Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-19,
Seanews
Heyder Eliyev

Baltikdə boru kəməri və kabellərə zərər vurmaqda şübhəli bilinən kapitan azadlığa buraxılır  

Çin prokurorları 2023-cü ildə Baltik dənizində qaz boru kəmərinə və telekommunikasiya kabellərinə zərər vurmaqda ittiham olunan “NewNew Polar Bear” konteyner gəmisinin kapitanına qarşı cinayət ittihamları üzrə təqibi dayandırıb. Kapitan yalnız yüngül cərimə ödəyəcək.   

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, 43 yaşlı Van Venquo 2024-cü ildən Honkonqda saxlanılırdı. Məhkəmə prosesi zamanı prokurorlar cinayət işi üzrə əsas şahidləri tapa bilmədiklərini bildiriblər.

Çin mülkiyyətində olan 15 592 ton dedveytlik konteyner gəmisi 2023-cü ilin oktyabrında Baltik dənizində hərəkət edərkən Estoniya ilə Finlandiya arasında yerləşən “Balticconnector” qaz boru kəmərinə və telekommunikasiya kabellərinə zərər vurulması ilə əlaqələndirilib. Finlandiya hüquq-mühafizə orqanlarının araşdırması zamanı gəminin lövbərlərindən birinin itdiyi müəyyən edilib. Dəniz dibində 50 mildən çox uzanan sürüklənmə izi aşkarlanıb və lövbər tapılıb.

Kapitan gəminin lazımi lövbərlər olmadan idarə edilməsi və şirkətə gündəlik məlumatların verilməməsi ilə bağlı iki səhlənkarlıq halını qəbul edib. O, təxminən 500 dollar, gəmiçilik şirkəti isə 200 dollar cərimələnib. Kapitana cəriməni 2027-ci il iyunun 30-dək ödəmək üçün vaxt verilib. Lakin qərara əsasən, o, dərhal Çinin materik hissəsinə deportasiya olunmalıdır.

Qeyd edək ki, hadisə nəticəsində sualtı infrastruktura dəyən zərərin 50 milyon dollardan çox olduğu bildirilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır