bərpa fəaliyyətləri üçün əlverişli vəziyyətdə olduğu bildirilib.
Qeyd edək ki, “Dəniz Sənaye” ASC 2012-ci ildən bəri maliyyə çətinlikləri ilə üz-üzədir. Müəssisənin daha əvvəl başlanmış satış prosesi qiymətləndirmə ilə bağlı irəli sürülən etirazlara görə təxirə salınmışdı. Sonuncu dəfə Böyük Britaniyada yerləşən “Newport Shipping” şirkəti 21 fevral 2025-ci il tarixində rəy sənədinə etiraz etmişdi.