ADDA doktoranturaya sənəd qəbulu elan edir
Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu elan edir.
Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər portal.edu.az saytı üzərindən "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun elektron müraciət etməlidirlər.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçiriləcək xarici dil imtahanından keçid balını toplamalıdırlar.
Xarici dil imtahanında keçid balını toplayan şəxslər sentyabrda keçiriləcək “Fəlsəfə” fənnindən imtahanda iştirak edə bilərlər. “Fəlsəfə” fənnindən məqbul alan şəxslər isə ixtisas imtahanına buraxılırlar.
Sənəd qəbulu 19 may saat 11:00-dan 09 iyun saat 18:00-dək olacaq.

