Gəmiçilik sənayesi IMO-nun qlobal iqlim sazişinin qəbuluna çağırır
Doqquz böyük gəmiçilik təşkilatı hökumətləri istixana qazı emissiyalarının azaldılması üzrə qlobal qaydalar barədə razılığa gəlməyə çağırıb. Təşkilatlar bildirirlər ki, bu sahədə qeyri-müəyyənliyin davam etməsi daha ekoloji təmiz gəmilərə və alternativ yanacaqlara investisiyaları ləngidə bilər.
“Seanews.az” xəbər verir ki, “International Chamber of Shipping” (ICS), BIMCO, INTERTANKO, INTERCARGO və Dünya Gəmiçilik Şurasının (WSC) da daxil olduğu təşkilatların çərşənbə günü yaydığı birgə bəyanatda praktik, icrası təmin edilə bilən və bütün dünyada eyni qaydada tətbiq olunan tələblərin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.
Təşkilatlar Beynəlxalq Dəniz Təşkilatının (IMO) dünya gəmiçiliyində 2050-ci ilədək və ya həmin dövrə yaxın xalis sıfır emissiyaya nail olmaq məqsədini dəstəklədiklərini təsdiqləyib. Bununla yanaşı, alternativ yanacaqların qiyməti və əlçatanlığı, qaydalara əməl olunması üçün çevik mexanizmlər və milli, regional tələblərin üst-üstə düşməməsi nəzərə alınmalıdır.
Çağırış IMO-nun 2025-ci ilin aprelində ilkin layihə formasında təsdiqlədiyi, lakin ABŞ və bir sıra neft hasil edən ölkələrin etirazları səbəbindən həmin ilin oktyabrında qəbulu təxirə salınan “Net-Zero Framework” çərçivəsinin yenidən müzakirəyə çıxarılması ərəfəsində səsləndirilib. Sənəd yanacağın istixana qazı emissiyalarının intensivliyinə dair mərhələli şəkildə sərtləşdirilən tələbləri və müəyyən emissiyalar üçün ödəniş mexanizmini nəzərdə tutur.
Gəmiçilik təşkilatları, həmçinin IMO-nun qlobal qaydaları ilə Avropa İttifaqının emissiyaların ticarəti sistemi və “FuelEU Maritime” tələbləri arasında uyğunluğun təmin edilməsinə çağırır.
Məsələ ilə bağlı IMO-nun işçi qrupunun noyabrın 23–27-də keçiriləcək iclasında, eləcə də noyabrın 30-dan dekabrın 3-dək davam edəcək Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin (MEPC 85) sessiyasında müzakirələrin aparılması gözlənilir. Təxirə salınmış növbədənkənar sessiyanın dekabrın 4-də bərpa olunaraq çərçivə sənədinin qəbulunu nəzərdən keçirməsi də mümkündür.


