Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-18,
Seanews
Heyder Eliyev

Filippo Brunelleski: uğursuzluğa boyun əyməyən dahi, ilk patentin sahibi  

Böyük Britaniyanın görkəmli siyasi xadimi Uinston Çörçillə aid edilən bir ifadə var: “Uğur — həvəsdən düşmədən bir uğursuzluqdan digərinə addımlamaq bacarığıdır.” Mənaca buna yaxın digər bir deyim də mövcuddur: “Uğur son deyil, uğursuzluq ölümcül deyil: vacib olan tək şey davam etmək cəsarətidir.” Erkən İntibah (Kvatroçento) dövrünün məşhur “universal insan”ı — Filippo Brunelleski bu deyimlərin sərrastlığını öz fəaliyyəti ilə təsdiqləmiş şəxsiyyətlərdən biri olmuşdur.

Zərgərlikdən ixtiraçılığa gedən yol: İhtibah dövrünün universalı

Filippo 1377-ci ildə Florensiyada tanınmış notarius Brunellesko di Lippo Lapi və əsilzadə nəslindən olan Culiana Spininin ailəsində anadan olmuşdu. Ailədəki üç oğlandan Filippo ortancılı idi. Brunellesko övladlarının təhsil və tərbiyəsinə xüsusi diqqət yetirirdi. Filippo latın dilini mükəmməl bilir, Müqəddəs Kitabı həvəslə öyrənir, dəqiq elmlərdəki bilikləri ilə hətta o dövrün məşhur astronomu, coğrafiyaşünası və riyaziyyatçısı Paolo Toskanellini təəccübləndirirdi. Bu, o Toskanelli idi ki, onun texniki dərnəyinə şəxsən Leonardo da Vinçi gəlirdi, əsərləri isə Xristofor Kolumba güclü təsir göstərmişdi. 

Onun dünyagörüşü florensiyalı humanistlərin təsiri ilə formalaşmışdı. Atasının evi həmişə şairlər, filosoflar, rəssamlar və bu kimi yaradıcı şəxslər üçün açıq idi və təbii ki, onların söhbətləri, yaradıcılıq mübahisələri Filippoya təsirsiz ötüşmürdü. Ailəsi onun dövlət qulluqçusu olacağını gözləyirdi, lakin Filipponun yaradıcılığa olan həvəsi onun digər maraqlarına üstün gəldi: o, atasına zərgərlik peşəsini seçdiyini bildirdi. Öz emalatxanasını açan Filippo tezliklə yaxşı usta kimi şöhrət tapdı və 1398-ci ildə zərgər olaraq İpəkçilər Gildiyasına (zərgərlər də bura daxil olurdular) qəbul olundu. Daha sonra onu heykəltaraşlıq cəlb etdi; ağacdan və tuncdan hazırladığı işləri ona məşhurluq gətirdi. 50 yaşının ərəfəsində isə o, memarlıqla məşğul olmağa başladı. Antik mütəffəkirlərin əsərlərinə və yaşadığı dövrün həndəsi mütənasiblik nəzəriyyələrinə əsaslanaraq, Filippo özünün simmetriya və mütənasiblik qanunlarını hazırladı.

Şəraitin diktəsindən yaranan ixtira və ya patentli kran

Brunelleski memar kimi çalışarkən əmək məhsuldarlığını yüksəltməyə, işləri sürətləndirməyə, konstruksiyaların möhkəmliyini artırmağa yönəlmiş müxtəlif texniki yeniliklərin ixtiraçısına çevrildi. O, tikintidə çalışan işçilərin bütün hərəkətlərini ən xırda detallarına qədər ölçüb-biçir, asma pilləkənlərin quraşdırılmasını, keçidlərin qurulmasını şəxsən özü işləyib hazırlayırdı. Santa-Mariya-del-Fyore kilsəsinin asma pilləkənlərinə hər gün 6 tona yaxın müxtəlif tikinti materialı qaldırmaq lazım gəlirdi. Filippo yüklərin çox böyük hündürlüyə qaldırılmasını xeyli asanlaşdıran və sürətləndirən dişli çarx mexanizmləri icad etmişdi. Qurğu bir dəfəyə təxminən bir tona yaxın materialı qaldırmağa imkan verirdi. Məhz belə konstruktorluq işləri Filippoya adını dünya tarixində həm də ilk patent sahibi kimi yazdırmağa imkan verdi.

1428-ci ilin baharında dahilər məskəni Florensiyada izdiham yaşanırdı. O zaman artıq bütün İtaliyada tanınan memar və heykəltaraş Filippo Brunelleski öz ixtirasını ictimaiyyətə təqdim etməyə hazırlaşırdı. Günəşli hava seyrçiləri xoş ovqata kökləmişdi: hamı belə bir günün yalnız uğurlu olacağına əmin idi.

                                                       FOTO 1. Filippo Brunelleskinin qorelyefi

Piza limanında da sıxlıq vardı. Burada toplaşanlar Arno çayının sularında asta-asta yırğalanan qeyri-adı gəmiyə — xüsusi bucurqadları olan yastıdibli barja tamaşa edirdilər. Barjın görkəmi elə idi ki, hazırcavablar onu dərhal “Bədheybət” (“Il Badalone”) adlandırdılar. Barj göyərtəsinə quraşdırılmış həmin qurğular vasitəsilə Santa-Mariya-del-Fyore kilsəsinin əzəmətli günbəzi üçün nəzərdə tutulmuş yüz tonluq bahalı Karrara mərmərini gəmiyə götürməli idi.                                            

Müasirləri tərəfindən "yeni Arximed" adlandırılan Brunelleski bu ixtiraya görə tarixdə ilk patent almış şəxsdir. Patent riyazi hesablamaları qüsursuz görünən ixtiraçıya Arno çayı ilə yüklərin daşınmasına monopoliya hüququ verirdi. Gəmidə xüsusi bucurqadların qurulması mərmər daşınmasının dəyərini bir ton üçün 7 lira 10 soldidən 4 lira 14 soldiyə qədər — demək olar ki, iki dəfə azaltmalı idi. Uzaq məsafədən gətirilən tikinti materiallarının gəmidən boşaldılması zaman yaranan fasilələrdən yorulan Brunelleski məhz bundan sonra gəmidə asanlıqla quraşdırıla və bütün üfüqi oxu ətrafinda fırlana bilən xüsusi taxta qaldırıcı icad etdi. 

                   

                                FOTO 2. "Il Badalone" gəmisinin modeli 

Lakin həmin tarixi gün “Bədheybət” yükü öz göyərtəsinə uğurla yükləsə də, Piza ilə Empoli arasında — yolun başlamasından cəmi iyirmi beş mil sonra fəlakət baş verdi və təəssüf ki, əsl səbəb sirr olaraq qaldı: dayazlıq, yoxsa təhlükəli axın, ya bəlkə konstruksiyadakı səhv?  Səbəb bəlli olmasa da, fakt faktlığında qaldı: "Bədheybət" bütün yükü ilə birlikdə batdı.

Maliyyə zərbəsi Brunelleski üçün sarsıdıcı oldu: o, bütün sərvətinin üçdə birini itirdi. Kilsənin tikinti komitəsi ("Opera del Duomo") polad kimi amansızlıq nümayiş etdirdi: müqavilənin icrası üçün cəmi səkkiz gün vaxt verildi, bir gün də artıq yox. Brunelleskinin əzəli rəqibi — memar, ədəbiyyatşünas, yazıçı və şair Covanni da Prato bədxahlığını gizlədə bilməyib qərq olmuş gəmini rişxəndlə "su quşu" adlandırdı. "Bədheybət"in qəzaya uğraması Filippo Brunelleskiyə ağır dərs verdi: hətta dahi zəka belə səhv edə bilər. Bəlkə də məhz bu uğursuzluq onu kilsə günbəzi üzərindəki işi üçqat əzmlə davam etdirməyə vadar etdi — həmin o günbəz ki, bu gün də insan dühasının ən böyük nailiyyətlərindən biri kimi tanınır.

Zəkanın sərhədsizliyi: dahi universal və onun əbədi irsi

Brunelleski təkcə fizika qanunlarına deyil, öz sərhədlərinə də meydan oxumağa cürət edən, acı uğursuzluqdan sonra ayaqda qalmağa özündə güc tapan nadir şəxsiyyət olduğunu təsdiqləyə bildi — əbədiyyətə aparan yol hamar olmur. Bir müddət keçdikdən sonra onun gəmidə quraşdırdığı qurğu “Brunelleski kranı” adı altında tanınıb o qədər böyük şöhrət qazandı ki, Şimal-Qərbi Avropanın 160-dan çox şəhərini birləşdirən Hanza Ticarət İttifaqı belə bu ixtiradan istifadə etmək üçün lisenziya aldı.

Onun hər bir ixtirası, işi və ya ədib kimi yaratdığı əsəri müasirlərində təəccüb və heyranlıq doğururdu. Filippo eyni həvəslə pyeslər və şeirlər yazır, küçə tamaşalarına rejissorluq edir, saat mexanizmləri və musiqi alətləri yaradır, optika, gəmiqayırma, irriqasiya işləri ilə məşğul olur, hərbi fortifikasiyalar ucaldır və əsl memar-urbanist kimi ideal proporsiyalara malik şəhər ucaltmağı arzulayırdı. 

              FOTO 3. Mariano di Yakopo. Brunelleski tərəfindən hazırlanmış qaldırıcı qurğunun eskizi

Arno çayının dibində qalıqları, bəlkə indi də yatan "Il Badalone"gəmisi bir fəlakət hekayəsidir. Lakin hər səhər günəşinin şüaları Santa-Mariya-del-Fyore kilsəsinin terrakot rəngli günbəzini qızılı rəngə boyayaraq bizə xatırladır ki, həqiqi əzəmət heç vaxt yıxılmamaqda deyil, hər yıxılmadan sonra yenidən pərvazlanmaq üçün özündə qüvvə tapmaqdadır. Necə ki, bunu unudulmaz Filippo Brunelleski — dünyada 1 №-li patentin sahibi bacardı. Florensiyanın vizit kartına çevrilmiş Santa-Mariya-del-Fyore kilsəsinin möhtəşəm günbəzi sarsılmaz insan ruhunun rəmzinə çevrilərək bu gün də seyrçilərdə heyranlıq yaradır.

                                            FOTO 4. Santa-Mariya-del-Fyore kilsəsinin günbəzi

 

Sevda Abdullayeva — İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır